Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb.
Sportify.az xəbər verir ki, yarışlar iki yaş kateqoriyası üzrə – A (11-16 yaş) və B (10 yaş və daha kiçik) qruplarında təşkil olunub.
A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlarda isə Əsnad Baxşızadə birinci yeri tutub. Hər iki şahmatçı Azərbaycan Şahmat Federasiyası tərəfindən Avropa çempionatına ezam olunacaq.
Müxtəlif yaş kateqoriyalarında İnci Cəbrayılova və Ziya Qubatov (8 yaşlılar), Nurgün Fəxrətzadə və Azad Xuduzadə (10 yaşlılar), Sadəgül Əfəndi və Əyyub Zəkiyev (12 yaşlılar), Əsnad Baxşızadə və Suat İbrahimli (14 yaşlılar), Rəna Ağamirzəyeva və Emin İsmayılov (16 yaşlılar) qalib adını qazanıblar.
Komanda hesabında A qrupunda 4 nömrəli İOEUGİŞM birinci, 3 nömrəli RİOEUGİŞM ikinci, Quba komandası isə üçüncü olub. B qrupunda 3 nömrəli UGİŞM qalib gəlib. Quba komandası ikinci, 4 nömrəli UGİŞM isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnirdə ölkənin 30-a yaxın şəhər və rayonundan, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərindən 16 yaşadək oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə 326 yeniyetmə mübarizə aparıb.
İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən yarış şəxsi-komanda xarakteri daşıyıb.




No Comment! Be the first one.