“Trabzonspor”un yeni baş məşqçisi: Bizə tək Salah lazım deyil
Türkiyənin “Trabzonspor” klubu baş məşqçi Fatih Tekke ilə yollarını ayırdıqdan sonra almaniyalı mütəxəssis Tomas Raysı komandanın sükanı arxasına gətirib.
Sportify.az xəbər verir ki, klubun rəsmi saytında yeni baş məşqçinin müqavilə imzaladıqdan sonra fikirləri dərc olunub.
Çalışdırıcı bildirib ki, “Trabzonspor” kimi böyük klubdan təklif aldıqda uzun müddət düşünmədən onu qəbul edib: “Klubun mənə təqdim etdiyi layihədən imtina edə bilməzdim”.
Almaniyalı mütəxəssis hücum xəttinin liderlərindən biri Məhəmməd Salah barədə də danışıb. O, misirli futbolçu ilə söhbət etdiyini və onunla işləməyin məşqçi üçün ən yaxşı imkanlardan biri olduğunu vurğulayıb.
Rays qeyd edib ki, qələbə üçün yalnız Salaha güvənmək kifayət deyil: “Bizə təkcə Salah yox, bütün futbolçular lazımdır. Meydandakı 11 oyunçunun hamısı yüksək səviyyədə çalışmalıdır. Bəzən Salahdan müdafiəyə kömək etməsini də istəyəcəyik”.
Baş məşqçi hücumda Salaha daha çox sərbəstlik verəcəyini bildirib. Onun sözlərinə görə, komanda yaxşı müdafiə olunmalı, topu tez geri qazanmalı və Salaha çox qaçaraq yorulmadan yaradıcılığından istifadə etmək imkanı yaratmalıdır.
O, məşqlər zamanı Salahın müdafiəyə də kömək etmək istəyini xüsusi qeyd edib. “Salaha baxdıqda və onun komandaya müdafiədə nə qədər kömək etmək istədiyini gördükdə bu futbolçunun nə qədər vacib olduğunu anlayırsınız. O, uğur qazanmaq istəyini açıq şəkildə göstərir”, – deyə almaniyalı mütəxəssis vurğulayıb.
Tomas Rays məşqçilik fəlsəfəsinin az danışmaq və çox işləmək üzərində qurulduğunu bildirib. O, daha əvvəl “Samsunspor”da çalışdığı dövrdə sürətli keçidlərdən uğurla istifadə etdiklərini, lakin bunun komandanın tətbiq edə biləcəyi çoxsaylı taktiki variantlardan yalnız biri olduğunu deyib.
Yeni baş məşqçi futbolçulara da mesaj göndərib: “Böyük oyunda oynamaqdan qorxursunuzsa, burada olmamalısınız. Bu yer sizin üçün uyğun deyil. Bizə qələbələr gətirəcək futbolçuları seçməliyik”.
Rays bildirib ki, milli komandalar üçün fasilədən sonra komandanın hazırlığına daha çox vaxt ayırmaq mümkün olacaq: “Sizi əmin edə bilərəm ki, birlikdə çalışaraq komandamızın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağıq”.


No Comment! Be the first one.