Rəşad Sadıqov: Hakimlər üzərində böyük təzyiq olduğunu son turlarda hiss edirəm
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VI turunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, baş məşqçi əvvəlcə futbolçularının mübarizəsindən razılığını ifadə edib:
“Futbolçularıma göstərdikləri əzmkar futbola görə təşəkkür etmək istəyirəm. Tovuzda hər zaman oynamaq çətindir. Bu gün burada oynamaq xüsusilə çətin idi. Futbolçularıma təşəkkür edirəm ki, sona qədər əllərindən gələn mübarizəni apardılar. Artıq mən bu gün komandamı məğlub görmürəm. Bir daha futbolçularıma ürəkdən təşəkkürümü bildirirəm”.
Rəşad Sadıqov oyunun sonunda baş verənlərə də münasibət bildirib. O, hakimə yaxınlaşaraq etirazını bildirdiyini söyləyib:
“Mən hakimə yaxınlaşdım və bir kəlmə fikrimi bildirdim. Bizimlə səhv mövqe tuturlar ki, qırmızı vərəqə verəcəyəm. Mən də cavab verdim ki, etdiyin hakimliyə görə o cərimə zərbəsi deyildi, vaxt da bitmişdi, oyunu qurtarmalıydın”.
Baş məşqçi hakimliklə bağlı iradlarını da diqqətə çatdırıb:
“Amin Seydiyevin epizoduna görə demirəm. Ümumən oyunun hakimliyindən söhbət gedir. Bizim bir çox epizodlarımızda rəqibə qarşı mübarizələrdə, sərtliklərdə, qayda pozuntularında oyun buraxılırdı. Bir 10-15 belə epizod oldu. Sən oyunu idarə edirsən. Oyunu idarə edərək hamıya hiss etdirirsən ki, həmin gün oyunu necə idarə edəcəksən və hakimlik üslubun nədir”.
Sadıqov əlavə vaxtın sonunda oyunun uzadılması ilə bağlı da fikirlərini bildirib: “Əlavə vaxt da artıq qurtarmışdı. Aut atanda oyun bitmişdi, amma bir hücum da verdi. Əminəm ki, həmin autu biz atsaydıq, oyun orada bitəcəkdi”.
“Zirə”nin baş məşqçisi son vaxtlar legioner məşqçilərin hakimlərə təzyiq göstərdiyini düşündüyünü deyib: “Son zamanlar dəb alıb ki, legioner məşqçilər hakimlər üzərində böyük təzyiq yaradırlar. Təəssüflər olsun ki, bizim hakimlər həmin təzyiqin altına düşürlər. Tək söhbət bugünkü oyundan getmir. Artıq bir neçə turdur ki, təcrübəli məşqçilər, nə qədər bəzən mətbuat konfranslarında yumşaq və xoş danışsalar da, hamısı bilirlər nə zaman nəyi necə edirlər. Mövsüm başlayandan, ilk turlardan artıq hakimlər üzərində böyük təzyiq yaradıblar”.
O, bu halı digər oyunlarda da hiss etdiyini vurğulayıb: “Oyunların adını çəkmək istəmirəm. Başqa oyunlarda da həmin təzyiqi hiss edirik. Ümid edirəm ki, hakimlərimiz bu təzyiqin altına düşməyəcək. Amma artıq son turlarda bunu hiss edirəm. Keçən turdan başlayaraq, dünənki oyunlarda, bəzi qarşılaşmalarda hakimlər üzərində böyük təzyiq var”.
Rəşad Sadıqov “Turan Tovuz” azarkeşlərinin ona qarşı münasibətinin səbəbləri barədə də danışıb. O, bunun bütün azarkeşlərə aid edilməməli olduğunu bildirib:
“Ümumi azarkeşlərə bağlamayaq, bu, ümumi bir qrupdur. Bu proses “Azersun Arena”da “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olduğumuz oyundan sonra başladı. Bu günlərdə oteldə bir çox azarkeşlə görüşmüşük, şəkil çəkdirmişik. Oyundan əvvəl isinmələr zamanı çoxsaylı azarkeşlərlə görüşmüşük, danışmışıq, şəkil çəkdirmişik. Kimsə ilə oyundan sonra forma barədə sözləşmişik. Ona görə bunu ümumi azarkeşlərə aid etməyək”.
Baş məşqçi bu münasibətin arxasında klub rəhbərliyindən gələn hansısa təsirin olduğunu düşündüyünü deyib: “Bu aqressiyanın kimdən gəldiyini bilmirəm, amma rəhbərlikdən gəldiyini düşünürəm. Hansı mövqedə olan rəhbərdir, hansı idarəetmədir, bilmirəm. “Zirə”yə qarşı və məhz o oyunda birdən-birə belə bir münasibətin yaranmasının səbəbini anlamıram. Mən 20-25 ildir futboldayam. “Turan Tovuz”a bir dəfə də olsun gəlməyim, yaxud “Zirə”nin bir dəfə də olsun Tovuza gəlməsi yeni baş verən hadisə deyil. Bu yeni yaranan bir şeydir”.
Sadıqov bildirib ki, münasibətlərin səbəbi ilə bağlı aydın cavab almağa çalışıb: “Kimin nə səbəbi var, bilmirəm. Bir neçə nəfərlə danışmaq imkanımız olub. “Yox, mən deyiləm”, “belə deyil” deyirlər. Amma istədiyimiz cavabı ala bilmirik ki, bunun səbəbi nədir. Bizim azarkeş qrupumuz hansısa idarəçiyə, məşqçiyə, futbolçuya xüsusi şüar səsləndirib? Xeyr”.
Baş məşqçi azarkeş qrupları ilə münasibətlərdə qarşılıqlı hörmətin qorunmasının vacibliyini vurğulayıb:
“Mənim öz azarkeşlərimizlə münasibətim varsa, xahiş edəcəyəm ki, “Turan”ın baş məşqçisinə bir söz deməyin, “Şəfa”nın baş məşqçisinə bir söz deməyin, “Kəpəz”in baş məşqçisinə bir söz deməyin. Çalışaram bunun qarşısını alım. Oyun zamanı, oyundan sonra… Amma bu, süni, davamlı şəkildə edilirsə, deməli, burada nəsə var. Səbəbinin nə olduğunu bilmirəm”.
Sadıqov “Turan Tovuz”la bağlı xüsusi münasibətinin olduğunu qeyd edib: “25 ildir mən bura gəlirəm. Mən buranın çörəyini yemişəm. Bura mənim doğmamdır. Xeyir işdə buradayam, şər işdə buradayam. Sabah, bilmirəm, futbol karyeramız boyu prinsipial rəqiblərlə onların meydanına gedərik, stadiona gedərik, azarkeşlər oradan mənə nəsə deyər, ola bilər. Bu mümkündür. Amma “Turan Tovuz”la bu mümkün deyil. Burada nəsə olubsa, onu aydınlaşdırarıq. Bəlkə kimsə səhv edib, bəlkə həqiqətən nəsə olub, bilməmişik. Yoxdur axı. Mən onu araşdırmışam və xahiş edirəm bildirsinlər, səbəb nədir. Mən səbəbi bilmirəm”.
Baş məşqçi daha sonra “Azersun Arena”dakı qarşılaşmada penalti epizodu ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: “Vallah, billah, mən orada demişəm. İxtiyar bəy də orada düzgün qeyd edib. Biz hətta oyundan əvvəl də görüşdük. VAR-a baxmağa getdilər. Mən də televizora yaxın idim. Dedim ki, ondan əvvəlki epizoda foul verəcək, orada foul var idi, mən elə gördüm. Elə də qərar oldu”.
O, azarkeşlərin həmin epizodda özünü görə bilməsinin mümkün olmadığını söyləyib: “Azarkeşlər məni oradan görə bilməz. Hamı səbirsizliklə qərarın nə olacağını gözləyirdi. Sanki elə görünür ki, kimsə orada yanlış məlumat verib ki, Rəşad penaltiyə sevinirdi”.
44 yaşlı mütəxəssis rəqibin xal itirməsini istəməyin peşəkar futbolda normal rəqabət olduğunu, lakin penalti qərarına sevinməsinin onun xarakterinə uyğun olmadığını bildirib: “Turan Tovuz”un xal itirməsini istəyirəm, rəqibdir. Sabah mənim “Turan Tovuz”da dostlarım var, onlar da istəyirlər mən xal itirim. Həmçinin digər klublarda bizim dostlarımız, yaxınlarımız var. Bu, rəqabətdir. Amma mən Tovuzun uğursuzluğuna, onların qapısına verilən penaltiyə sevinim – bu, mənim etikamda yoxdur, mənim tərbiyəmdə yoxdur. Mən elə bir insan deyiləm”.


No Comment! Be the first one.