Ramiz Məmmədov: "Məqsədimiz çempionluqdur"
“Məqsədimiz çempionluqdur”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunda “Zəngəzur”u 1:4 hesabı ilə məğlub edən “Karvan-Yevlax” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Premyer Liqaya yüksəlmək üçün potensialımız var”Məqsədimiz çempionluqdur
Mütəxəssisin geniş müsahibəsini təqdim edirik:
– Oyun barədə fikirlərinizi bölüşərdiniz…
– Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirdilər. İlk hissədə, demək olar ki, 100 faizlik qol imkanlarımız oldu. Hesab daha fərqli ola bilərdi, 4-5 qol vura bilərdik. Sadəcə, bəzi epizodlarda son nöqtəni qoymaq alınmadı. İkinci hissədə isə uşaqlar lazım olan oyunu və səbri göstərdilər. Onlara təşəkkür edirəm.
– Rəqibin qolunu bir qədər bəxtsiz epizod, hətta uşaq səhvi kimi qiymətləndirmək olarmı?
– Bəli, həmin epizodda müəyyən anlaşılmazlıq oldu. Zərbəyə çıxan futbolçumuz bir qədər gecikdi. Belə hallar futbolda olur. Futbolçular səhvlər üzərində öyrənirlər. Sağlıq olsun, hələ yeni yığışmışıq. Bir çox futbolçumuz ingiliscə bilmir. Elə məqam olur ki, sözü ingiliscə deməlisən. Vaxtında ingilis dili öyrənmədiyimizdən, bu amil köməyimizə yetişmir. Lakin futbolçular yenə öz oyunlarını sərgiləyirlər.
– Premyer Liqada oynayacağınız təqdirdə, tərcüməçi məsələsini necə həll edəcəksiniz?
– (gülür – red.) Tərcüməçimiz var. Bu baxımdan problemimiz yoxdur.
– Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə” ilə qarşılaşacaqsınız. Premyer Liqa təmsilçisinə qarşı hansı hədəflə meydana çıxacaqsınız?
– Məqsədimiz bacardığımız qədər irəli getməkdir. Sonadək mübarizə aparacağıq. Bunun üçün həm potensialımız, həm də futbolçularımız var. Hara qədər bacarsaq, oynayacağıq.
– “Zirə” kimi Premyer Liqa komandasını mübarizədən kənarlaşdırmaq potensialını heyətinizdə görürsünüz?
– “Zirə” köklü komandadır, uzun illərdir yüksək səviyyədə çıxış edir. “Səbail”lə oyunlarına da baxmışıq. Güclü rəqibdirlər. Ancaq futbolda əsas məsələ özünə inanmaqdır. Aşağı liqa komandalarının da güclü rəqiblərlə mübarizə aparmaq və sürpriz nəticələr əldə etmək potensialı var. “Marafon” da Zaqatala”nı mübarizədən kənarlaşdırdı. Birinci Liqada da rəqabət kifayət qədər güclüdür. Komandamız yenicə formalaşıb, futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyacımız var. Legionerlərimizin dil baryeri ilə bağlı müəyyən çətinlikləri olsa da, bunun üzərində işləyirik. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacağıq.
– Bəs komandanın qarşısına bu mövsüm Premyer Liqaya yüksəlmək hədəfi qoyulubmu?
– Birmənalı şəkildə! Qarşımıza qoyulan əsas məqsəd çempion olmaqdır. Bizim üçün prioritet birinci yeri tutmaqdır.
– Birinci Liqadakı rəqabəti necə qiymətləndirirsiniz?
– Əvvəlki müsahibələrimdə də demişəm ki, Birinci Liqada rəqabət ildən-ilə güclənir. Yüksək liqada oynamış, təcrübəli və hazırlıqlı futbolçuların bir çoxu hazırda Birinci Liqada çıxış edir. Məsələn, Mehdi Cənnətov kimi milli komanda səviyyəsində təcrübəsi olan qapıçının “Səbail”də oynaması rəqabətin səviyyəsini göstərir. Hər komandanın öz hədəfi var. Futbolçular da komandalarını Premyer Liqaya yüksəltmək üçün əllərindən gələni edirlər. Buna görə bütün komandalar güclənib. On komandanın hamısı mübarizə aparır. İnanıram ki, qarşıdakı mərhələlərdə çoxlu sürpriz nəticələrin şahidi olacağıq.
– “Mingəçevir”in vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Mingəçevir futbol şəhəridir. Mən həmişə istəmişəm ki, “Mingəçevir” yüksək liqada oynasın. Şəhərin futbol ənənələri, stadionu və azarkeşləri buna layiqdir. Azarkeş dəstəyi də çox önəmlidir. Sizin də qeyd etdiyiniz kimi, oyunlara kifayət qədər insan gəlir. Keçən mövsüm Birinci Liqa oyunlarına gələn azarkeşlərin 50 faizini “Mingəçevir” azarkeşləri təşkil edirdi. Belə futbolsevər şəhərin Premyer Liqada təmsil olunması çox gözəl olardı. İnanıram ki, “Mingəçevir” gələcəkdə, özü də yaxın zamanda yüksək liqada çıxış edəcək. Bütün komandalarımıza uğurlar arzulayıram.


No Comment! Be the first one.