Rəhim Həsənov: Xaricə getmək imkanların olmasına baxmayaraq, büdcəyə qənaət edirik
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yerli mətbuat nümayəndələri ilə görüşərək futbol ictimaiyyətini maraqlandıran bir çox vacib məqamlara aydınlıq gətirib.
Sportify.az saytı xəbər verir ki, hakimlərin fəaliyyətindən, mövsümöncəsi toplanışdan, VAR sistemindəki vaxt itkilərindən və FIFA dərəcəli referilərimizdən danışan komitə sədri jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırıb.
Rəhim Həsənov ilk olaraq hakimlərin oyunlardakı səhvləri və klubların bundan zərər görməsi məsələsinə toxunub. O bildirib ki, futbol yaranan gündən və hakim meydana ayaq basandan səhvlər olub və bundan sonra da olacaq. Futbolçu və məşqçi kimi hakimlər də insan olduqları üçün səhv edə bilərlər. Komitənin əsas məqsədi hakimləri kütləvi cəzalandırmaq yox, analizlər apararaq bu nöqsanları aradan qaldırmaqdır. Bununla belə, ardıcıl səhvlərə yol verən hakimlər müəyyən müddətə istirahətə göndərilirlər. Sədr vurğulayıb ki, komitə hakimi mühakimə etmir, sadəcə qərarı tənqid edir və yanlış qərarlara “yanlış”, doğruya isə “doğru” deyir. Bəzən çıxarılan qərarların və ya analizlərin mövsüm boyu manipulyasiya edildiyini deyən Həsənov, onların sadəcə FIFA qaydalarına və təlimatlarına uyğun izahat verdiklərini diqqətə çatdırıb.
Mövsümöncəsi hazırlıq prosesinin xaricdə və ya Qəbələdə deyil, Mərdəkandakı “Dalğa” təlim-məşq toplanışında keçirilməsinə gəlincə, komitə rəhbəri bunun sırf onun şəxsi təklifi olduğunu bildirib. O qeyd edib ki, bu toplanışın əsas məqsədi hakimlərə yeni qaydaları, təlimatları və VAR protokolundakı dəyişiklikləri çatdırmaq idi. Praktiki işlər nəzərdə tutulmadığı üçün Avropaya gedib böyük məsafə qət etməyə ehtiyac duyulmayıb. Xaricə getmək imkanlarının və təkliflərinin olmasına baxmayaraq, ayrılan büdcəyə qənaət edərək onu daha məqsədəuyğun sahələrə yönəltmək üstün tutulub. Həsənov “Dalğa” bazasında təbii meydançaların və lazım olan bütün şəraitin olduğunu vurğulayıb. Eyni zamanda hazırlıq prosesində hakimlərin yoxlama oyunlarını idarə etdikləri, hətta Qəbələdəki matçlara Bakıdan referilərin ezam olunduğu və oyundan öncə klublara qayda dəyişikliklərinin izah edildiyi bildirilib.
Sual-cavab sessiyasında yeni hakimlərin azlığı məsələsinə də toxunulub. Rəhim Həsənov bildirib ki, keçən ayın sonlarında komitə iclasında siyahılara aydınlıq gətirilib və yeni ad kimi yalnız Vüqar Həsənovun adı var. Yeni hakimlərin olmamasının əsas səbəbi isə müəyyən bir dövrdə hakimliyə cəlb olunma prosedurunun dondurulması və bu səbəbdən 2-3 ilin itirilməsidir. Lakin hazırda bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, hakim olmaq istəyən 70-ə yakın müraciətçidən müsahibə götürülüb və 40-a yaxın namizədlə artıq dərslərə, fiziki və praktiki məşqlərə başlanılıb. Həmçinin avqustun 13-dən 15-nədək “Dalğa”da I kateqoriya və digər hakimlər üçün praktiki toplanışın keçiriləcəyi bildirilib.
Komitə rəhbəri ölkəmizin dördüncü FIFA hakimini alması məsələsindən də danışıb. O qeyd edib ki, Azərbaycan kimi kiçik bir ölkə üçün 4 FIFA hakimindən 2-sinin I kateqoriyada olması böyük nailiyyətdir. Dördüncü FIFA yerinin alınması Frank De Blekerenin vaxtında baş versə də, bu addım əslində 5-6 il öncə atılmalı idi. Mövcud rəhbərliyin komitə qarşısına tələb qoymasından sonra bu məsələ həllini tapıb və digər qonşu ölkələrdə olduğu kimi bizdə də FIFA hakimlərinin sayı 4-ə çatdırılıb.
Jurnalistlərin VAR sistemindəki vaxt itkiləri və təkrar baxışların uzun çəkməsi ilə bağlı narazılığına cavab verən Həsənov bildirib ki, qaydalarda VAR üçün hər hansı vaxt məhdudiyyəti yoxdur və əsas olan doğru qərarın verilməsidir. Vaxt itkilərinin, xüsusən ofsayd epizodlarında yaşandığını deyən sədr, qurumun əsas hədəfinin yarımavtomat ofsayd texnologiyasını əldə etmək olduğunu vurğulayıb. Bəzi stadionlarda (Tovuz, Şamaxı, Qəbələ və s.) kameraların yerləşdirilməsi ilə bağlı texniki problemlərin olduğunu bildirən Həsənov, vaxt itkisinin hakimlərdən deyil, məhz bu texniki səbəblərdən qaynaqlandığını və bunun üzərində işlənildiyini deyib.
Yan xətt hakimlərinin aşkar ofsaydlarda oyunu dərhal saxlamaması və bayrağı gec qaldırmasına da aydınlıq gətirilib. Rəhim Həsənov bunun sırf təlimata uyğun olduğunu bildirib: köməkçi hakim şübhələnirsə, hücumun bitməsini gözləməlidir. TV-dən baxarkən epizodlar asan görünə bilər, lakin meydançadakı hakimin durduğu rakurs və oyunun dinamikası tam fərqlidir. Əgər ofsayd 5-10 metr kimi çox aşkardırsa, hakim oyunu dərhal saxlayır. Sədr həmçinin xatırladıb ki, Premyer Liqanın bütün 6 oyunu komitə tərəfindən diqqətlə izlənilir.
Sonda cavan hakimlərin meydandakı gərginliyi, məşqçilərlə sərt rəftarı və təbəssüm etməmələri ilə bağlı iradlara toxunan Rəhim Həsənov, bunun peşənin və yolun başlanğıcı ilə bağlı olduğunu bildirərək söhbəti yekunlaşdırıb.



No Comment! Be the first one.