Qurban Qurbanov: Bu, hələ ilk hissədir
“İlk növbədə, futbolçularımı təbrik etmək istəyirəm. Çox yaxşı, düzgün mübarizə apardılar və xeyli güc sərf etdilər”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandda “Tvente”yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis Enshede stadionuna üçüncü dəfədir səfər etdiklərini xatırladıb: “İnanın ki, hər dəfə bu stadiondan, azarkeşlərdən və oyundan daha çox zövq alırıq. Ona görə də rəqib azarkeşlər və futbolçulara təşəkkür edirəm. “Tvente” yaxşı oyun göstərdi və azarkeşlər həzz aldılar. O cümlədən, bura bizim azarkeşlər də gəlmişdilər. Bir dəqiqə durmadılar, sanki hamısı bizim yanımızda idi, bizə dəstək verirdilər. Çox xoş oldu və çox vacib qalibiyyət oldu”.
Lakin Qurbanovun fikrincə, bu, hələ ilk hissədir: “Hələ Bakıda cavab oyunu var. Rəqib daha sürətli oynaya, daha çox qol epizoduna girə bilir. Düşünürəm ki, cavab görüşündə daha diqqətli olmalı, daha intizamlı oynamalıyıq ki, iki oyunun yekununda da qalib gələk. İnanıram ki, Bakıdakı qarşılaşma da buradakı kimi maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”.



No Comment! Be the first one.