Qurban Qurbanov milli fasiləyə etiraz etdi: “İstədiyimiz hazırlığı keçə bilmirik” - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra brifinq keçirib. Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
– Pis oyun alınmadı. İstərdik ki, bəzi futbolçularımız da burda olsunlar və sona kimi oynamasınlar. Amma müəyyən səbəblərə görə bir az çatışmazlığımız oldu. Hər bir halda bir az lazım olan yüklənməni komandaya verdik və bu gün hazırlığımızı tam oyunla tamamladıq. Rəşad Sadıqov da sağ olsun, ciddi problemləri olsa da, oynamağa razılaşdı. Düşünürəm ki, maraqlı oyun alındı. Son dəqiqələri çıxsaq, ilk 50-60 dəqiqə heç də çempionat oyunundan fərqlənmədi. Yaxşı, maraqlı oyun alındı. Daha yaxşı olardı ki, bir çox oyunçularımız ən azından bu gün meydanda olsunlar, 90 dəqiqə oyun keçirsinlər. Ümumiyyətlə, oyundan da, hazırlıqdan da razı qaldım.
– Kənarda məşq edən iki futbolçunu əsas komandaya cəlb etmisiniz?
– Son məşqlərdə heyətə dəvət eləmişik, amma 19 komandamızın üzvləridir. Onları akademiyamızın rəhbəri Aftandil Hacıyev gətirib. Elə orada oynayırlar, yavaş-yavaş cəlb eləməyə başlamışıq.
– Potensiallarından razısınız?
– Pis deyillər, maraqlı futbolçulardırlar.
– Legionerlərinizdən Renaldo Sefas Yamayka millisində zədələnib. Bu barədə nə deyə bilərsiniz?
– Sabah səhər gələcək, elə günorta həkim müayinəsi yazılıb, Günün ikinci yarısında durumuna tam aydınlıq gələcək.
– İndiyədək bu qədər milli fasilə heç vaxt olmayıb. Bu fasilə klubunuza necə təsir edib?
– Burada, məncə, müsbət bir şey yoxdur. Formatda elə bir dəyişiklik ediblər ki, oyunçularımızı tam əlimizdə saxlaya bilmirik, oyunçu sayımız həddindən artıq az olur və istədiyimiz hazırlığı keçə bilmirik. Milli komandaya gedən oyunçular üçün 4 matç həddindən artıq çoxdur. 3-4 gündən bir belə oyunlar, belə bir milli səviyyəsində, məncə, bütün komandalara, məşqlərə, işimizə təsir edir, böyük bir problemdir. Məsələn, Sefas zədələnib, amma 4 gündür Bakıya gələ bilmir. Halbuki zədələndiyi oyundan sonra gəlməli idi. Bu gün-sabah, bu gün-sabah, amma hələ sabah gəlib çıxasıdır. Hansı ki, yeni-yeni öz idman formasını geri qaytarmağa başlamışdı. Bu qədər müddət kənarda olması, əlbəttə, bizim üçün böyük problemdir. Eləcə də digər futbolçular, komandalar üçün. Xüsusən, heyətdə böyük yeniliklər edənləri nəzərdə tuturam. Bu oyunçuların getməsi, o cümlədən Bruno Lanqa və digərləri, hansı ki, uzun müddətdir. Yenidən bunları formalaşdırmaq, yenidən adaptasiya etdirmək yenə müəyyən bir vaxt aparacaq.
– Marko Yankoviçin Monteneqro millisinin heyətində İrəvanda Ermənistana qarşı UEFA Millətlər Liqasının oyununa sanki bir azərbaycanlı kimi çıxmışdı…
– Mən də ona təşəkkür edirəm. Ümumiyyətlə, bura gələn futbolçular – nəinki Yankoviç, hər biri bilirlər ki, “Qarabağ” nə deməkdir. Burada hansı təbliğatlar gedir, nə cür onlara çatdırılır. Əlbəttə, hamı ilk olaraq öz ölkəsinə hörmətlə yanaşmalıdır. Bu, istənilən ölkənin başına gələ bilər. Bundan başqa öz adı, öz ölkəsi üçün və sonra bizim üçün də istər-istəməz hansısa agresiya qalır. Azacıq da olsa borcu qalır ki, bu komandanı da yaddan çıxarmasın və əlavə motivasiya alsın.
– Zakaria Savo meydana çıxdı. Rəsmi oyunlara tam hazırdır, yoxsa hələ bir müddət də ehtiyac var?
– Ola bilər, bir az ehtiyatla davranaq. Çünki əzələ zədəsi, özü də uzun müddətli idi. Bu gün də gördünüz ki, ikinci hissədə meydana çıxdı. Amma ümumilikdə hər şey qaydasında gedir. Gedişata baxacağıq. Məşqlərdəki dinamikasına, bərpasına, məşqdən sonrakı gedişata. Amma hər şey daha yaxşı gedir.
– Bəhlul Mustafazadədə də proses uzandı…
– Amma məncə, bu, son prosesdir. Hər şey yaxşıya doğru gedir. Yaxın günlərdə fərdi məşqlərə, daha sonra komanda ilə tam məşqlərə başlayacaq.
– Öz millimizə gələk. Lixtenşteynlə bu nəticəni gözləyirdinizmi və sabah Litva ilə qarşılaşmadan nə gözləyirsiniz?
– Çox danışılacaq bir şey yoxdur. Dəfələrlə bildirmişəm, bu gün futbol elə bir səviyyəyə gəlib çatıb ki, hamımızın zəif kimi düşündüyümüz komandalar, tam başqa bir futbol oynayırlar, başqa bir hazırlıq gedir. İstənilən ölkədə inkişaf gedir, istənilən komanda belə oyunlarda özünü ən yaxşı tərəfdən göstərə bilər. Çünki hər komandanın, hər futbolçunun, o cümlədən də hər baş məşqçinin Avropa təcrübəsi o qədər artıb ki, heç bir oyunda nə asan qalibiyyət olur, nə də hansısa oyunda rahat oyuna çıxa bilirlər. Düşünmürlər ki, bu oyunda üç xal mənim cibimdədir, belə bir düşüncə heç bir məşqçidə və futbolçuda yoxdur. Qaldı ki, əlbəttə, daha yaxşı olmağını istərdik, amma irəli baxmaq lazımdır. Hələ qarşıdakı oyunlardan maksimum çalışıb, maksimum xal əldə etmək lazımdır. Motivasiyamız qaydasında olmalıdır, bir az neqativ fikirlərdən uzaq olmalıyıq. Sabahkı oyunda da inanıram ki, yaxşı nəticə ilə meydanı tərk edərlər. Düşündüyümüz neqativ fikirlər də geridə qalar. Bu gün hansısa bizə sərf etməyən nəticəni düşünüb, futbolçuların üzərinə getsək, düşünsək ki, bu komandanı udmadıqsa, bizim gələcək futbol karyeramı yoxdur, bu bizə ancaq mani ola bilər. Biz də dəfələrlə özümüzdən iki-üç baş güclü komandalara qarşı daha yaxşı nəticə əldə etmişik. Hamı düşünüb ki, bəlkə də böyük hesabla məğlub olacağıq, amma tam əksi olub. Qalib də gəldiyimiz oyunlar olub, heç-heçə etdiklərimiz də. Ona görə də məncə, çox da müzakirə etmədən önə baxmaq lazımdır ki, futbolçular da, bütün heyət də oyuna tam yaxşı motivasiya ilə köklənə bilsinlər.



No Comment! Be the first one.