“Bakıda Avropa və dünya çempionatlarını keçirmək üçün infrastruktur mövcuddur” – Müsahibə
Bakı şəhərinin 2026-cı ildə Dünya İdman Paytaxtı elan olunması çərçivəsində ölkədə bir sıra beynəlxalq idman tədbirləri keçirilir. Ötən həftə paytaxtda Üzgüçülük üzrə Dünya Kuboku təşkil olunub, 8–10 oktyabr tarixlərində isə Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresi keçirilir.
Sportify.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb.
– Avropa Su İdmanı Federasiyasının Konqresinin Bakıda keçirilməsinin əsas məqsədi nədir?
– Bildiyiniz kimi, Bakı 2026-cı ilin Dünya İdman Paytaxtıdır və bu çərçivədə ölkəmizdə bir sıra idman tədbirləri təşkil olunur. Bütün bunlar Azərbaycanın təşkilatçı ölkə kimi qazandığı etimadın əyani göstəricisidir.
Ötən həftə Bakıda Üzgüçülük üzrə Dünya Kuboku keçirildi, bu həftə isə Avropa Su İdmanı Federasiyasının Konqresi təşkil olunur. Bu, federasiyanın ali məclisidir və ildə bir dəfə keçirilir. Tədbirdə, demək olar ki, bütün ölkələr iştirak edir.
Konqresdə su idmanı növlərinin gələcəyi müzakirə olunur, hesabatlar təqdim edilir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir. Bu, həm Azərbaycan Üzgüçülük Federasiyasının, həm də ölkəmizin beynəlxalq idman ictimaiyyətində, o cümlədən su idmanı ailəsində fəal iştirakçı olduğunu göstərir.
– Belə tədbirlər zamanı gələcəkdə Azərbaycanda hansısa beynəlxalq yarışın keçirilməsi məsələsi də müzakirə olunurmu? Ölkəmizin Avropa və ya dünya çempionatlarına ev sahibliyi etmək üçün infrastrukturu yetərlidirmi?
– Azərbaycanda həm Avropa, həm də dünya çempionatlarını keçirmək üçün lazımi infrastruktur mövcuddur. Bu, həm idman obyektlərinə, həm də yerləşmə, nəqliyyat və digər zəruri imkanlara aiddir.
Lakin hazırda bu cür məsələlər müzakirə olunmur. Avropa və ya dünya çempionatının Bakıda keçirilməsi indiki mərhələdə nəzərdə tutulmayıb.
– Üzgüçülük üzrə Dünya Kubokunun gələcək illərdə də Bakıda keçirilməsi mümkündürmü? Bu yarış bir neçə illik müqavilə əsasında təşkil olunmuşdu, yoxsa yalnız bu il üçün nəzərdə tutulmuşdu?
– Dünya Kubokunun Bakıda, eləcə də “İpək Yolu” turu çərçivəsində Daşkənd və Astanada keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuş birdəfəlik layihə idi.
Bununla belə, istisna deyil ki, gələcəkdə bu yarışlar silsilə şəklində davam etsin və ənənəvi xarakter alsın. Ancaq hazırda bununla bağlı hər hansı müzakirə aparılmır və qərar qəbul edilməyib.
Bahar Rüstəm



No Comment! Be the first one.