“Real Madrid”in yetirməsi karyerasını bitirdi
İspaniyalı qapıçı Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportify.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Uşaqlıqda arzuladığım hər şeyi yaşamaq mənə nəsib oldu. Qələbələr qazandım, məğlubiyyətlər yaşadım, ağladım və sevindim. Amma ən əsası, öyrəndim. Mənə bu fürsəti verən hər kəsə təşəkkür edirəm”, – deyə Adan yazıb.
Qeyd edək ki, Antonio Adan “Real Madrid”in yetirməsidir. 2012-ci ilin dekabrında Joze Mourinyo ilə İker Kasilyas arasında yaranan gərginlikdən sonra Madrid klubunun əsas qapıçısına çevrilib. O, La Liqada “Malaqa” (2:3) və “Real Sosyedad” (4:3) ilə ardıcıl iki oyunda start heyətində meydana çıxıb. Daha sonra qapıdakı yerini Dieqo Lopesə verib.
Adan karyerası ərzində “Kalyari”, “Betis”, “Atletiko”, “Sportinq” və İranın “İstiqlal” klublarında da çıxış edib.



No Comment! Be the first one.