Vaqif Cavadov: “Qarabağ” artıq öz oyun üslubunu dəyişir - MÜSAHİBƏ
Vaxtilə “Qarabağ” və “Tvente”də çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun Sportnet.az-a müsahibəsi
– Bu gün iki komanda arasında Niderlandda keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə fikirləriniz necədir?
– “Tvente”də çıxış etdiyim vaxtdan indiyədək 16 il keçib. Həm “Qarabağ”, həm də “Tvente” dəyişib. Ona görə də indidən hansı durumda olduqlarını demək çətindir. Amma son oyunları izləyərkən də görünən odur ki, “Tvente” çox sürətli, gənclərlə yaşlıların qarışığından ibarət kollektivə malikdir. Digər tərəfdən, ilk oyun səfərdədir. Ona görə də “Qarabağ” üçün çətin olacaq. Amma Ağdam komandası səfərdə çox yaxşı mübarizə aparır. Bunun dəfələrlə şahidi olmuşuq. Çətin olacağını bilirik. Çünki “Qarabağ”da heyət dəyişiklikləri baş verib. Lakin “Qarabağ” çətinliklərdən çıxa bildiyini dəfələrlə nümayiş etdirib və istədiyinə nail olub. Ümidvarıq ki, bu gün də belə olacaq. Komandamıza uğurlar arzulayıram.
– Vaxtilə özünüzün də çıxış etdiyiniz “Qarabağ”ın sol cinahında hazırda ciddi problemlər yaranıb…
– Sol cinahda Elvin Cəfərquliyev – Abdullah Zubir tandemi “Qarabağ”ın çox böyük üstünlüyü idi. Onların oynamamaları komanda üçün ciddi itki olacaq. Həmin mövqedə çıxış edəcək yeni futbolçular üçün eyni oyunu sərgiləmək baxımından çətinliklər müşahidə edəcəyik. Amma məncə, “Qarabağ” artıq öz oyun üslubunu dəyişir. Elvin zədəlidir, Zubir isə komandadan ayrılıb. “Tvente” bu futbolçuların yoxluğunda təhlilini başqa cür aparacaq. “Qarabağ”ın oyunundakı dəyişiklikləri gözləmək lazım gələcək. Futbolçular da, azarkeşlər də səbirli olmalıdırlar. “Qarabağ”ın yenidən öz sözünü deməsi üçün güc və potensialı var.

– “Qarabağ” oyunu cinahlardan qurur, amma standart vəziyyətlərdən və başla qol vurmaq yox dərəcəsindədir. Komandanın oyun üslubunu dəyişəcəyini dedikdə bu çatışmazlıqlara da əncam çəkiləcəyini nəzərdə tutursunuz?
– Görünən budur. Əvvəllər solda Elvin – Zubir, sağda Marko Veşoviç / Mateus Silva – Leandro Andrade tandemi var idi. Bu oyunçulardan Zubir, Veşoviç və Andrade artıq komandada yoxdur, Silva isə hərdən mərkəz müdafiəçisi kimi çıxış edir. Komandadakı bəzi oyunçuların isə zədələri var. Ona görə də istər-istəməz oyun üslubu dəyişilir. Yeni oyunçuların kollektivə uyğunlaşmalarını gözləmək lazımdır. Onlardan bəziləri çox yaxşı çıxış edirlər. Biz isə sadəcə, yaxşı oyun sərgiləmələrini arzulamayaraq, komandaya dəstək olmalıyıq.
– Siz çıxış etdiyiniz vaxt da “Qarabağ”ın oyun üslubu belə idi?
– Xeyr, tam başqa idi. Bu, heyətdəki futbolçulardan asılı olan məsələdir. Bizim dövrümüzdə və 5 il əvvəl “Qarabağ”da fərqli oyunçular çıxış edirdilər. Zaman keçdikcə futbolçuların bir-birilərini anlamaları və komandanın oyun üslubu dəyişilir. Bu, həmişə belə olub. Məsələn, hücum xəttində Dino Ndlovu çıxış etdiyi vaxt “Qarabağ” fərqli futbola üstünlük verirdi.
– “Tvente”dən ayrıldıqdan sonra oyunlarını izləyirsiniz?
– Həm izləyirəm, həm də bu yaxınlarda onların düşərgəsində olmuşam. “Tvente” akademiyası ilə tanışlıq xarakterli səfər idi. Klubla ünsiyyətim var. Oyunları 16 il əvvəlkindən fərqlidir. “Qarabağ” da zəif komanda deyil. Baxmayaraq ki, bəzi oyunçular gedib. Ona görə də maraqlı oyuna şahidlik edəcəyik.
– “Tvente” Slovakiyanın “DAC-1904” klubunu Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 6:0 hesabı ilə məğlub etsə də, cavab görüşündə məhsuldar heç-heçə ilə kifayətlənib – 3:3. Niderland təmsilçisinin çoxlu qol buraxmasından azarkeşlər narazı qalıblar. Belə nəticələrin qeydə alınmasını nə ilə izah edərdiniz?
– Niderland komandası cavab görüşündə meydançaya ikinci heyət çıxmışdı. Bu da “Tvente”nin ilk görüşdə 6 cavabsız qol vurması ilə əlaqədar idi. Çempionat oyunlarını da nəzərə almaq lazımdır. İki cəbhədə vuruşmaq da istər-istəməz çətinlik yaradır.



No Comment! Be the first one.