Zaur İsmayılov: Birinci penalti mübahisəli idi
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik və qapımızda penalti qolları gördük. Hesabı bərabərləşdirsək də, yenidən səhv edib uduzduq”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Qapınıza təyin olunan iki penalti qərarı ilə razısınız?
– Birinci penalti bir az mübahisəlidir. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımız öncə topu çıxarır, ikinci epizodda isə toxuşun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.
– Ağadadaş Salyanskinin ardıcıl üçüncü matçda qol vurmasını necə dəyərləndirirsiniz?
– Əlbəttə, o, istər ehtiyatda olanda, istərsə də məşqlərdə həmişə çalışırdı. “Qarabağ”la oyundan sonra əsas heyətə düşdü və ardıcıl qollar vurmağa başladı. Təəssüf ki, bu oyunda ikinci qolu da vura bilərdi, zərbəsi dirəkdən döndü. Komanda uduzsa da, onun hər matç fərqlənməsi sevindirici haldır.
– Milli fasiləyə qədərki dövrü uğursuz saymaq olar. İki həftəlik fasilədə əsasən nəyin üzərində işləyəcəksiniz?
– Müdafiədə kobud səhvlərimiz olur, maksimum bu xətaların üzərində işləməliyik. Eyni zamanda hücumda yaranan imkanlardan daha səmərəli istifadə etməliyik. Fasilə dövründə də çatışmayan cəhətlərimizi minimuma endirməyə çalışacağıq.



No Comment! Be the first one.