"Zenit" dağıstanlılara sataşdı - Cavabı ağır oldu
Rusiyanın “Dinamo Mahaçqala” klubu Sankt-Peterburq “Zenit”indən azarkeşlər və bütün Dağıstan xalqı qarşısında açıq üzr istəməyi tələb edib.
Sportify.az xəbər verir ki, buna “Zenit”in sosial şəbəkə hesablarında yayımlanan və sonradan silinən epiqram səbəb olub.
Epiqramda Dağıstanla bağlı “burada saqqalları dibindən qırxırdılar” və küləyin “papaqları başdan qoparıb apardığı” ifadələrindən istifadə edilib. Mahaçqala təmsilçisi bu sözləri qəbuledilməz hesab edib.
Klubun açıqlamasında bildirilib:
“Burada “saqqalları dibindən qırxırdılar” və küləyin “papaqları başdan qoparıb apardığı” ifadələrini qəbuledilməz hesab edirik. Hər sözün öz qiyməti var. Xüsusilə də ölkənin ən böyük klublarından biri milyonlarla insanın qarşısında belə ifadələr işlədirsə. “Zenit”in rəhbərliyindən “Dinamo Mahaçqala” azarkeşləri və bütün Dağıstan xalqı qarşısında açıq üzr istəməsini gözləyirik”.
“Zenit”in sosial şəbəkə hesablarından silinən epiqramla bağlı qalmaqalın diqqətçəkən məqamı da var. Məlumata görə, Sankt-Peterburq klubu mübahisəli paylaşımı Mahaçqala “Dinamo”sunun rəhbərliyinin üzr tələbi ilə çıxış etməsindən cəmi bir dəqiqə əvvəl silib.
Qeyd edək ki, “Zenit” və “Dinamo Mahaçqala” arasında Rusiya Premyer Liqasının XII tur matçı bu gün keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.



[…] Sportify.az xəbər verir ki, bu barədə məlumat vermişdik. […]