Van den Bromun “Qarabağ” kabusu: 4 il əvvəl 1:5
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Niderlandın “Tvente” klubundan əlavə, onun baş məşqçisi Con van den Brom da Azərbaycan təmsilçisinə yaxşı bələddir.
Sportify.az xəbər verir ki, təcrübəli mütəxəssis 2022-ci ildə Polşanın “Lex Poznan” klubuna rəhbərlik etdiyi dönəmdə “Qarabağ”la qarşılaşıb.
Həmin vaxt Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa klubunu mübarizədən kənarlaşdırıb – 0:1, 5:1.
Van den Brom “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu da yaxşı tanıyır. O, Qurbanovun uzun müddətdir eyni klubda çalışmasını yüksək qiymətləndirib: “Eyni baş məşqçidir, həmin vaxt “Lex Poznan”la ona qarşı oynamışdım. Bir məşqçinin bu qədər uzun müddət klubda işləməsi gözəldir. Bu, belə bir məşqçi haqqında çox şey deyir”.
“Tvente”nin baş məşqçisi “Qarabağ”ın fərdi keyfiyyətlərinə də diqqət çəkib: “4 il əvvəl “Lex Poznan”la Azərbaycanda 1:5 hesablı ağır məğlubiyyət almışdıq. Düşünürəm ki, o vaxt onların daha yaxşı futbolçuları var idi. Onlar çox yüksək fərdi keyfiyyətlərə malik idilər. İndi də bundan ehtiyat etməliyik. Bu, son illərdə Avropada Konfrans Liqasından daha yüksək səviyyədə çıxış etmiş komandadır. Bu komandanın heyətində gözəl futbolçular var. Onlar topa sahib olmağı sevir və topla yaxşı davranırlar. Onların oyunu demək olar ki, bir qədər Cənubi Avropa və Cənubi Amerika futboluna bənzəyir. Onlar belə oynayırlar”.
Qeyd edək ki, avqustun 20-də “Enshede” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. İki oyunun nəticəsinə əsasən qalib gələn komanda turnirin əsas mərhələsinə vəsiqə qazanacaq.



No Comment! Be the first one.