“Sabah”ın yaratdığı böyük sarsıntı: “Hapoel Beer Şeva” futbolçuları ağladı
“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı mübarizədən kənarlaşdırması İsrail “cəbhə”sində böyük məyusluq yaradıb.
Sportify.az “Ynet” nəşrinə istinadən xəbər verir ki, Bakıdakı 2:5 hesablı məğlubiyyətdən sonra rəqib komandanın futbolçuları göz yaşlarını saxlaya bilməyiblər.
İsrail çempionu Bakıda oyunun böyük hissəsində mərhələni keçməyə çox yaxın olub. “Beer-Şeva” əvvəlcə İqor Zlatanoviçin qolu ilə hesabı açıb. Lakin hücumçu ilk hissədə zədələnərək meydanı tərk edib. Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib və fasiləyə qədər “Beer Şeva” daha bir itki ilə üzləşib. Komandanın kapitanı Migel Vitor da zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Vitor ikinci hissədə meydana qayıtmaq istəsə də, komandanın həkimi buna icazə verməyib. Həkim Amit Kosto futbolçunun sağlamlığı üçün risk gördüyündən, onun yenidən oyuna çıxmasının qarşısını alıb.
Buna baxmayaraq, “Hapoel Beer Şeva” ikinci hissədə yenidən önə keçməyi bacarıb. Qonaqlar ümumi hesabda 4:3 hesabı ilə irəlidə olduqlarından, mərhələni keçməyə çox yaxın olublar. Lakin əsas vaxtın başa çatmasına cəmi 16 saniyə qalmış “Sabah” oyunu hesabını 3:2, ümumi hesabı 4:4 edib və oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtda isə İsrail çempionunun müqaviməti qırılıb. “Sabah” daha iki qol vuraraq matçın hesabını 5:2, yekun hesabı 6:4 edib və Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib.

Final fitindən sonra rəqib futbolçuların böyük hissəsi göz yaşlarına hakim ola bilməyib. Onlar Bakıya gələn təxminən 650 azarkeşin qarşısına çıxaraq dəstəyə görə təşəkkür ediblər. Daha sonra futbolçular paltardəyişmə otağına yollanıblar.
Diop əsas tənqid hədəfinə çevrildi
Məğlubiyyətdən sonra beer şevalı azarkeşlərin əsas tənqid hədəflərindən biri Cibril Diop olub. Seneqallı müdafiəçinin son aylarda da azarkeşlər tərəfindən ciddi tənqid edildiyi bildirilir.
Diop “Sabah”la görüşdə də uğursuz çıxış edib. O, əsəbi şəkildə topa zərbə vurduğuna görə sarı vərəqə alıb. Həmin vərəqə sonradan onun ikinci “sarı” ilə meydandan qovulmasına səbəb olub.
Oyundan sonra bəzi azarkeşlər Diopun komandadan göndərilməsi tələbi ilə petisiya da hazırlayıblar.
Bununla belə, baş məşqçi Ran Kozux intizamsızlığa yol verən futbolçusunu müdafiə edib. O, Diopun komandaya hələ də fayda verəcəyinə inandığını bildirib: “Mən burada azarkeşlərin istəmədiyi bir məşqçini də tanıyıram – o da mənəm”.
İki futbolçunun qırmızı vərəqəsi də müzakirə mövzusudur
“Beer-Şeva” düşərgəsində hakim qərarlarından da narazılıq ifadə olunub. Klub daxilində xüsusilə Cibril Diop və Eliel Peretsin ikinci sarı vərəqə ilə meydandan qovulması müzakirə edilib.
Bildirilib ki, hər iki futbolçu futbol epizodu ilə bağlı olmayan hərəkətlərə görə cəzalandırılıb. Diopun ikinci sarı vərəqəsi ilə bağlı “VAR niyə müdaxilə etmədi?” sualı da səsləndirilib.
Klub nümayəndələri yeni qaydalara əsasən ikinci sarı vərəqəyə gətirib çıxaran epizodlarda VAR-ın müəyyən hallarda müdaxilə edə bildiyini iddia ediblər.
Peretsin epizodu da “Hapoel Beer Şeva” tərəfinin narazılığına səbəb olub. Bildirilir ki, həmin dəqiqələrdə komandanın kapitanı olan Perets hakimdən qayda pozuntusunun yoxlanılmasını istəyib və dərhal ikinci sarı vərəqə ilə cəzalandırılıb.
“Qalib gəlsəydik, bu, oğurluq olardı”
Bununla belə, rəqib düşərgəsindən oyunun nəticəsi ilə bağlı daha sərt etiraf da səslənib.
Komanda daxilindəki bir mənbə “Sabah”la matçın yaxşı keçirilmədiyini bildirib və İsrail klubunun qalib gələcəyi halda, bunun ədalətli nəticə olmayacağını deyib: “Bu, bizim yaxşı oyunumuz deyildi. Qalib gəlsəydik, bu, bizim üçün bir növ oğurluq olardı”.

Həmin şəxs “Sabah”ın daha aşağı büdcəyə malik olmasına baxmayaraq, legioner limiti baxımından üstünlüyə sahib olduğunu da qeyd edib. Onun sözlərinə görə, Azərbaycan klubunun heyətində 21 əcnəbi futbolçu var.
Kozux yenə də Çempionlar Liqasına çıxacaqlarına inanır
Ağır məğlubiyyətə baxmayaraq, Ran Kozux psixoloji baxımdan sınmadıqlarını nümayiş etdirib. İsrailli mütəxəssis gələcəkdə “Hapoel Beer Şeva” ilə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyinə inandığını bildirib.
Kozux bu fikrini əvvəlki karyerasından nümunələrlə əsaslandırıb. O, “Makkabi Netanya”nın baş məşqçisi olarkən kubokun finalına yüksəldiyini, lakin həmin oyunda məğlub olduğunu, bir il sonra isə “Makkabi Petah Tikva” ilə kuboku qazandığını xatırladıb.
Mütəxəssis “Hapoel Beer Şeva” ilə də oxşar ssenarinin yaşanacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, əvvəl əldə edə bilmədiyi uğurlara sonradan nail olub: “Komandama dedim ki, əldə etdiyimiz hər şeydən əvvəl onu əldə edə bilməmişik. “Beer-Şeva”nın məşqçisi kimi çempion ola bilməmişdim və bir il sonra çempion oldum. İndi isə Çempionlar Liqasına çıxa bilmədim. Ümid edirəm ki, Allahın köməyi ilə bir gün “Hapoel Beer Şeva” ilə Çempionlar Liqasına yüksələcəyəm”.



No Comment! Be the first one.