Rui Jorje: Keyfiyyətli oyun göstərmək istəyirik
Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje Qəbələdə keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
Sportify.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın hazırlıq prosesi və futbolçuların hazırkı durumu barədə danışıb.
“Qəbələdə yüksək səviyyədə təlim-məşq toplanışı keçirik. Futbolçular məşqlərdə həvəslə iştirak edirlər. Onlar həm bir-birlərini, həm də məşqçiləri daha yaxşı başa düşürlər. Oyun üslubu baxımından onlardan nə tələb etdiyimizi bilirlər. Futbolçuların buna reaksiyası məni razı salır.
Hələ yolun başlanğıcındayıq. İştirak edəcəyimiz dünya çempionatı səviyyəsində komanda formalaşdırmaq üçün daha da inkişaf etməliyik. Futbolçularımız keyfiyyətli və istəkli oyun nümayiş etdirməyə çalışırlar”, – deyə baş məşqçi bildirib.
Rui Jorje oktyabrın 3-də Moldova U-20 millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə də toxunub:
“Moldova intensiv oyun nümayiş etdirən komandadır. Futbolçuları fiziki cəhətdən çox güclüdürlər və rəqibə yüksək səviyyədə pressinq tətbiq edirlər. Bu qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Keyfiyyətli oyun göstərmək istəyirik. Pressinqə üstünlük verən rəqibə qarşı oynamaq çətin olacaq, amma biz buna hazırıq”.
Qeyd edək ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Moldova matçı saat 18:00-da başlayacaq. Qarşılaşma “CBC Sport”un “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.



No Comment! Be the first one.