Stefen Karridən tarixi imza
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Qolden Steyt Uarriors” klubunun ulduz basketbolçusu Stefen Karri komandası ilə yeni müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, 38 yaşlı oyun qurucunun yeni müqaviləsi iki il müddətinə nəzərdə tutulub və onun ümumi dəyəri 116 milyon ABŞ dollarıdır.
ESPN-in hesablamalarına görə, yeni müqavilə ilə Stefen Karrinin NBA karyerası ərzində qazancı 652 milyon dollara çatıb. Bununla da o, karyera qazancına görə liqa tarixində ilk pilləyə yüksəlib. Karri bu göstəricidə Kevin Durantı (598 milyon dollar) və Lebron Ceymsi (592 milyon dollar) geridə qoyub.
Yeni müqavilənin diqqət çəkən məqamlarından biri də Karrinin komandanın gələcək heyət quruculuğuna şərait yaratmaq məqsədilə maaşında təxminən 20 milyon dollarlıq güzəştə getməsidir.
Bu addımdan sonra “Qolden Steyt Uarriors”un 2027-ci ilin yayında təxminən 64 milyon dollarlıq maaş boşluğuna malik olacağı gözlənilir. Bu isə klubun həmin dövrdə heyətini gücləndirmək üçün daha geniş maliyyə imkanlarına sahib olmasına şərait yarada bilər.
Stefen Karri “Qolden Steyt Uarriors”un heyətində dörd dəfə NBA çempionu olub. O, iki dəfə müntəzəm mövsümün ən dəyərli oyunçusu (MVP), bir dəfə isə NBA finalının MVP-si seçilib. Karri 12 dəfə All-Star oyununda iştirak edib.


No Comment! Be the first one.