Qurban Qurbanov: Standart vəziyyətlərdən 2 qol buraxmaq məsuliyyətsizlikdir
“Gərgin oyun alındı. Sonda 3 xal bizim oldu. Qarşımızda yaxşı müdafiə olunan və çox təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Ümumilikdə azarkeşlərimiz üçün maraqlı və bol qollu oyun oldu. Qələbə qazandığımız üçün sevinir və hər oyunda bizimlə birlikdə, futbolçularımızın yanında olan möhtəşəm azarkeşlərimizə təşəkkürümü bildirirəm. Rəqib həmkarım Cavid Hüseynova isə gələcək oyunlarda uğurlar arzulayıram”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis standart vəziyyətlərdən iki qol buraxmalarına diqqət çəkib: “Müdafiə xəttində boşluqlar üzündən qol buraxdığımızı deməzdim. Bir az diqqətsizlik oldu. Əlbəttə, bu təhlükəlidir. Məncə, buraxdığımız hər iki qol epizodunun bizə, sadəcə, köməyi olacaq. Hansı ki, belə bir oyunda iki standart vəziyyətdən qol buraxmaq, məncə, bəzi futbolçularda bəlkə də məsuliyyətsizlikdir. Amma futbolun bəzəyi qoldur. Bəlkə rəqib də iki qol vurmağı haqq edirdi. Amma oyunun gedişatına nəzər saldıqda deməzdim ki, biz rəqibə hansısa qol imkanı verdik. Sadəcə, ola bilsin, onlar standart vəziyyətlər üzərində daha yaxşı çalışırlar. Qarşıdakı oyunlarda bəzi çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Qurban Qurbanov “Qarabağ”ın qapıçısı Andrey Koxalskinin mümkün gedişi ilə bağlı sualı da cavablandırıb: “Düzü, hazırda rəsmən getməsindən xəbərim yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var ki, bu, həmişə belə söz-söhbətlərə gətirib çıxarırdı və hər bir transfer pəncərəsində bunlar baş verirdi. Son günlərdə də belə bir narahatlıq var idi. Sadəcə, bu gün bazar günüdür və oyuna hazırlaşırdıq. Ona görə də o qədər də məlumatlı deyildim. İndi maraqlanaram”.



No Comment! Be the first one.