Viktor Stina: "Qapıçının işi öz qapısında dayanmaqdır"
“Kəpəz” klubunun moldovalı futbolçusu Viktor Stinanın səfərdə “Şəfa”ya 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Komanda son oyunlarda məğlub olmur və yaxşı nəticələr qazanır. Bu yüksəlişi nə ilə əlaqələndirirsiniz?
– Komanda olaraq xeyli inkişaf etmişik. Məşqlərdə çox çalışırıq və nəticələr də bunun göstəricisidir. Ağır məşqlərimizin, çəkdiyimiz əziyyətin bəhrəsini görürük. Meydanda əldə etdiyimiz nəticələr zəhmətimizin qarşılığıdır.
– Oyunda hesabda geri düşdünüz və qaçırılan penalti epizodu yaşandı. Həmin anlarda nə baş verdi?
– Təəssüf ki, ilk yarıda penaltini qaçırdıq və ikinci hissənin əvvəllərində rəqib qol vurdu. Lakin komanda olaraq güclüyük. Oyuna geri qayıtmağı bacardıq və sonda qələbə qazandıq. Əsas olan da budur ki, çətinliklərə baxmayaraq, mübarizəni davam etdirdik və istəyimizə çatdıq.
– Rəqib qoldan sonra meydanın mərkəzindən oyuna başlamağa hazırlaşırdınız. Həmin vaxt rəqib qapıçı Tiaqo Silva ilə münaqişə yaşadınız. Orada nə baş vermişdi?
– Deyə bilmərəm ki, o epizodda günah kimdə idi. Mən oyuna mərkəzdən başlamaq üçün topu götürmək istəyirdim. Lakin rəqib qapıçı mənə blok qoydu və sarı vərəqə aldı. Hər şey qaydasındadır.
– Rəqib qol vurduğu üçün meydanın mərkəzində oyuna siz başlamalı idiniz. Demək istəyirsiniz ki, həmin vaxt Tiaqo Silva sizə imkan vermirdi? Elə isə qapıçının meydanın mərkəzində nə işi var idi?
– Qapıçının işi mərkəzdə narahatlıq yaratmaq yox, öz qapısında dayanmaqdır. O, məni əlavə təzyiq altında qoymağa və narahat etməyə çalışmamalıdır.
– Gəncədə yaşamaqdan, komandanın çıxışından və mövcud şəraitdən nə dərəcədə razısınız?
– Bəli, Gəncədə çox xoşbəxtəm. Şəhərimizi, stadionumuzu və azarkeşlərimizi sevirəm. Burada hər şey məni qane edir. Azarkeşlərimizin dəstəyi və stadionumuzdakı atmosfer bizə böyük motivasiya verir, bizi daha yaxşı çıxış etməyə ruhlandırır. Düşünürəm ki, uğurlu nəticələrimizin səbəblərindən biri də məhz budur.



No Comment! Be the first one.