“Turan”ın prezidenti: Orada gizli çəkilişin getdiyini bilmirdim – MÜSAHİBƏ
“Turan” voleybol klubunun prezidenti və “Turan Tovuz” futbol klubunun vitse-prezidenti Həsən Zeynalov gələcək planlar, yeni sponsorluq müqavilələri, futbol və voleybol komandalarının büdcəsi, eləcə də sosial şəbəkələrdə gündəm olan görüntüləri barədə ətraflı açıqlamalar verib.
Sportify.az xəbər verir ki, Həsən Zeynalov ilk olaraq, voleybol komandasının CEV Çempionlar Liqasına hazırlıq məqsədilə etdikləri transferlərə diqqət çəkib.
Onun sözlərinə görə, transferlər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəklərindən irəli gəlir: “Bu yöndə transferlərimizi davam etdiririk”.
Zeynalov avrokubok qarşılaşmalarını Tovuzda keçirmək üçün müəyyən texniki məsələlərin həlli istiqamətində çalışdıqlarını bildirib: “CEV-in müəyyən qaydaları var. Təsnifat mərhələsi üçün 1500 nəfərlik tamaşaçı tutumuna malik zal istəyirlər. Hazırda Tovuz Olimpiya İdman Kompleksində yenidənqurma işləri davam edir. Çalışırıq ki, tamaşaçı tutumunu bu həddə çatdıraq. İnanıram ki, buna nail olacağıq. Qrup mərhələsinə düşdükdən sonra da ev oyunlarımızı Tovuzda keçirmək məqsədilə CEV-ə müraciət etmişik. Bildirmişik ki, “Turan” bölgə klubudur, oyunlarımızı Tovuzda keçirməyimiz bölgədə voleybolun inkişafına müəyyən töhfə olar. Çalışacağıq ki, rəqiblərimizi Tovuzda qəbul edəcək”.
Klub prezidentinin fikrincə, “Turan” Çempionlar Liqasının qrup mərhələsinə düşsə və yaxşı nəticələr göstərsə, Qərb bölgəsində voleybolun inkişafına da töhfə olacaq.
Zeynalov çempionluğun klub üzərində basqı yaratmadığını bildirib: “Baş məşqçimiz Ziya Rəcəbovla söhbətimizdə də bildirmişəm ki, üzərimizdə hər hansı basqı olmamalıdır. İlk ilimizdə bacardığımız qədər nailiyyət əldə etmişik. Avropa arenasında məsələlər tam fərqlidir. Ora heç kim təsadüfi getmir. Əminik ki, bizi Çempionlar Liqasında çətin görüşlər gözləyir. Amma biz də çətinliyi sevirik. Çətin olmayan nailiyyətin dadı olmur”.
Klub rəhbəri “Turan”ın fəaliyyətinin davam etmə müddətinə də toxunub: “Mən icraçı, idarəediciyəm. Bu məsələlərə dair şəxsən qərar verdiyim vaxt bu suala özüm cavab verə bilərəm. Bu gün klublara hərtərəfli, dayanıqlı dəstək olmalıdır. Qaynaqlar bir yox, bir neçə nəfərlə əhatələnməlidir. Ana sponsorumuz var, ölkədaxili və xaricdən də dəstəkçilər cəlb etmişik. Xaricdən klubumuza maraq göstərənlər var ki, danışıqlarda onların istəklərini şərtlərimizə uyğunlaşdıra bilmirik. Şəxsi fikrim belədir ki, burada nə qədər olacağamsa, klubun dayanıqlı olmasını çox istərdim. Çünki “Turan”a uzun ömür yaraşır, “Turan” həmişə qəlblərdə olmalıdır”.
O, “Turan Tovuz” futbol klubuna vitse-prezident təyinatının hansı zərurətdən irəli gəlməsi sualını da cavablandırıb: “Əslində təyinatdan qabaq elə bir söhbətimiz olmamışdı, əslində ciddi zərurət də görmürdüm. Məndən öncə də klubda təşkilati və digər məsələlər yüksək səviyyədə idi. Sadəcə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev məni dəvət etdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, futbol savadıma inanaraq, çağırdı. Mən də bu çağırışı çox böyük sevinclə qəbul etdim. Məni belə bir mühüm vəzifəyə təyin etdiyi üçün ona sizin vasitənizlə təşəkkürümü bildirirəm. Voleybolda cəmi bir ildir çalışıram. Azərbaycan futbolunu isə 20 ilə yaxındır izləyirəm. Dünya futbolunu yox, yalnız Azərbaycan futbolunu”.
Zeynalov “Turan Tovuz”a yeni sponsorun cəlb olunmasındakı roluna da toxunub: O, belə bir təşəbbüsün şəxsən özünə məxsus olduğunu bildirib: “Mənim bu vəzifəyə təyin olunmağımdan sonra sponsorlarımızla danışıqlar aparmaq təklifini verdim. Bildiyiniz kimi, “Peak Eye Group” Azərbaycan şirkəti deyil, Türkiyə şirkətidir. Mən təklif etdim, onlar da bunu qəbul etdilər. Bu məsələdə müəyyən rolumun olduğunu deyə bilərəm”.
Zeynalov Ehtiram Quliyevin rəhbərlik etdiyi futbol komandası ilə voleybol klubunun sponsorluq məbləğlərini müqayisə edərək, şirkətdən voleybol klubuna ayrılan məbləğin də futbolla aşağı-yuxarı eyni səviyyədə olduğunu vurğulayıb.
Klub rəsmisi gələcək planlardan danışarkən bildirib ki, əsas məqsəd “Turan”ı təkcə futbol və ya voleybol klubu kimi deyil, bir neçə idman növünü birləşdirən böyük bir idman klubuna çevirməkdir: “Əslində Ehtiram müəllimin də, bizim də, sponsorların da ortaq fikri odur ki, təkcə “Turan” futbol və ya voleybol klubu yox, vahid “Turan” İdman Klubu formalaşsın, klub bütün idman növü üzrə yarışlarda təmsil olunsun. Bu, futbola da, voleybol da, basketbola da, güləşə də və digər bütün idman növlərinə də aiddir. Artıq bu mərhələyə addım atmışıq və inşallah, bundan sonra digər pillələri də geridə qoyacağıq”.
Futbola diqqət ayrılmasının voleybol komandasına mənfi təsir edəcəyi ilə bağlı iddiaları qətiyyətlə təkzib edən Zeynalov, hər iki növə eyni dərəcədə önəm verildiyini bildirib: “Bu, heç bir halda ola bilməz. Əksinə, voleybolda qazandığımız uğurlar bizi futbola gətirib. Ona görə də hər ikisini eyni səviyyədə tuturuq”.
Zeynalov voleyboldakı uğuru futbolda təkrarlamağın daha çətin olduğunu səmimi şəkildə etiraf edib: “Təbii ki, voleybolda əldə etdiyimiz uğuru futbolda qazanmaq çox çətindir. Bunu biz də, sponsorlar da yaxşı anlayırıq. Lakin boş dayanmaq niyyətində deyilik, işlər davam edir. Şəxsən mənim arzumdur ki, futboldakı nailiyyətlərimiz voleybolda qazandığımız uğurun 5-6 faiz aşağısı olsun”.
Tribunadan salona düşərək çempionluğu emosional şəkildə qeyd etməsi və bu görüntülərin sosial şəbəkələrdə geniş müzakirə olunaraq böyük rəğbətlə qarşılanmasına da toxunan Zeynalov həmin anlarda çəkilişdən xəbərsiz olduğunu deyib: “Açığı, bunu yoldaşlar da bilir, həmin görüntülərin çəkilməyindən heç bir xəbərim olmayıb, mənə sonradan bəlli oldu. Orada gizli çəkiliş getdiyini bilmirdim. Bilsəydim ki, çəkiliş var və bu video sosial şəbəkələrdə viral olacaq, təbii ki, o qədər emosional ola bilməzdim”.
Sonda Tovuz təmsilçisinin azarkeşlərinə müraciət edən klub rəsmisi, özünün də azarkeş sektorundan gəldiyini xüsusi vurğulayıb və səbirli olmağa çağırıb: “Mən özüm də “Turan” azarkeşiyəm və o azarkeşlərin içindən çıxmışam. Vaxtilə onlarla bir yerdə azarkeşlər üçün ayrılan sektorda əyləşib “Turan”a azarkeşlik eləmişəm, bu sirr deyil. Azarkeşlərimizdən xahiş edirəm ki, inansınlar və güvənsinlər, hər şey yaxşı olacaq. Bəzi məsələlər kənardan çox rahat görünür, amma işin içinə girdikdə ağla gəlməyən çətinliklərlə qarşılaşırsan. Bunu şəxsən öz təcrübəmdən deyirəm. Sadəcə, dəstək olmaq və klubumuzu sevmək lazımdır. Tovuz idman şəhəridir, “Turan” da ən böyük idman klublarından biridir. İnşallah, ölkənin ən böyük idman klubu olarıq, bunun üçün əlimizdən gələni edəcəyik”.



No Comment! Be the first one.