Yuri Vernidubun nəvəsi “Neftçi”də yox, Avropada çıxış edəcək
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun 13 yaşlı nəvəsi İvan avqustun 20-dən sonra Avropadakı akademiyalardan birində baxışa yollanacaq.
Table Of Content
Sportify.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssisin özü klub televiziyasına açıqlamasında bildirib.
Y.Vernidubun sözlərinə görə, hazırda bununla bağlı iki variant var və ailə daha məqsədəuyğun olan akademiyanı seçəcək: “İvan – oğlumun oğludur. Əvvəllər Ukraynada futbolla məşğul olurdu. İlk addımlarını Zaporojyedə atıb. Müharibədən əvvəl orada oynayırdı. Müharibə başlayandan sonra isə oğlumun ailəsi Kiyevə köçdü və İvan məşqlərini Kiyevdə – “Dinamo”nun akademiyasında davam etdirdi. Avqustun 20-dən sonra Avropadakı bir akademiyada baxışa yollanacaq. Hazırda iki variantımız var. Hansının daha məqsədəuyğun olduğuna qərar verəcəyik”.
“Neftçi” akademiyasına gətirməməyinin səbəbini açıqladı
“Neftçi”nin baş məşqçisi nəvəsini baş məşqçi olduğu klubun akademiyasına gətirməməsinin səbəbini də izah edib.
O bildirib ki, İvana sırf baş məşqçinin nəvəsi olduğu üçün fərqli münasibət göstərilməsini istəmir: “Bilirəm ki, “Neftçi” akademiyası çox yaxşı səviyyədədir. Oranı çox bəyənirəm. Çünki 19 yaşlıların və əvəzedicilərin futbolçularını tez-tez əsas komandanın məşqlərinə cəlb edirəm. Hazırda da akademiyadan olan iki futbolçu bizimlə birlikdə məşq edir. Burada yaxşı məktəb və səviyyə var. Amma başa düşürəm ki, nəvəmi 1-2 ay müddətinə “Neftçi” akademiyasına gətirsəm, ona münasibət fərqli ola bilər. Kimsə deyə bilər ki, baş məşqçinin nəvəsidir və istər-istəməz ona xüsusi yanaşmağa çalışacaqlar. Mən isə bunu istəmirəm”.
Vernidub hesab edir ki, gənc futbolçu yalnız öz əməyinə və bacarığına görə inkişaf etməlidir: “Hamıdan yaxşı bilirəm ki, tanışlıq, valideynlərin və ya babaların nüfuzu hesabına inkişaf edən futbolçudan yaxşı nəticə çıxmır. İstəyirəm, elə bir akademiyada məşq etsin ki, ona heç kim fərqli münasibət göstərməsin. Ondan yalnız məşqlərinə, işinə və inkişafına görə tələb olunsun. Digər gənc futbolçulara necə yanaşılırsa, ona da eyni şəkildə yanaşılsın”.
“Fərdi məşqlər komanda oyunçusu üçün kifayət etmir”
Vernidub nəvəsinin fərdi məşqçi ilə işləmək istədiyini də bildirib. Onun sözlərinə görə, bu məqsədlə “Neftçi” rəhbərliyinə də müraciət edilib.
“Nəvəm özü dedi ki, fərdi məşqçi ilə işləmək istəyir. Biz də rəhbərliyə müraciət etdik ki, bu məsələdə bizə kömək olsunlar. Amma siz də yaxşı başa düşürsünüz ki, fərdi məşqlər komanda idman növü ilə məşğul olan bir uşaq üçün kifayət etmir.
Mən istəyirdim ki, bu iki ay ərzində tam şəkildə komanda ilə işləsin. Çünki avqustun 20-dən sonra Avropadakı bir akademiyada baxışa yollanacaq”.
“Babası məşqçi olub, amma bunların heç biri ona kömək etməyəcək”
Vernidub nəvəsinin futbolçu olmaq üçün ilk növbədə özü çalışmalı olduğunu vurğulayıb.
“Onda böyük həvəs və istək var. Atası futbolçu olub, babası da həm futbolçu, həm də məşqçi. Amma özü futbolçunun etməli olduğu işi görməsə, həqiqətən, peşəkar futbolçu olmaq üçün çalışmasa, bunların heç biri ona kömək etməyəcək.
Ola bilər ki, hər şey alınsın. Alınmasa, təhsilini davam etdirəcək və başqa bir peşə seçəcək. Bu da tam normaldır. Mənim üçün əsas olan yalnız bir məsələdir – onun hamı ilə eyni şəraitdə olması”.
Vernidub sonda övladlarına və nəvələrinə öz nüfuzuna görə xüsusi münasibət göstərilməsini istəmədiyini bildirib.
“İstəmirəm ki, övladlarıma və nəvələrimə sırf mənim müəyyən nüfuzum olduğuna görə başqalarından daha yaxşı münasibət göstərilsin. Oğlum Vitali ilə də belə olub. Əsas odur ki, uşaqlar oynasınlar, inkişaf etsinlər və gələcəkdə böyük futbolçuya çevrilsinlər”.



No Comment! Be the first one.