Yığmamız Asiya Kubokunun qalibi oldu
Azərbaycanın qadınlardan ibarət kamandan oxatma yığması Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, oktyabrın 24-dən 29-dək İraqın Süleymaniyə şəhərində keçirilən yarışda 19 ölkədən 120 idmançı iştirak edib.
Komanda yarışlarında Azərbaycanı təmsil edən Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova finalda Qazaxıstan yığması ilə üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada təmsilçilərimiz 5:4 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan idmançıları qarışıq komanda yarışında da medal əldə ediblər. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran təmsilçiləri ilə qarşılaşıb və turniri gümüş medalla başa vurublar.
Beləliklə, Azərbaycan yığması Asiya Kubokunun ikinci mərhələsində indiyədək bir qızıl və bir gümüş medal qazanıb.
Qeyd edək ki, Ümumdünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqvimində yer alan turnir dünya reytinq xalları qazandıran yarış statusu daşıyır. Bu baxımdan, əldə olunan nəticələr idmançılarımızın beynəlxalq reytinqdə mövqelərinin yaxşılaşdırılması və qarşıdakı mühüm yarışlara, o cümlədən Olimpiya Oyunlarının təsnifat mərhələlərinə hazırlığı baxımından əhəmiyyətlidir.






















No Comment! Be the first one.