Yakob Poulsen: Topu versən, cəzasını çəkəcəksən
Danimarkanın “Orhus” klubunun baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Masazırda keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında danimarkalı mütəxəssis komandasının xüsusilə ikinci hissədə ciddi səhvlərə yol verdiyini bildirib.
“İkinci hissədə çoxlu sayda fərdi səhvlər etdik. Bu səhvlər bizə qollara başa gəldi. Bu, birinci və üçüncü qollarda baş verdi. Dördüncü qol isə demək olar ki, heç nədən yarandı. Güclü rəqibə qarşı belə səhvlər edəndə səni cəzalandırırlar. İkinci hissədə rəqib təzyiqi artırdı, biz isə müdafiədə səhvlərə yol verdik. Yaxşı oyun nümayiş etdirə bilmədik. “Sabah” növbəti mərhələyə yüksəlməyə layiq idi”, – deyə Poulsen vurğulayıb.
Baş məşqçi ilk saat ərzində komandasının müdafiədə kifayət qədər yaxşı oynadığını düşünür: “Bu bölümdə qapımızı kifayət qədər ağıllı şəkildə qoruduğumuzu düşünürəm. Lakin daha sonra çox geriyə çəkildik, çünki rəqib bizi sıxışdırdı. Biz qapımızdan bu qədər uzağa çəkilməyi planlaşdırmamışdıq”.
Poulsen Çempionlar Liqasında mübarizəni belə başa vurmağın onun üçün ağır olduğunu etiraf edib: “Bu məğlubiyyət çox ağrılıdır, çünki Çempionlar Liqasında oynamaq arzusunda idik. Ümid edirəm ki, belə bir oyundan sonra hamımız müəyyən dərslər çıxardıq. Bu, həm futbolçulara, həm də mənə aiddir”.
Baş məşqçi “Sabah”ın heyətində fərqləndirdiyi futbolçunun adını da çəkib: “Sabah” keyfiyyətli futbolçulardan ibarət komandadır. Ən çox İvan Lepinitsanı fərqləndirərdim”.



No Comment! Be the first one.