Qurban Qurbanov: Yavaş-yavaş səbrim tükənir - YENİLƏNDİ - VİDEO
“İlk növbədə, “Sabah”ı yaxşı oyun və qalibiyyətlə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Növbəti raudda da uğurlar arzulayıram. Çox böyük nailiyyətdir. Buna yalnız sevinməliyik”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Ukraynanın “Dinamo Kiyev” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssisin sözlərinə görə, komandası sabahkı görüşə pis hazırlaşmayıb: “Bir neçə gün vaxtımız oldu və səmərəli istifadə edə bildik. İlk matçdan sonra 0:1 hesabı ilə geridə olsaq da, yaxşı oyunla yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçularımız sonadək oyuna köklənə biləcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib dursa da, yaxşı nəticədən ötrü futbolçularımızın ən yaxşısını edə biləcəklərinə inanıram”.
Daha sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– “Dinamo Kiyev”ə qarşı ilk oyuna pis başlamamışdınız. Sonradan fərdi səhvlər oldu. Bunların səbəbi nədir?
– Səbəblər var. Çox da rotasiya etməmişdik. Hücum xəttində etmişdik. Cəbrayıl Makrekis ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir.
– Komanda 3 oyundur qol vura bilmir. Bu, hər hansı psixoloji basqı yaratmır?
– Yaradır. Desəm ki, yaratmır, düzgün olmaz. İllərdir bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması… Hər şey yoluna düşəcək.
– İlk matçda hücumda Aleksey Kaşuk oynayırdı…
– Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir o qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur. Renaldo Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik.
– 51 künc zərbəsindən yararlana bilməmisiz. Bunu problem kimi qəbul edirsiz?
– Problem varsa, hamısını qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, problemi qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Künc zərbəsindən sonra xeyli qolumuz var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub.
– Cəbrayıl Makrekis “Dinamo Kiyev”lə ilk oyunda qırmızı vərəq ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayırıq ki, vaxtilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya vermişdiniz. Bu, onu göstərirmi ki, ilk matçda artıq gedişatla razılaşmışdız, yoxsa illər sizi daha səbirli edib?
– İnanın ki, illər məni səbirdən çıxarıb (gülür – red.). Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Qaldı ki, Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbibləşmişdim. Adam bəzən sadə epizdolara görə əsəbiləşir (gülür).
– Sizə elə gəlmirmi ki, Abdullah Zubir mərkəzdə oynayanda daha az effektiv olur? Komandada Kadi Borges və Montiel var ki, daha çox effekt verə bilərlər…
– Bilirsiniz, bu sual haqqında oynamayan futbolçular düşünməlidir. Hansı ki, məhz o mövqedə çıxış edirlər. Onlar düşünməlidirlər ki, o mövqenin oyunçusu ola-ola oynamırlar, başqa mövqeyin oyunçusu orada oynayır. Amma Zubirdən həmişə sol vinger kimi effekt görmüşük. Hər bir halda, istənilən komandada, istənilən oyunda 1-2 rotasiya ola bilir.
– Abdullah Zubirin “Qarabağ”dan gedəcəyi ilə bağlı şayiələr yayılıb…
– Hər dəfə deyirəm ki, cavab verməyə ehtiyac yoxdur. Sabahkı oyuna hazırlaşırıq.



No Comment! Be the first one.