Ziya Rəcəbov: "Turan"da birinci və ikinci komanda anlayışı yoxdur - VİDEO
Qadın voleybolçulardan ibarət “Turan” komandasının baş məşqçisi Ziya Rəcəbov Tovuzda Xorvatiya “Mladost”una 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az həmin müsahibəni təqdim edir:
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Birinci set təbii ki, kəşfiyyat xarakterli olduğundan, gərgin mübarizə şəraitində keçdi. Amma asan qələbə qazandığımızı deməzdim. Rəqibi çox yaxşı təhlil və analiz etmişdik. Gənc olmalarına baxmayaraq, ruhlu, mübarizə aparmağı sevən komandadır. Hələ işimiz bununla bitmir. İnanıram ki, Zaqrebdə də öz sözümüzü deyəcəyik. Orada da qələbə qazanraq, mərhələni adlayacağıq. Qızlarımıza inanıram, orada da qalib gələcəyik.
Əvvəllər də dediyim kimi, təcrübə öz sözünü dedi. Komandamız yeni olsa da, çox yaxşı, təcrübəli oyunçularımız var. Onlar bir-birilərini əvəzləyə bilirlər. Bizdə A və B komandaları yoxdur. Voleybolçularımızın hamısına uğurlar arzulayır, alınlarından öpürəm. Doğrudan da yaxşı oyun nümayiş etdirdilər. Düzdür, ev tapşırıqları o qədər də alınmadı. Amma eybi yox. İnanıram ki, bu da düzələcək. Əvvəlcədən də demişdim: Özlərinə gəlmələri, bir-birilərinə uyğunlaşmaları üçün zaman lazımdır. Yenə də işləyəcəyik. Vaxt azdır, amma götür-qoy edərək, işləyəcəyik.

– Tovuz Olimpiya İdman Kompleksinin tribunalarını dolduran azarkeşlərin dəstəyindən nə dərəcədə razı qaldınız?
– Azarkeşlər çox möhtəşəm idilər. Bütün voleybolsevərlərə, tovuzlu azarkeşlərə buradan qucaqdolusu salamlar deyir, təşəkkürümü bildirirəm. Belə dəstəyi daha əvvəl “Rabitə” və “Azərreyl” komandalarında görmüşdüm. Onlardan sonra Tovuzda gördüm.
– Rəqibin ən təhlükəli oyunçusu 5 nömrə idi. Cavab qarşılaşmasında onu zərərsizləşdirmək üçün xüsusi hazırlıq görəcəksiniz?
– Əlbəttə. Bu dəfə istədiyimiz kimi alınmadı, amma yenə də qarşısını 3-4 dəfə ala bildik. Yenə üzərində işləyəcəyik. Vaxt azdır, lakin götür-qoy edib çatışmazlıqları aradan qaldıracağıq.
– Üçüncü setdə komanda hesabda geriyə düşdü, lakin sonra toparlanmağı bacardı. Bu geridüşmə yorğunluqla bağlı idi?
– Yorğunluq deməzdim. 16 xaldan sonra asan qələbə qazanmaq hissiyatı yarananda qızlarda hər zaman müəyyən arxayınlaşma olur. Ona görə də toparlanmaq bir qədər çətinləşir. Amma yenə də təcrübə öz sözünü dedi. Yekunda setin qalibi bizim komanda oldu.
– Cavab qarşılaşmasında “Turan”ın heyətində hər hansı dəyişiklik gözlənilir?
– Hər an dəyişiklik ola bilər. Çünki qeyd etdiyim kimi, bizdə birinci və ya ikinci komanda anlayışı yoxdur. Meydana birinci heyət də çıxa bilər, ikinci də, heç bir fərqi yoxdur. Bu gün dəyişikliklərdə də gördünüz ki, oyuna girənlər eyni səviyyəni qoruyub saxlayırlar.


No Comment! Be the first one.