Vidadi Əhmədov: Ehtiram Quliyevin əvəzinə mən də olsaydım, elə edərdim - MÜSAHİBƏ
Azərbaycan futbolunda özünəməxsus yeri olan “Turan”ın keçmiş prezidenti Vidadi Əhmədov Sportify.az-a müsahibəsində klubun yaranma tarixindən, “Fənərbağça” ilə tarixi qarşılaşmadan, Azərbaycan futbolunun problemlərindən danışıb:
(İkinci hissə. Müsahibənin əvvəli burada)
– Həmin illərdən danışarkən klubun sabiq hücumçusu Nadir Nəbiyevin bu yaxınlardakı Rekord.az-ın “11 adam” layihəsi üçün müsahibəsindəki fikirlərini xatırlatmaq yerinə düşər. O bildirmişdi ki, vaxtilə həm “Turan Tovuz”un haqqı tapdalandı, həm də komandanın ikinci pilləni tutaraq avrokuboklara yollanmasına mane oldular…
– Bəli, ikinci yer məsələsi idi.
– Həmçinin o dövrdəki çətinliklərə də toxundu. Bildirdi ki, klubun maddi durumu çox ağır idi və hətta tək bir topla məşq etmək məcburiyyətində qalırdılar…
– Bayaq da qeyd etdiyim kimi, 1995-1996-cı illərdə AFFA tərəfindən kluba qarşı aşkar ögey münasibət var idi. Halbuki o dövrdə çox güclü komandamız formalaşmışdı və istənilən rəqibi asanlıqla məğlub etmək gücündə idik. Lakin milli assosiasiyanın yaratdığı süni maneələr səbəbindən mən 1995-ci ildə klubdan ayrılmalı oldum. Həmin 1995 – 1997-ci illər aralığında klub həqiqətən də dərin maddi böhran yaşadı. Təxminən bir il, ilyarım müddətində kluba Akif Məmmədov rəhbərlik etdi.
– Tovuzlu iş adamını nəzərdə tutursunuz?
– Bəli, iş adamı Akif Məmmədov. Nadir Nəbiyevin də dediyi kimi, məhz həmin dönəmdə “Qarabağ”la matçın nəticəsi AFFA tərəfindən ləğv edildi, “Turan”ın 2 xalı əlindən alındı və komanda UEFA kubokunda iştirak hüququndan məhrum edildi.
– O vaxtlar qələbəyə görə iki xal verilirdi, elə deyilmi?
– Bəli, qələbə iki xal sayılırdı. Məhz həmin iki xalın silinməsi ilə UEFA turnirinə vəsiqəmiz əngəlləndi. Həmin oyundan sonra klubun düşdüyü acınacaqlı vəziyyəti gördüm. Həmin vaxtlar maliyyə imkanım var idi. 1997-ci ilin sonlarında yenidən rəhbərliyə qayıtdım. Qayıdışımdan sonra vəziyyət nisbətən sabitləşdi. Əlbəttə, vəziyyət 1993-1994-cü illərdəki kimi əla olmasa da, müəyyən nizam yarandı. Lakin AFFA-nın münasibətini nəzərə alaraq, xərclənən vəsaitin boşa getməməsi üçün çox sayda legioner və ya bahalı oyunçu transfer etməkdən çəkindik. Həmin dövrdə bir növ “açıq qapı” siyasəti elan etmişdik. Təcrübəli futbolçularımızın bir qismi “Şəmkir”ə, digərləri isə “Kəpəz”ə keçdi. Heyətdə əsasən gənclər qaldı və biz də məhz onların inkişafına üstünlük verdik. Yaxşı yadımdadır, 1998-ci ildə Tovuzda müstəqilliyimizin 80 illiyi münasibətilə ölkənin 8 komandasının qatıldığı, 15-16 yaşlı yeniyetmələrdən ibarət böyük turnir təşkil etdik. Bütün iştirakçılara üzərində “80” rəqəmi əks olunmuş xüsusi formalar hədiyyə olundu və turnirin qalibi üçün pul mükafatı ayrıldı. Çempion da məhz “Turan”ın yetirmələri oldu. Düşünürəm ki, həmin ərəfədə artıq çətinliklər arxada qalmışdı. Düzdür, təminat tam yüksək səviyyədə olmasa da, normal şərait qurulmuşdu. Həmin dönəmdə gənclərin yetişməsinə dəstək olmaq üçün gürcüstanlı Varlam və Georgi Gilasoniya qardaşlarını heyətə qatdıq. Onlar böyük təcrübəyə malik peşəkar oyunçular idilər və cərimə zərbələrini ustalıqla yerinə yetirirdilər. Qardaşlardan biri – Varlam getdikdən sonra Georgi komandada qaldı. Həmin dövrdə Naci Şensoy baş məşqçi postuna gəldi. Maraqlı bir xatirəni bölüşüm: Şensoy oyunöncəsi bütün futbolçulara taktiki tapşırıqları verib bitirdikdən sonra Georgi ona yaxınlaşıb soruşub: “Bəs mən meydanda harada və necə oynayım?” Şensoy isə gülümsəyərək “Sən harada istəyirsənsə, orada da oyna”, – deyə cavab verir. Çünki o, meydanda əsl professor idi! Bütün bu amillər – istər Gilasoniya qardaşlarının komandaya cəlb olunması, istərsə də yerli potensiala göstərilən diqqət Tovuz futbolunun gələcəyi üçün möhkəm zəmin yaratdı və nəticədə böyük bir gənc futbolçu nəsli yetişdi.
– Demək istəyirsiniz ki, Nadir Nəbiyev də məhz həmin dövrdə yaşananlara görə həmin fikirləri səsləndirib?
– Bəli, tamamilə mümkündür. Məhz buna görə deyə bilərdi. Elə bir hadisə baş vermişdi, lakin yenə qeyd edirəm, bu, mənim dövrümdə deyil, Akif Məmmədovun klub prezidenti olduğu vaxtda yaşanmışdı.
– Statistikaya nəzər salsaq görərik ki, “Turan Tovuz” indiyədək cəmi bir dəfə avrokuboklarda çıxış edib. Bu mövsüm də komanda avrokuboklara qatılmalı idi, lakin yenə alınmadı. Futboldakı zəngin daxili təcrübənizə və şübhəsiz ki, klubla sıx əlaqələrinizə əsaslanaraq necə düşünürsünüz, komanda avrokuboklardan kənarda niyə qaldı?
– Klubun Avropa arenasına buraxılmamasının, çox güman ki, hansısa əsaslı səbəbləri olub. Məsələnin bütün hüquqi və inzibati incəliklərini bilmədiyim üçün qəti fikir bildirmək çətindir. Yəni ciddi bir səbəb olmasaydı, komandaya icazə verilərdi. Lakin bu məsələnin niyə məhz indi qabardıldığı, əvvəlcədən niyə gündəmə gətirilmədiyi isə tam fərqli mövzudur. Mətbəxin içində olmadığım üçün konkret nəsə söyləyə bilmərəm.
– Klubun ilk prezidenti kimi, 2019-cu ildə “Turan Tovuz”un adının danışılmış oyunlarda hallanması və altı futbolçunun ömürlük diskvalifikasiya olunması xəbərləri sizə necə təsir etdi?
– Əlbəttə, bu, son dərəcə xoşagəlməz və “Turan” kimi köklü klubun nüfuzuna ciddi xələl gətirən hadisə idi. Yəqin ki, o dövrdə rəhbərliyin nəzarəti zəif olmuşdu. Kluba lazımi səviyyədə rəhbərlik edilmədiyi üçün bu cür acınacaqlı hallar qaçılmaz oldu. Mən vaxtilə “Neftçi”də vitse-prezident işləyəndə mərhum Ramiz Mirzəyev klubun prezidenti idi. Məhz həmin dövrdə “Neftçi” çempionluq qazandı. Faktiki olaraq idarəçilik mənim üzərimdə idi. Bir gün Ramiz müəllim məni otağına çağırıb bildirdi ki, futbolçuların adına qeyri-rəsmi pullar yazıldığı və başqa şəxslər tərəfindən mənimsənildiyi barədə söz-söhbətlər eşidib. Mən də qəti şəkildə cavab verdim: “Ramiz müəllim, əgər belə bir şübhə varsa, bu məlumatı sizə çatdıran adamı dəvət edin, üzləşdirək və məsələni sonuna qədər aydınlaşdıraq”. Çünki komandama tam əmin idim; baş məşqçidən tutmuş inzibatçıya və komanda rəisinə qədər bütün heyəti şəxsən özüm formalaşdırmışdım. Təkidimlə araşdırma aparıldı və məlum oldu ki, deyilənlər əsassız şayiədən başqa bir şey deyilmiş. Yəni, klub rəhbəri komandanın hər bir detalına dərindən bələd olmalı, hər xırda məsələyə diqqət yetirməlidir. Bütün qayğıları baş məşqçi və ya aidiyətli şəxslərlə birlikdə müzakirə etməlidir. Rəhmətlik Ruslan Abdullayev hər oyundan əvvəl komanda ilə iclas keçirər və məni də ora dəvət edərdi. Futbolçuların qarşısında deyərdi: “Bu şəxs klubun prezidentidir, bütün maddi və təşkilati problemlərimizi o həll edir. Kimin nə narahatlığı varsa, indi burada desin, oyundan sonra bəhanələr gətirməsin”. Yəni problemlər dərhal aşkara çıxarılır və yerindəcə həll olunurdu. Görünür, həmin illərdə lazımi idarəçilik nümayiş etdirilmədiyi üçün o cür neqativ hallar yaşanmışdı. Lakin sevindirici haldır ki, bu gün “Turan Tovuz” çox peşəkar şəkildə idarə olunur. Ehtiram Quliyevə sonsuz təşəkkür düşür; o, bu illər ərzində klubun yaşaması və inkişafı üçün böyük fədakarlıq göstərdi. Komandanı təkcə ayaqda saxlamadı, eyni zamanda iddialı səviyyəyə çatdırdı. Avrokuboklara buraxılmasa da, qazandığı nəticələrlə komanda azarkeşlərin gözündə artıq Avropadadır.
– Kuluarlarda belə iddialar gəzir ki, komandanın kənarda qalmasında AFFA-nın da müəyyən təsiri olub və rəhbərliklər arasında narazılıq yaranıb… Siz vaxtilə oxşar vəziyyətlərlə qarşılaşmısınız, bu barədə nə deyə bilərsiniz?
– Futbol mübarizə meydanıdır. Bizim dövrümüzdə də maneələr vardı, lakin indiki situasiya fərqlidir. O vaxt heç bir əsas olmadan haqqımız əlimizdən alınırdısa, indi ortada konkret faktlar var idi. Reallıq qarşısında kənara çəkilmək məcburiyyəti yarandı. Bu, mübarizədir. Təbii ki, “Zirə” də avrokuboklara getmək istəyirdi, “Turan Tovuz” da. Rəqib də hər bir xırda detaldan yararlanaraq, buna nail oldu.
– “Zirə” nədən istifadə etdi?
– Ola bilsin, bu məsələni “Zirə”, yaxud AFFA və ya UEFA qaldırmışdı. Lap “Zirə” tərəfindən qaldırılmışdısa belə, bu klubu buna görə qınamaq istəməzdim. Çünki bu, maddi və mənəvi cəhətdən onların xeyrinə olan addım idi.
– Bəs bu məsələni niyə daha əvvəl yox, məhz turnir cədvəlində vəziyyət gərginləşəndə qaldırdılar?
– Əvvəlcədən qaldırmaq nə ilə əlaqədar ola bilərdi? Məhz bu gün lazım idi. Siz məni düzgün qəbul edin. Mən bu məsələdə heç kimi qınamaq istəmirəm. Yeganə qınanılası ovaxtkı rəhbərlikdir.
– Həmin dövrdə kluba Oqtay Abdullayev rəhbərlik edirdi…
– Kim rəhbərlik edibsə, Allah canını sağ eləsin. Ola bilsin, lazımi səviyyədə reaksiya verə, məsələni vaxtında həll edə bilməyiblər. Gələcəkdə bunun qarşısını alacaq addımlar həqiqətən atılmalı idimi, ya yox?! Hər halda bunlar mənim səlahiyyətimdə olmayıb.
– Lakin o zaman təkcə klub rəhbərliyi deyil, AFFA da komandaya birbaşa maliyyə və təşkilati dəstək verirdi…
– Xatırlayırsınızsa, o dönəmdə “Turan Tovuz” Premyer Liqada deyil, I Divizionda çıxış edirdi. Hadisələr 2018-2019-cu illərə təsadüf edirdi…
– Hətta bazanın yenilənməsini, təbii otun süni örtüklə əvəzlənməsini və futbol akademiyasının inşasını da AFFA maliyyələşdirirdi və kadrları özü təyin edirdi…
– Təbii örtüyün qulluğu çətin olduğu üçün süni örtük salınmışdı, akademiyanın inşası isə bölgə futbolu üçün olduqca faydalı addım idi. Lakin vəsait ayırmaq AFFA-nın klubun sahibi olması anlamına gəlmir. Mən bu cür idarəetmə modelini qəbul etmirəm. AFFA federasiyaların assosiasiyasıdır; yəni klublar, regional və sahə qurumları birləşərək AFFA-nı təşkil etməlidir. Əslində klublar AFFA-nın sahibidir, AFFA klubların yox! Bilmirəm ki, bu, necə strukturdur. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, vaxtilə AFFA-nın təşkilatlanmasında mənim çox böyük xidmətim olum. Vəziyyət elə gətirmişdi ki, biz Fuad Musayevi AFFA prezidentliyindən kənarlaşdıra bilmirdik. Dərinə gedəndə gördük ki, Musayev assosiasiyanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib, lakin heç bir təsisçisi yoxdur. Bir nəfərin belə bir təşkilatı fərdi mülkiyyət kimi qeydiyyatdan keçirməsi qanunsuz idi. Beynəlxalq təcrübəni öyrənmək üçün Türkiyə və Rusiyaya səfər etdik, Vyaçeslav Koloskovla görüşdük. Aydın oldu ki, milli assosiasiya məhz ölkənin peşəkar klubları, regional və sahə federasiyaları tərəfindən təsis edilməlidir. Ona görə də bu gün AFFA-nın klub saxlamasını başa düşə bilmirəm. Axı, AFFA-nı futbol klubları təsis etməlidir.
– Bəs o vaxtlar Ədliyyə Nazirliyi 1992-ci ildə AFFA-nı necə dövlət qeydiyyatına almışdı?
– Bilmirəm (gülür – red.). Düzgün olmayan təşkilati formanıya təşəbbüsümüzlə yenidən baxılmalı oldu. Regional və sahə federasiyalarını yaratdıq. Ovaxtkı gənclər və idman naziri Əbülfəs Qarayevin bu sahədə böyük xidmətləri oldu. Eyni zamanda mənim də bu sahədə xidmətlərim olmuşdu. Ədliyyə Nazirliyinin ciddi dəstəyi ilə proses sürətləndi. O dövrdə klubların əksəriyyətinin dövlət qeydiyyatı yox idi, ilk olaraq biz peşəkar klub statusunda qeydiyyatdan keçdik. Bütün klublar və federasiyalar birləşərək müraciət etdikdən sonra, nəhayət, 2003-cü ildə AFFA tam legitim şəkildə yenidən təsis olundu və yeni rəhbərlik seçildi. İlk dövrlərdə UEFA və FIFA buna etirazını bildirmişdi. Konfrans keçirərək, AFFA-nı yenidən təsis etsək də, beynəlxalq futbol qurumları qəbul etməmişdi. Daha sonra həmin regional və sahə federasiyaları məhkəməyə müraciət etdilər. Məhkəmə AFFA-nın ləğvinə qərar verəsi idi. Bunu nəzərə alan UEFA və FIFA razılıq verdilər ki, məhkəmə qərarı olmadan AFFA-nı yenidən təsis edək. Nəticədə 2003-cü ildə milli assosiasiyanı təsis etdik və yeni prezidenti seçdik. Sonradan proseslərin necə cərəyan etdiyini, klubların AFFA-nı, yoxsa AFFA-nın klubları təsis etdiyini bilmirəm. Burada da bir anlaşılmazlıq var.
– Hazırda klublarda Müşahidə Şuraları fəaliyyət göstərir və bəzi hallarda AFFA da ora öz nümayəndələrini təyin edir…
– Fikrimcə, bu, kökündən yanlış yanaşmadır. Hər bir klub tam müstəqil olmalı və AFFA-dan asılı qalmamalıdır.
– AFFA bu addımı klubların tək bir sponsordan asılı olub qəfil dağılmasının qarşısını almaq üçün atdığını bildirir…
– Dövlətimiz də, AFFA da sağ olsun, futbola böyük sərmayə qoyulur. Lakin UEFA da AFFA-ya hər il milyonlarla vəsait ayırır; bu o deməkdirmi ki, UEFA gəlib AFFA-nı birbaşa idarə etməlidir? Xeyr. Ona görə də klubların daxili işlərinə bu cür müdaxiləni doğru saymıram.
– Azərbaycan futbolunda daha hansı problemin həllini vacib sayırsınız?
– Əslində futbolumuzun və onun inkişafının qarşısında duran problemlər olduqca çoxdur. Milli komandada hazırda yerli baş məşqçidir, öz oyun üslublarına uyğun futbolçuları heyətə cəlb edirlər. Lakin mənim fikrimcə, ən ağrılı problemlərdən biri gənclərlə əlaqədardır. Futbolçular 18 yaşına çatanda potensialları bəzən tam formalaşmır, onlar öz sözlərini 19-20 yaşlarında deməyə başlayırlar. Yəni, 18 yaşında tam açılmayan futbolçular, tarixində belə nümunələr çox olub. Təəssüf ki, 18 yaşı tamam olan kimi onları həqiqi hərbi xidmətə çağırırlar. İki il futboldan ayrı qalan oyunçunun karyerası faktiki olaraq başa çatır. Xidmətdən qayıtdıqdan sonra isə əvvəlki səviyyəni bərpa edib yenidən peşəkar futbolçuya çevrilmək demək olar ki, qeyri-mümkündür. Ən başlıca çətinliklərdən biri məhz budur.
– Bu, uzun illərdir davam edən problemdir, lakin hələ də konkret bir həll yolu tapılmayıb. Vaxtilə bu məsələni aidiyyəti dövlət qurumları qarşısında qaldırmısınızmı?
– Səsim çatan hər yerdə bunu dilə gətirmişəm, indi də vurğulayıram. Amma rəsmi şəkildə məndən fikir soruşan olmayıb. Əslində bu və buna bənzər problemlər dərindən araşdırılmalı, üzərində ciddi iş aparılmalıdır. Vaxtilə hesabat-seçki konfranslarından əvvəl geniş müzakirələr təşkil edərdik. Hər kəs açıq şəkildə çıxış edər, mövcud nöqsanlar ortaya qoyulardı. Yalnız bundan sonra nümayəndələr müəyyənləşər və rəsmi konfrans keçirilərdi. Rəsmi konfransda artıq konkret gündəlik təsdiqlənir, geniş fikir mübadiləsinə vaxt qalmır. Əsas məsələlər isə səhərdən axşamadək davam edən ilkin ictimai müzakirələrdə həllini tapırdı. Problemləri qabartmaq və birgə çıxış yolları axtarmaq şərtdir. Çox təəssüf ki, bu gün həmin mexanizmlər və açıq dialoq mühiti müşahidə olunmur.
– Bəs mövcud AFFA rəhbərliyinin “Turan Tovuz”a olan münasibətini necə dəyərləndirirsiniz?
– Ümumilikdə münasibəti hələlik normal hesab edirəm. Düzdür, ayrı-ayrı oyunlarda hakimlərin komandaya qarşı yaxşı olmayan münasibəti dəfələrlə olub, səhvlər buraxıblar. Lakin bunun qərəzli münasibət olduğunu deyə bilmərəm. Lakin AFFA rəhbərliyi şəxsən hakimlərə “Turan Tovuz”u sıxışdırmaq barədə təlimat verməyib.
– Vaxtilə hakimlər aldıqları tapşırıqları açıq etiraf edirdilər. İndi belə etirafların olmaması qərəzin mövcud olmadığını göstərir?
– Mən hər hansı mərkəzləşdirilmiş sifarişin olduğuna inanmıram.
– Əgər sifariş yoxdursa, klub rəhbərliyi niyə radikal bəyanatlar verir və İdarə Heyətinin sədri futboldan getmək qərarına gəlir?
– Düzdür, getmək istəyir. Görür ki, istədiyi kimi alınmır, haqsız münasibətlər göstərilir. Lakin bu, AFFA rəhbərliyinin münasibəti deyil ki…
– Axı hakimlər müstəqil deyil, onların fəaliyyətinə cavabdeh olan AFFA Hakimlər Komitəsi var…
– Cari çempionatda “Şamaxı” ilə matçı yada salaq: topun qapı xəttini keçdiyi kənardan aydın görünürdü. Nə yan hakim mərkəzə qaçdı, nə də baş hakim qolu qeydə aldı. Lakin dəfələrlə görmüşük ki, VAR olmadan da baş hakim və ya yan xətt hakimləri epizodu qol kimi qiymətləndirib. Bizdə isə VAR sistemi elədir ki, qapı xətti ilə əlaqədar mübahisəli epizodlarda həmin qolu müəyyən edə bilmir. Ola bilsin, bu, maddi çatışmazlıqla əlaqədardır. Üstəlik, “Araz-Naxçıvan”la oyunda qapımıza tamamilə əsassız penalti təyin olundu. Orada yaxşı baş hakim olsaydı, rəqibin simulyasiyasına görə dərhal sarı vərəqə göstərməli idi. Sonradan Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da bu kobud səhvi rəsmən etiraf etdi və referi Elçin Məsiyev cəzalandı.
– Əgər komitə sədri səhvi etiraf edirsə, deməli, bu, baş hakimin fərdi yanlışlığıdır. Bir hakimin səhvinə görə bütöv bir klubun rəhbəri futboldan getməlidirmi?
– Ehtiram müəllimin bəxtindən, bu cür səhvlər dəfələrlə olub, əvvəlki mövsümlərdə də, bu mövsüm də təkrarlanıb. Belə durumda kim olsa, inciyər, futboldan kənarlaşmağa çalışar. Ehtiram müəllimin əvəzinə mən də olsaydım, elə edərdim. Lakin tam demək olmaz ki, hakimlərə AFFA rəhbərliyi göstəriş verib. Mən də olsaydım, mövcud durumdan inciyərdim. Bir insan ki, çalışır, yaxşı iş görmək istəyir. Lakin bu işə nəzarət edənlər tərəfindən onun əməyi yüksək qiymətləndirilmir, ona maneçiliklər törədilir. Nəticədə bu adam həvəsdən düşür. Bəziləri deyirlər ki, komanda elə güclü oynamalıdır ki, bir neçə top fərqi ilə qalib gəlsin və hakimin səhvi nəticəyə təsir etməsin. Bu, qeyri-real yanaşmadır. Çünki “Turan Tovuz” 30-40 milyonluq büdcəyə malik deyil ki, qolları sayılmayanda belə asanlıqla qalib gəlsin. Ona görə də Ehtiram müəllimin narazılığı tamamilə əsaslıdır. Əslində Ehtiram müəllimə haqq qazandırmaq olar. Bu adam mövcud imkanını futbola yönəltməyinin qarşılığında nəticə əldə edə bilmədikdə inciyir, özünü haqqı tapdanmış şəxs kimi hiss edərək, kənarlaşmaq istəyir.
– Bu hadisələrdən sonra onunla şəxsən danışmısınızmı?
– Bəli, həmsöhbət olduq. Açıq hiss olunur ki, həvəsdən düşüb və bu, çox üzücüdür. Ehtiram Quliyev böyük futbol aşiqi, “Turan” sevdalısı, əsl ziyalı və Tovuz futboluna can yandıran insandır. Lakin süni maneələri dəf edə bilmir.
– Avqustun əvvəlində sponsorluq sazişi bağlayıb, bir ay sonra belə bir qərar vermək nə dərəcədə məntiqlidir?
– İmzalanan o sponsorluq müqaviləsindəki məbləğ klubu uzun müddət saxlamaq üçün yetərli deyil, dənizdə bir damladır. Ötən mövsümün gərginliyi və bu mövsümün ilk turlarından başlayan hakim təzyiqləri insanı psixoloji olaraq tükəndirir. Ardıcıl ikinci mövsümdə də hakim səhvlərini gördükdən sonra Ehtiram müəllim həvəsdən düşmüş oldu. Ona görə də kənarlaşmasına haqq qazandırmaq olar.
– Bəs mövcud rəhbərliyin hədəflərə çatması üçün kifayət qədər kadr potensialı varmı: Baş məşqçinin işini necə dəyərləndirirsiniz?
– Klub strukturunda kifayət qədər potensiallı kadrlar var. Lakin orada kimlərin artıq olduğu, kimlərin daha yaxından iştirak etdiyini mən kənardan qiymətləndirə bilmərəm. Pulu klub rəhbəri xərcləyir. O, öz pulunu xərcləyərək, klubu saxlayırsa, “daha az və ya daha çox xəcləyə bilərdi” deməyimiz düzgün deyil. Bu, sirr deyil ki, klub üçün futbolçunun gətirilməsi baş məşqçinin sifarişi və razılığı ilə baş verir. Vaxtilə rəhmətlik Ruslan Abdullayevlə işləyəndə hər addımı birgə atırdıq. 1993-cü ilin payızında o mənə bildirdi ki, Fuad Musayevlə olan şəxsi narazılığı səbəbindən onun rəhbərliyi altında komandanın çempionluğuna imkan verməyəcəklər. Məhz buna görə Musayevlə nisbətən normal münasibəti olan Kazbek Tuayevi dəvət etdik və çempion olduq. Ruslan müəllim deyirdi ki, heyətdə ilk növbədə, etibarlı qapıçı və müdafiəçilər olmalıdır. Heyətdə qol vuran hücumçu çatışmayanda Ruslan müəllimin tövsiyəsi ilə Zaqataladan Qurbanov qardaşlarını – Musa və Qurban Qurbanovları transfer etdik. Həmin çempionluqda onların çox böyük xidmətləri oldu. Hətta deyərdim ki, Qurbanov qardaşlarının hesabına “Turan” çempion oldu. İndiki halda isə hansı futbolçunun gətirilməsi Ehtiram Quliyevlə baş məşqçi Kurban Berdiyev arasındakı söhbətdən irəli gəlir. Belə məsələlər müzakirəyə çıxarılmır ki, biz də dəyərləndirə bilək. Vəsaiti ayıran da, xərcləyən də Ehtiram müəllimdir. Xərclədən isə Berdiyev olub. Ona görə də mən bu barədə nə isə deməyə çətinlik çəkirəm. Amma ümumilikdə göstəricilərinə əsasən, Berdiyev normal baş məşqçidir. Düzdür, bəziləri onun qoca olduğunu deyirlər. Lakin yaşının çoxluğunun, qocalığının onun üçün o qədər də maneçiliyi ola bilməz. Deyə bilmərəm ki, o, hansısa oyunçuya layiq olmadığı pulu xərclətdirib və ya daha az qiymətə yaxşı oyunçu gətirib. Əslində isə hesab edirəm ki, Ehtiram müəllimin təşkilatçılığı böyükdür. Şübhəsiz ki, Ehtiram müəllim hər bir problemə həssaslıqla yanaşan, yüksək təşkilatçılıq qabiliyyətinə malik əsl rəhbərdir.
– İndi “Turan” futbol klubu adı ilə fəaliyyət göstərməsə də, “Turan” voleybol klubu adında bir klub var. O klubun rəhbərliyi ilə münasibətiniz varmı?
– Bəli, o klubun rəhbərliyi ilə münasibətimiz var, böyük hörmətim var rəhbərliyə. Allah canlarını sağ eləsin. Əslində çox sağ olsunlar ki, “Turan” voleybol klubunu yaradıblar. Mən də çox istərdim ki, “Turan Tovuz” deyil, “Turan” Peşəkar Futbol Klubu olsun. Çünki bu, keçmiş tarixə malik bir klubdur. Bəzən görürsən kimsə yazır ki, “Turan Tovuz” filan ildə yaranıb… Belə olanda demək olar ki, klubun zəngin keçmiş tarixini kənara atmış oluruq. Digər tərəfdən, “Turan” təkcə Tovuzun olmamalıdır. Bu yaxınlarda bir azarkeşin fikirlərini oxudum, çox gözəl vurğulamışdı ki, “Turan” təkcə Tovuzun deyil, bütün Türk dünyasının “Turan”ı olsun. “Turan” eyni zamanda Türkmənistanın da, Qazaxıstanın da, Özbəkistanın da, Rusiyada yaşayan türk xalqlarının da, uyğurların da, Moldovadakı qaqauz türklərinin də “Turan”ı olmalıdır. Yadımdadır, o vaxtlar Türkiyədə “Fənərbağça” ilə oyunda bizə yaxınlaşan dostlar deyirdilər: “Bəli, biz “Turan”ı təşkil etdik, yaratdıq, indi hamımız əl-ələ verib onu yaşatmalıyıq”. Çünki bu ad bütün Türk dünyasını birləşdirir. Fikir versəniz görərsiniz ki, “Turan”a təkcə Tovuzda deyil, respublikanın hər yerində böyük azarkeş sevgisi var. Bu da məhz “Turan” adının böyüklüyündən irəli gəlir. Ona görə də voleybol klubunun rəhbərliyi sağ olsun ki, bu adı yaşadır. Futbolda da təkcə “Turan Tovuz” deyil, ümumi “Turan” Peşəkar Futbol Klubu adı özünə qaytarılsa, daha doğru olar.
– Düşünmürsünüz ki, Ehtiram Quliyevin futboldan getmək ərəfəsində “Fənərbağça” ilə oyunu salması bir növ qapını bərk çırpıb getmək cəhdidir?
– Xeyr, mən qətiyyən belə düşünmürəm və bu fikirlərlə razı deyiləm. Əksinə, böyük xoşbəxtlikdir ki, Ehtiram müəllim ən azından “Fənərbağça” ilə bu görüşü təşkil etməklə “Turan”ın vaxtilə yazdığı tarixi yenidən canlandırmış olur.



No Comment! Be the first one.