"Sabah"ın Simiçi: MMA döyüşçüsü, yoxsa Rauf Cabarovun sevimlisi?! - VİDEO
“Sabah”ın futbolçusu Velko Simiç Çempionlar Liqasının təsnifat mərhələsində bir neçə uğurlu oyun keçirib deyə, elə bil, başı fırlanıb. Serbiyalı legioner “şişib”. Özünü ulduz hesab edir. “Neftçi” ilə oyunda isə futbolçu olduğunu unudub, MMA döyüşçüsünə çevrilib!
Simiç əvvəlcə “Neftçi”nin legioneri Viçko Şevelin ayağına badalaq vurub yerə yıxır, buna etiraz edən Falaye Sakonun üstünə çəmkirir, hadisə yerinə yaxınlaşan Emil Səfərovu bir zərbə ilə yerə yıxır, bununla da kifayətlənmir, yerdə qalan Emilə təpik də atmaq istəyir! “Neftçi”nin digər oyunçuları ilə də az qala təkbaşına davaya çıxır.
Simiç, bu nə özbaşınalıqdır?! Futbol oynayırsan, yoxsa rəqiblərinlə küçə davasına çıxmısan?
Avropada bir neçə yaxşı oyun keçirmisən deyə, özünü toxunulmaz hesab edirsən?
Çempionlar Liqasının təsnifatında göstərdiyin performans sənə rəqibi vurmaq, yıxmaq, üstəlik təpik atmağa çalışmaq hüququ vermir! Ulduzluq budursa, heç bizə lazım da deyil!
Necə olur ki, oxşar epizodda (video şərh bölümündə) “Sumqayıt”ın kapitanı, tərtəmiz azərbaycanlı balası Səbuhi Abdullazadə “Neftçi” ilə oyunda oxşar epizodda qırmızı vərəqə alır, amma “Sabah”ın legioneri Velko Simiç nəinki bu hərəkəti, hələ üstəlik, bonus olaraq, badalaq fəndini də işlətdiyi halda, sarı vərəqə ilə kifayətlənir?
Bəlkə burada “Neftçi”nin rəqibi “Sumqayt” yox, “Sabah”, üstəlik, baş hakim də “Sabah”ın sevimlisi Rauf Cabarov olduğu üçün qorxudan qırmızı sifətini göstərə bilmir?
Bəs “Sabah”ın ştatlı hakimi Rauf Cabarov nə edir?
Bəli, “Sabah”ın ştatlı referisi statusunu çoxdan özünə doğmalaşdırmış baş hakim Rauf Cabarov yenə öz ampluasındadır. Emil Səfərovu yerə yıxmasından, ardınca təpik vurmağa cəhd etməsindən, “Neftçi”nin digər futbolçuları ilə yumruq davasına çıxmağa cəhd etməsindən sonra Simiçə quru bir sarı vərəqə göstərməklə kifayətlənir!

Cənab Cabarov, bu nə hakimlikdir?! Belə epizodda qırmızı vərəqə göstərilməli deyildimi? Simiçin hərəkətini hansı meyarla qiymətləndirdiniz? Yoxsa “Sabah”ın futbolçusuna hər şey olar?!
Rauf Cabarov, sizi “Sabah”ın oyununa məhz buna görəmi təyin etmişdilər? Rəqib futbolçuya qarşı belə hərəkətə göz yummaq üçünmü? Başqa komandanın futbolçusu Emili yerə yıxıb ardınca təpik vurmağa çalışsaydı, yenə sarı vərəqə ilə kifayətlənəcəkdiniz?
Ey “Sabah”, Simiç futbolçunuzdur, yoxsa MMA döyüşçünüz?
Çempionlar Liqasının təsnifatında yaxşı oynamaq başqa, meydanda özünü apara bilmək isə tam başqadır. Simiç futbolçu kimi qazandığı hörməti öz davranışı ilə heçə endirir. “Sabah” rəhbərliyi də bu mənzərəyə baxıb susmamalıdır.
“Neftçi”nin futbolçularına qarşı kobudluq, rəqibi yerə yıxandan sonra təpik vurmağa cəhd, hakimdən isə sarı vərəqə! Simiç, daha nə etməlisən ki, qırmızı vərəqə görəsən?!
Futbolçusansa, futbolunu oyna! MMA döyüşçüsü olmaq istəyirsənsə, get qəfəsə çıx! “Sabah”ın forması sənə toxunulmazlıq vermir. Rauf Cabarovun fitinin səsi də hamıya eyni cür çatmalıdır.
Yoxsa Azərbaycan futbolunda yeni qayda yaranıb: “Sabah”ın futbolçusu rəqibini yıxıb təpik də vurmağa çalışa bilər, hakim isə sarı vərəqə göstərib yoluna davam edər?!
Belə futbol ədalətinə kim inanacaq?



No Comment! Be the first one.