"Trabzonspor" fanatları məşəl yandırdı, oyun dayandı - VİDEO
Türkiyənin “Trabzonspor” klubunun azarkeşlərinin Finlandiyanın KuPS komandası ilə UEFA Konfrans Liqasının əsas mərhələsinin ilk tur matçında pirotexniki vasitələrdən istifadə etməsi qarşılaşmanın dayanmasına səbəb olub.
Sportify.az xəbər verir ki, görüşün 61-ci dəqiqəsində qonaq komanda azarkeşləri Trabzon şəhərinin şərəfinə ənənəvi qeyd etmə zamanı məşəllər və fişənglər yandırıblar.
Tribunadan meydana məşəl, işıq fişəngi və konfeti atılması səbəbindən oyun dayandırılıb.
Meydandakı yad əşyaların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar fasilənin 5 dəqiqədən çox davam etdiyi bildirilir.
Qarşılaşmanın əvvəlində də oxşar hadisələrə görə stadionda xəbərdarlıq elanının verildiyi, 61-ci dəqiqədə baş verənlərdən sonra isə anonsun təkrarlandığı qeyd olunur.
“Trabzonspor” oktyabrın 14-də yaydığı rəsmi açıqlamada Finlandiyaya səfər edən azarkeşlərə Tammela stadionuna məşəl, fişəng və digər yandırıcı və ya partlayıcı vasitələrin gətirilməsinin, eləcə də istifadəsinin qadağan olduğunu xatırladıb.
Açıqlamada əvvəlki avrokubok oyunları ilə bağlı intizam işlərinə diqqət çəkilib və oxşar qayda pozuntularının təkrarlanmasının ağır sanksiyalara səbəb ola biləcəyi vurğulanıb.
Klub rəhbərliyi mümkün cəzaların hətta stadionun bağlanmasına qədər gedib çıxa biləcəyini də qeyd edib.
Qeyd edək ki, oyun “Trabzonspor”un qələbəsi ilə yekunlaşıb – 4:2.



No Comment! Be the first one.