"Turan Tovuz"un legionerindən təxribatçı davranış: Cəzalanacaqmı? - VİDEO
Misli Premyer Liqasında VI turun “Turan Tovuz” – “Zirə” matçı başa çatdıqdan sonra münaqişə baş verib.
Sportify.az-ın məlumatına görə, insident zamanı meydan sahiblərinin braziliyalı legioneri Jo Batista daha çox diqqət mərkəzinə düşüb.
“Sambaçı” qızışdırıcı hərəkətləri ilə qonaq komandanı təxribata sövq edib. Ona əvvəlcə “Zirə”nin köməkçi-məşqçisi Vüqar Məmməd, daha sonra paytaxt təmsilçisinin braziliyalı müdafiəçisi Ruan Renato etiraz bildirmək istəyib. Hər iki halda qonaqların baş məşqçisi Rəşad Sadıqov buna imkan verməyib.
Jo Batistanın hərəkətlərinə AFFA İntizam Komitəsində hüquqi qiymətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, oyun “Turan Tovuz”un qələbəsi ilə yekunlaşıb – 1:0. 26-cı dəqiqədə top uğrunda mübarizə zamanı qonaq komandanın müdafiəçi Ruan Renato meydan sahiblərinin hücumçusu Jo Batistanı yan xəttin kənarında çiyinlə itələyib.
Nəticədə Batista Tovuz komandasının ehtiyat oyunçular skamyasına tərəf yıxılıb. Braziliyalı forvard öz həmyerlisinə qarşılıq vermək istədikdə ara qarışıb. Bu zaman onun önünü “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev kəsib.
İnsidentin tezliklə qarşısını almaq mümkün olub. Baş hakim Rəvan Həmzəzadə tərəflərdən heç kimə vərəqə göstərməyib.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev bu insidentədək bir sarı vərəqəsi olan Ruan Renatonun ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmalı olduğunu iddia edib.



No Comment! Be the first one.