Vidadi Əhmədov: "Turan Tovuz"a qarşı qərəzli deyillər, digərlərinə kömək etmək istəyirlər - VİDEO
“Turan”ın ilk prezidenti Vidadi Əhmədov klubun Azərbaycan Premyer Liqasına qayıdışından sonrakı dövr, Ehtiram Quliyevin rəhbərliyi və komandanın əldə etdiyi nəticələr barədə danışıb.
Əhmədov Sportify.az-a açıqlamasında klubun Premyer Liqaya qayıtdığı vaxt Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən görüşə dəvət olunduğunu bildirib.
O, həmin dövrdə klubun fəaliyyətini davam etdirməsi üçün müxtəlif müzakirələr apardıqlarını deyib: “Klubun yaşaması üçün hansı işləri görəcəyimizlə bağlı müzakirələr, məsləhətləşmələr aparırdıq. Dövlətin klublara vəsait ayıracağını bilirdik. Amma onu da bilirdim ki, bu vəsaitlə klubu saxlamaq çox çətin olacaq. Demək çətin idi ki, elitada qalmağa kifayət edəcək, ya yox. Çətinliklər olsa da, klubu yaşatmağa çalışırdıq.
Bir müddət sonra Məmməd müəllim dedi ki, klub üçün yeni sponsor tapılıb. Əlbəttə, burada Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevin böyük rolu olmuşdu. Ehtiram Quliyevi məhz o tapıb gətirmişdi. Buna görə hər üç şəxsə təşəkkürümü bildirirəm. Ən əsası, Ehtiram müəllimin özünə çox böyük minnətdarlıq hissimi çatdırmaq istəyirəm. O, neçə illərdir kluba rəhbərlik edir”.
Əhmədov E.Quliyevin “Turan Tovuz”a yalnız maliyyə dəstəyi verməklə kifayətlənmədiyini, klubun inkişafına böyük töhfə verdiyini vurğulayıb: “Mən çox istərdim ki, “Turan”ı yaşada biləcək kimsə olsun. Ehtiram müəllim isə nəinki “Turan”ı yaşatdı, klubu daha da yüksəklərə qaldırmaq üçün çox böyük işlər gördü. Bəlkə də gələcəkdə daha yüksək səviyyəli, kluba daha böyük maliyyə vəsaitləri yönəldə biləcək sponsor ola bilər. Bu barədə heç nə deyə bilmərəm, həyat göstərəcək. Amma “Turan” sevdalısı, “Turan”ın yaşamasını istəyən şəxs kimi mənim Ehtiram müəllimə çox böyük minnətdarlıq hissim var. O, çox böyük işlər görüb”.
“Turan”ın ilk prezidenti Quliyevin klubdan ayrılması ehtimalına da münasibət bildirib və bunun təəssüf doğurduğunu qeyd edib: “Çox təəssüf edirəm ki, gedir. Biz onu saxlasaydıq və bundan yüksək maliyyə imkanları verərək daha yüksək nəticələr əldə edə bilsəydik, bəlkə də daha yaxşı olardı. Çox təəssüf ki, gedərsə, bu qədər əziyyətin qarşılığında hansısa nəticəyə nail olmadan ayrılası olur.
Əslində nail olub. Klub ötən mövsüm Misli Premyer Liqasında 3-cü yeri tutub, UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb. Şəxsən mən hesab edirəm ki, bunun özü elə iştirak etmiş kimi bir nailiyyətdir”.
Əhmədov “Turan Tovuz”un 1994-cü ildə Azərbaycan çempionu kimi “Fənərbağça” ilə keçirdiyi avrokubok oyununu da xatırladıb. O bildirib ki, “Fənərbağça” ilə qarşılaşmanın təşkili klub üçün xüsusi əhəmiyyət daşıyır: “Fənərbağça” ilə oyunun təşkili isə bizim 1994-cü ildə çempion olaraq bu klubla avrokubokda keçirdiyimiz qarşılaşmaya bərabər olacaq. Bu hissləri bizə yaşatdığı üçün ona bir daha çox böyük minnətdarlığımı çatdırmaq istərdim”.
“Turan Tovuz”a qarşı hakimliklə bağlı müzakirələrə də toxunan sabiq prezident AFFA-nın kluba qarşı qərəzli münasibət göstərdiyini düşünmədiyini söyləyib: “AFFA-nın “Turan Tovuz”a qarşı münasibəti barədə bir söz deməkdə çox çətinlik çəkirəm. Bunları hakimlərin kluba qərəzli addımı kimi dəyərləndirmirəm. Hakimlərin qərarlarını yalnız səhv kimi qiymətləndirirəm.
Ola bilsin, digər klublara ürəklərində arzu, istək var, bu səbəbdən onlara kömək etmək istəyirlər. Məncə, bu səhvlər yalnız ondan irəli gələ bilər. Lakin AFFA səviyyəsində kluba qarşı qərəzli addım atılması, hakimlərə hansısa təsir və göstəriş verilməsini istisna hesab edirəm”.


No Comment! Be the first one.