37 ildən sonra doğma şəhərində meydana çıxan “Xankəndi” klubunun “Karvan-Yevlax”a qarşı I Liqanın VIII turundakı ev oyunu xüsusi məqamla yadda qalıb. İşğaldan əvvəl Xankəndi şəhərini təmsil edən “Qarabağ” komandasının son ev oyunlarından birində iştirak etmiş şəhər sakini Xudayar Quliyev Sportify.az-a müsahibə verib:
– Stadionun atmosferini bəyəndiniz?
– Uzun illərdən sonra torpaqlarımız işğaldan azad olundu. Stadionumuz necə də gözəl təmir olunub! Bəlkə də respublikada belə arena yoxdur. Çox gözəl stadiondur. Arxaya dönüb baxanda da görürəm ki, burada əla şərait yaradılıb. Gənclərimiz bu fürsətdən istifadə edərək yaxşı məşq etməli, sağlamlıqlarının qeydinə qalmalı, idmanla məşğul olmalı və ən əsası, komanda kimi formalaşmalıdırlar. Açığı, hələ bu komandanın necə olacağını bilmirik. İnşallah, zamanla formalaşar və özünü göstərə bilər. Qarabağın dünyada necə tanınan adı varsa, Xankəndinin də futbol komandası həmin səviyyədə tanınsın. Ağdamın “Qarabağ” komandası var və bizi çox gözəl təmsil edir. İnşallah, Xankəndi də onun qardaşı olar, böyük addımlar atar və daha da irəli gedər. Biz də sevinərik ki, idmançılarımız dünya miqyasında tanınsınlar, qələbələr qazansınlar. Necə ki, 44 günlük Vətən müharibəsində ordumuz bir deyil, bir neçə düşmən üzərində qələbə qazandı. Bu günlər bizim üçün əvəzolunmazdır. Sevincimizin həddi-hüdudu yoxdur. Nə deyim, sözlə ifadə etmək çətindir.
– Uzun müddətdən sonra yenidən bu stadionda futbol izləmək sizdə hansı hissləri yaradır?
– Hisslərimi sözlə ifadə etmək mümkün deyil. Yenidən burada futbol görmək, bu atmosferi yaşamaq, sanki nağıl kimidir. Bilmirəm, bu, tarixi gündür. Bu günü əldən vermək olmaz. Burada xalqımızın sevinməsi, coşqusu tamam başqa hissdir. Bunu sözlə anlatmaq mümkün deyil. Ürəyimdə elə hisslər var ki, söz tapmaqda çətinlik çəkirəm. Allah gənclərimizi qorusun, sağlamlıqlarını və ruhlarını möhkəm etsin. Niyyətlərindən dönməsinlər. Bizim bir yolumuz var: Heydər Əliyev yolu, İlham Əliyev yolu. Biz bu yolla irəliləyirik.
– Sonuncu dəfə bu stadionda hansı oyunu izləmişdiniz?
– 1986-cı ildə burada keçirilən oyunu izləmişdim. Həmin vaxt Gəncənin “Kəpəz” komandası ilə Xankəndinin əksəriyyəti ermənilərdən ibarət komandası qarşılaşmışdı. Gəncəlilər həmin oyunda böyük mübarizə apardılar. Düşünürəm ki, o qarşılaşmanı izləyənlər ömürləri boyu həmin anları unutmayacaqlar. Mən 1986-cı ildə həmin oyunda ermənilərin necə çətin vəziyyətə düşdüyünü, necə ciddi müqavimətlə üzləşdiyini görmüşəm. Bütün Qarabağ haqqında danışanlar bir komandanın qarşısında aciz qalmışdılar. Bu baxımdan, mən tarixi bir günün şahidiyəm.
– 1986-cı ildə nə işlə məşğul idiniz?
– Mən Xankəndidə yaşayırdım, Xankəndi sakini idim. Riyaziyyat müəllimi kimi çalışırdım.
– Hazırda Xankəndində yaşayırsınız?
– Bəli, burda yaşayıram. Hələ öz evimiz verilməyib. Gəlinim ingili dili müəlliməsidir. O. müəllim olduğuna görə müvıqqəti ev veriblərr. Yaxın zamanda öz evimizə qayıdacağıq. Hər halda, gözümüz yollarda qalıb.
– Xankəndiyə nə vaxt qayıtmısınız?
– 2024-cü ildə gəlmişdim. Sonra yenidən, 2025-ci ildə qayıtdıq. Dörd-beş ay əvvəl yenidən gəldim və bizə ev verildi.
Bahar RÜSTƏM



No Comment! Be the first one.