Useyn Bolt yenidən futbola qayıtdı
Dünya atletikasının əfsanəsi Useyn Bolt futbola qayıdıb.
Sportify.az.xəbər verir ki, səkkizqat Olimpiya çempionu və 100 metr məsafəsində dünya rekordçusu olan yamaykalı sprinter İngiltərənin həvəskar futbol klubu “Uaytenşeyv Vets”ə qoşulub.
40 yaşlı Bolt İngiltərə futbol piramidasının doqquzuncu səviyyəsində çıxış edən komandanın heyətində qeydiyyatdan keçib.
Mançesterin cənubunu təmsil edən və 35 yaşdan yuxarı futbolçulardan ibarət olan “Uaytenşeyv Vets”in heyətində vaxtilə Premyer Liqada çıxış etmiş bir sıra tanınmış futbolçular da yer alır.
Bolt yeni komandasında “Liverpul”un sabiq hücumçusu Emil Heski, “Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya, “Nyukasl”ın sabiq forvardı Papiss Sisse və “Everton”da çıxış etmiş Umar Niasse ilə birlikdə oynayacaq.
Heyətdə keçmiş “Mançester Siti” futbolçuları Stiven Ayrlend və Nedim Onuoha, həmçinin Premyer Liqa çempionları Coleon Leskott və Denni Drinkuoter də yer alır.
100 metr məsafəni 9,58 saniyəyə, 200 metri isə 19,19 saniyəyə qaçaraq dünya rekordlarına sahib olan Bolt futbola olan sevgisi ilə də tanınır.
Yamaykalı atlet karyerasını başa vurduqdan sonra Almaniyanın “Borussiya Dortmund” və Norveçin “Stromsqodset” klublarında məşqlərə qatılıb. 2018-ci ildə isə Avstraliyanın “Sentral Kost Mariners” klubunda sınaq müddətində olan Bolt yoldaşlıq görüşündə iki qol vurub.
Tərəflər peşəkar müqavilənin şərtləri barədə razılığa gələ bilmədikdən sonra Bolt futbolçu karyerasını davam etdirməyib. O, daha sonra Maltanın “Valletta” klubundan gələn təklifi də qəbul etməyib.
İndi isə 40 yaşlı veteran atlet həvəskar səviyyədə futbola qayıdaraq Premyer Liqanın keçmiş ulduzları ilə eyni komandanın formasını geyinəcək.


No Comment! Be the first one.