Vidadi Rzayev: "Sabah" hücumameyilli və yüksək pressinqlə oynamayacaq
“Mançester Yunayted”ə qarşı “Sabah”ı çətin oyun gözləyir, amma nəticədən asılı olmayaraq komandamızın yanındayıq”.
Bunu Sportify.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev deyib.
O, Azərbaycan çempionunun Çempionlar Liqasının liqa mərhələsinin I turunda səfərdə İngiltərə nəhənginə qarşı keçirəcəyi görüşün asan olmayacağını bildirib: “Əvvəlcə “Sabah”a təşəkkür edirəm ki, bizə bu gözəl hissləri yaşatdı. Təbii ki, kənardan nə isə deyə bilmərik, baş məşqçi Valdas Dambrauskasın da rəqibə qarşı öz planları var. Düşünürəm ki, komanda çox hücumameyilli və yüksək pressinqlə oynamayacaq. Çünki “Mançester Yunayted” kimi güclü rəqibə qarşı 90 dəqiqə hücumda oynamaq çox çətindir. Yəqin ki, əsasən müdafiədən çıxış edəcəklər. Bizim deyimlə desək, ən yaxşı hücum elə müdafiədir”.
Rzayev “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını Azərbaycan futbolu üçün böyük uğur hesab etdiyini vurğulayıb: “Sabah” köklü klub olmasa da, gördüyü işlər möhtəşəmdir. İngiltərədə, “Old Trafford”da oynamaq belə, Azərbaycan futbolu üçün böyük uğurdur. Hər şey yaxşı olar”.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


No Comment! Be the first one.