Lorenzo Mezzotero: Azərbaycan mənim evimdir
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun evdə Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra Sportify.az-a müsahibəsi:
– Oyunla bağlı fikirləriniz necədir?
– Bu gün məqsədimiz Azərbaycanın U-21 millisinin əvvəlki 9 xallıq rekordunu yeniləmək idi. Buna nail olduq. Komanda olaraq çox xoşbəxtik. Kollektiv şəkildə yaxşı oyun keçirdik, 3:0 hesabı ilə qalib gəldik, qapımızı toxunulmaz saxladıq və qollar vurduq. Rekordu yenilədiyimiz üçün də çox sevinirik.
– Azərbaycan millisinə adaptasiya ola bilmisinizmi və dil bilməməyiniz problem yaratmır?
– Hər dəfə Azərbaycan millisinə dəvət olunanda bunun mənim üçün böyük şərəf olduğunu düşünürəm. Bu, mənim ikinci toplanışımdır. Ümid edirəm ki, qarşıda belə toplanışlar çox olacaq. Çalışmağa davam edirəm, xoşbəxtəm və bu anlardan zövq alıram. Azərbaycan – mənim evimdir. Burada altı gözəl il keçirmişəm. 6 yaşımda bura gəlmişəm və 12 yaşıma qədər burada yaşamışam. Ona görə də Azərbaycan mənim üçün ev kimidir. Bütün uşaqlığım burada keçib. Çoxlu dostlarım var, burada məktəbə getmişəm. Bu ölkəyə qayıtmaq mənim üçün həmişə böyük şərəfdir. Buna görə çox xoşbəxtəm.
– Azərbaycan dilində hansı sözləri bilirsiniz?
– “Salam, necəsiniz”? mən yaxşıyam (gülür – red.). Demək olar ki, çox şeyi başa düşürəm, amma bir qədər az danışıram.
– Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?
– Burada yeməklər çox yaxşıdır. Oyunlara hazırlaşmaq üçün Bakıda 14 gün qaldım və çox yaxşı qidalandım. Buna görə xoşbəxtəm. Düşünürəm ki, bir neçə kq da almışam (gülür).
Mənim üçün toyuqla düyü və kartofun hazırlanma üsulu çox yaxşıdır. Həmçinin humusu da çox sevirəm. Çörəklə birlikdə çox dadlıdır.
– İtaliyadakı klibunuz olan “Sampdoriya”dan məmnunsunuz?
– Hazırda mənim üçün əsas məsələ çox çalışmaq və inkişafa davam etməkdir. Gəncəm və “Sampdoriya”da keçirdiyim vaxtdan zövq alıram. Çox xoşbəxtəm, qollar vururam, çox oynayıram. Həmçinin əsas komandada debüt etmişəm və iki oyun keçirmişəm. Onlar mənə, mən də onlara inanıram. Düşünürəm ki, aramızda çox yaxşı münasibət var və birlikdə böyük işlər görə bilərik.
– U-20 dünya çempionatında iştirak üçün millidən dəvət gözləyirsiniz?
– Bəli. Mən bunu özüm üçün məqsəd və hədəf kimi müəyyənləşdirmişəm. U-20 dünya çempionatının Azərbaycanda keçiriləcəyini bilirəm. Həmçinin bilirəm ki, Azərbaycanın yaxşı keyfiyyətləri var və çox yaxşı nəticələr əldə edə bilərik. Ümid edirəm ki, bu məqsədə çatmaq üçün çox çalışmağa davam edəcəyəm. Bəli, U-20 dünya çempionatında oynamaq istəyirəm.
– Bəs əsas millidən necə?
– Bəli, əlbəttə. Əsas milli komandada oynamaq mənim arzularımdan biridir. Həmişə dediyim kimi, bu, mənim böyük hədəfimdir. Hazırda U-21 millisindəyəm. Amma çox çalışmağa və qol vurmağa davam etsəm, bilirəm ki, bir gün A milliyə yüksələ bilərəm.
– Azərbaycan azarkeşlərinə nə demək istərdiniz?
– Onları çox sevirəm. Mənə göstərdikləri dəstəyə görə çox təşəkkür edirəm. Onlar mənim qəlbimdədirlər.
Bahar Rüstəm



No Comment! Be the first one.