Tanınmış futbolçu karyerasını bitirdi
Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyuba peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəldiyini açıqlayıb.
Sportify.az xəbər verir ki, 38 yaşlı futbolçu jurnalistlərə açıqlamasında yaşıl meydanlarla vidalaşdığını bildirib. Bununla belə, o, rəsmi səviyyədə daha bir neçə oyunda meydana çıxa biləcəyini istisna etməyib.
“Bəli, karyera başa çatdı. Bunu rəsmi şəkildə açıqlamayacağam. Ola bilsin ki, Kubokda hansısa komandanın heyətində bir neçə oyun keçirəm. Daha sonra Media Liqası? “Real Madrid””, – deyə Dzyuba bildirib.
“Spartak” klubunun yetirməsi olan hücumçu karyerası ərzində Rusiyanın “Tom”, “Rostov”, “Zenit”, “Arsenal”, “Lokomotiv” və “Akron”, eləcə də Türkiyənin “Adana Dəmirspor” komandalarının formasını geyinib.
Dzyuba klub səviyyəsində 654 oyunda 235 qol vurub və 129 məhsuldar ötürmə edib. O, “Zenit”in heyətində dörd dəfə Rusiya çempionu və Rusiya Superkubokunun qalibi olub. Hücumçu Sankt-Peterburq təmsilçisi ilə iki dəfə Rusiya Kubokunu, “Rostov”la isə bir dəfə ölkə kubokunu qazanıb.
Artyom Dzyuba Rusiya milli komandasında 56 oyun keçirib, 31 qol vurub və 16 məhsuldar ötürmə edib. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur. Dzyuba Rusiya yığmasının heyətində 2018-ci ildə ölkəsində keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyib.
Hücumçu Rusiya futbolu tarixinin də ən məhsuldar bombardiri hesab olunur. Onun klub və milli komanda səviyyəsində keçirdiyi oyunlar nəzərə alınmaqla karyerasında 264 qolu var. Dzyuba bu göstərici üzrə 2025-ci ilin martında 233 qolu olan Aleksandr Kerjakovu geridə qoyaraq rekord müəyyənləşdirib.




No Comment! Be the first one.