NTD-dən yeni strategiya
NTD Basketbol Klubu yeni mövsüm ərəfəsində strategiyasında dəyişiklik edib.
Sportify.az xəbər verir ki, yeni strategiyaya əsasən, komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək. Məqsəd gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafına şərait yaratmaqdır.
NTD-nin heyətində U-20 millisinin üzvləri ilə yanaşı, bir neçə legioner də çıxış edəcək. Məşqçilər korpusu isə təcrübəli mütəxəssis Anar Sarıyevin komandaya qoşulması ilə güclənib.
NTD-nin baş məşqçisi Tahir Baxşıyev yeni strategiyanın səbəblərini açıqlayıb:
“Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik.
U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün gənc oyunçuların daha çox meydana çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir.
Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətimizdə bir neçə legioner də çıxış edəcək.
Başa düşürük ki, qarşıdakı mövsüm bizim üçün asan olmayacaq. Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq.
Məşqçilər korpusumuzu da gücləndirmişik. Anar Sarıyev komandamıza qoşulub”.



No Comment! Be the first one.