Yeniyetmə voleybolçular maarifləndirildi
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş keçirib.
Sportify.az xəbər verir ki, tədbirin əsas məqsədi gənc voleybolçuları narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına və idman karyerasına mənfi təsirləri barədə məlumatlandırmaq olub.
Görüşdə narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, dopinqin yaratdığı təhlükələr, eləcə də qadağan olunmuş maddə və üsullarla mübarizə tədbirləri barədə məlumat verilib.
Həmçinin narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa təsiri, profilaktik tədbirlərin əhəmiyyəti və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar diqqətə çatdırılıb.
Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, asudə vaxtlarının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmasının vacibliyi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.




No Comment! Be the first one.