UWW-dən Azərbaycan Güləş Federasiyasına təşəkkür
3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi keçirilib.
Sportify.az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) tədbirlə bağlı geniş yazı yayımlayıb.
Qeyd olunub ki, UWW-nin İnkişaf Departamenti tərəfindən təşkil edilən yubiley düşərgəsində rekord sayda iştirakçı bir araya gəlib. Belə ki, 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 nəfər düşərgədə iştirak edib. Bu, “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub.
Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərə yalnız xalça üzərində deyil, şəxsi inkişaf baxımından da dəstək olmaq, onların aidiyyət hissini və özünəinamını gücləndirmək, həmçinin dostluq münasibətlərinin formalaşmasına şərait yaratmaqdır.
Düşərgə çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, iqlim dəyişikliyi və ətraf mühitlə bağlı tədbirlər təşkil olunub. İştirakçılar həmçinin müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurub, təcrübə mübadiləsi aparıb və dostluq əlaqələri yaradıblar.
10 illik yubiley həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.
Maarifləndirici proqram çərçivəsində olimpiya çempionları, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla öz karyeraları və qazandıqları təcrübə barədə fikirlərini bölüşüblər. Onlar gənc nəslin güləşə sadiq qalmasının, özlərinə inanmasının və Olimpiya arzularının arxasınca getməsinin vacibliyini vurğulayıblar.
Yunan-Roma güləşi üzrə U17 millisinin böyük məşqçisi Rafiq Hüseynov düşərgənin əhəmiyyətini yüksək qiymətləndirib:
“Bu düşərgə sadəcə güləş məşqlərindən ibarət deyildi. Müxtəlif ölkələrdən olan gənc idmançıların bir-birindən öyrənməsi, dostluq münasibətləri qurması və idmanımızın əsl dəyərlərini hiss etməsi üçün böyük imkan yaratdı. İnanıram ki, bu anlar onların yaddaşında uzun illər qalacaq və təkcə güləşçi kimi deyil, həm də şəxsiyyət kimi formalaşmalarına töhfə verəcək. Güləş məhz budur – medallardan daha böyük anlam kəsb edir”.
Tunisin U17 qadın güləşi üzrə millisinin baş məşqçisi Feten Hammami də düşərgənin həm peşəkar, həm də şəxsi baxımdan faydalı olduğunu bildirib.
O, müxtəlif ölkələrdən olan məşqçi və idmançılarla öyrənmək, təcrübə mübadiləsi aparmaq və ünsiyyət qurmaq imkanının yaradıldığını vurğulayıb. Hammami düşərgədəki müsbət atmosferi, məşğələlərin yüksək səviyyəsini və həftə ərzində hökm sürən əməkdaşlıq ruhunu yüksək qiymətləndirib.
Meksika nümayəndə heyətinin rəhbəri Mariya Qvadalupe Bautista da təşkilatçılara təşəkkür edib. O, Azərbaycan Güləş Federasiyasının nümayəndə heyətinə göstərdiyi yüksək səviyyəli qonaqpərvərliyi xüsusi qeyd edib.
Bautista bildirib ki, belə tədbirlər gənc idmançıların inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, iştirakçılar yeni mədəniyyətlərlə tanış olur, digər idmançı və məşqçilərlə ünsiyyət qurur, idmana yanaşmanın fərqli üsullarını görür və daha böyük arzular qurmağı öyrənirlər.
Əlcəzair nümayəndə heyətinin üzvü Nuiqa Sofyan da düşərgənin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, iştirakçılara öyrənmək, təcrübə mübadiləsi aparmaq və dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrlə dostluq əlaqələri qurmaq üçün yaradılan imkanlara görə UWW və Azərbaycana təşəkkür edib.
Argentina nümayəndə heyətinin rəhbəri Dieqo Sebastyan Kasas isə güləşin müxtəlif ölkələrdən olan insanları birləşdirən mühüm vasitə olduğunu vurğulayıb. O, məşqçilər arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyətindən danışaraq, güləşə olan sevginin iştirakçıları bayraqlardan və dillərdən daha güclü şəkildə birləşdirdiyini qeyd edib.
UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey də düşərgənin gənc güləşçilər üçün ilhamverici keçdiyini bildirib. O, tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür edib və Azərbaycan Güləş Federasiyasını xüsusi qeyd edərək, federasiyanın “möhtəşəm ev sahibi və böyük dost” olduğunu vurğulayıb.



No Comment! Be the first one.