“Türkiyə azarkeşləri öz klublarına sevginin ən böyük nümunəsidir”
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah” doğma meydanda Çexiya təmsilçisi “Slaviya Praqa”nı edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçla bağlı fikirlərini bölüşüb:
– Türkiyə və Azərbaycan futbolunu necə qiymətləndirirsiniz? Türkiyədən, xüsusilə də “Fənərbağça”, “Qalatasaray” və digər klubların azarkeşlərindən sizə salamlar gətirmişik. “Sabah”ın uğurları və klubun inkişafı ilə bağlı Türkiyədə sizə böyük hörmət var. Türkiyəyə mesajınız nədir?
– Bu gözəl sözlərə görə çox təşəkkür edirəm. Azərbaycanla Türkiyə bir-birinə mümkün olduğu qədər yaxındır. Biz çox yaxın xalqlarıq. Mən azərbaycanlı olmasam da, Türkiyə futbolunun tarixini, “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” kimi tarixi klubları, onların möhtəşəm futbolçularını və qazandıqları uğurları hamımız bilirik. Türkiyə klubları uzun illərdir Çempionlar Liqasında və digər Avropa turnirlərində çıxış edirlər.
Amma deməliyəm ki, Azərbaycan futbolu da bu səviyyəyə yaxınlaşır. Ardıcıl iki il Çempionlar Liqasında iki klubla təmsil olunmaq Azərbaycanın uğuru baxımından heç də pis nəticə deyil.
Türkiyəli azarkeşlərin futbola nə qədər böyük həvəslə yanaşdıqlarını və komandalarını necə dəstəklədiklərini bilirik. Türkiyə bütün Avropa üçün azarkeşlik baxımından ən böyük nümunələrdən biridir. Bəlkə də mesajımı Türkiyə azarkeşlərinə deyil, Azərbaycan futbolsevərlərinə ünvanlamaq daha doğru olar. Onlar türk qardaş və bacılarımızdan komandalarını necə sevməyi və dəstəkləməyi öyrənə bilərlər. Çünki öz klubuna sevgi məsələsində türk xalqından daha yaxşı nümunə göstərmək çətindir.
– Çexiya mətbuatında “Slaviya Praqa”nın uzun müddətdir səfərdə qələbə qazana bilmədiyi və sabahkı oyunun bunun üçün yaxşı fürsət olduğu bildirilir. Bu yanaşma sizi və komandanızı əlavə motivasiya edə bilərmi?
– Bəli, bilirik ki, “Slaviya Praqa” 2007-ci ildən bəri, təxminən 20 oyundur, bu baxımdan qələbə qazana bilməyib. Amma biz öz mövqeyimizi və vəziyyətimizi yaxşı anlayırıq. Çempionlar Liqasında bizim üzərimizdə böyük məsuliyyət və təzyiq var.
Çempionlar Liqasındakı bütün komandaları nəzərdən keçirsək və onlardan hansı rəqibə qarşı xal qazanmaq şanslarının daha yüksək olduğunu soruşsaq, təbii ki, bizim adımızı çəkə bilərlər. Çünki Çempionlar Liqasına vəsiqə qazanmaqla gözəl bir hekayə yazmışıq, amma hələ sübut etməli olduğumuz çox şey var.
Əlavə motivasiyamız “Slaviya”ya məğlub olmamaq və ya onu məğlub etmək deyil. Əsas motivasiyamız bu səhnəyə çıxaraq futbol oynaya bildiyimizi, öz oyun kimliyimizin olduğunu, yaxşı futbolçulara və məşqçi heyətinə sahib olduğumuzu göstərməkdir. Artıq bir möcüzəyə imza atmışıq və bu arzunu mümkün qədər uzun müddət yaşatmaq istəyirik.
– Çempionlar Liqasında “Sabah”ın qarşısına çox güclü rəqiblər çıxıb. Sizcə, belə çətin rəqiblərlə qarşılaşmaq futbolçuların təcrübə qazanması baxımından daha faydalıdır, yoxsa daha münasib rəqiblərlə oynayıb daha çox xal toplamaq üstünlük təşkil edərdi?
– Biz Çempionlar Liqasındayıq və bu turnirdə qarşılaşacağımız hər bir komanda yüksək keyfiyyətə malikdir. Burada asan rəqib yoxdur. Mən kiməm ki, hansı rəqiblə oynamaq istədiyimizi seçim?
Püşk belə gətirdi və bizim rəqibimiz “Slaviya Praqa” oldu. İndi bütün diqqətimizi bu oyuna yönəltmişik. Onların öz oyun üslubu var, “Borussiya Dortmund”un fərqli, “Vilyarreal”ın isə başqa oyun üslubu olacaq.
Bizim işimiz hər oyuna hazırlaşmaqdır. Futbolun dünyanın ən yaxşı oyunu olmasının səbəblərindən biri də budur: qələbə qazanmağın çoxsaylı yolları var və heç bir komanda digərinin tam eyni deyil.
“Slaviya Praqa”nı təhlil etmisiniz. Bəs rəqibin hansı oyun üslubunu gözləyirsiniz? Sabahkı matçda onların necə oynayacağını düşünürsünüz?
“Slaviya Praqa” çox yaxşı oyun üslubuna malik komandadır və oynamaq istədiklərini həqiqətən yüksək səviyyədə həyata keçirirlər.
Onlar fiziki cəhətdən son dərəcə güclü komandadırlar. Sadəcə fiziki futbol oynamaqla kifayətlənmirlər, bunu bütün oyun ərzində edirlər. Yorulmurlar, daim pressinq tətbiq edir və meydanın hər yerində fərdi markinqdən istifadə edirlər. Bu, həqiqətən, özünəməxsus oyun üslubudur.
Düşünürəm ki, komanda və məşqçi uzun müddətdir birlikdə çalışırlar. Futbolçular da məhz bu oyun üslubuna uyğun seçiliblər. Onlar öz oyunlarını çox yaxşı icra edirlər və hücumda şaquli futbol oynayırlar.
Topu qazandıqdan sonra uzun müddət topa sahib olmağa, ardıcıl dörd-beş ötürmə etməyə çalışmırlar. Hətta Çexiya liqasında yeddi və daha çox ötürmə ilə nəticələnən hücumların sayına görə sonuncu yerdədirlər. Bu da o deməkdir ki, bir-iki ötürmədən sonra topu dərhal irəliyə göndərirlər və futbolçular hücuma keçməyə hazır olurlar.
Biz çox diqqətli olmalı, oyunun heç bir anında konsentrasiyamızı itirməməliyik. Çünki bu səviyyədə olan komandalar rəqibin səhvlərini cəzalandırmağı yaxşı bacarırlar.
Bununla yanaşı, bizim də güclü tərəflərimiz var. “Slaviya”nın zəif cəhətlərini tapmalı və xırda detalları düzgün icra etməliyik. Mentalitetimiz, diqqətimiz və bütün 90 dəqiqə ərzində konsentrasiyamızı qorumağımız vacibdir. Hər bir futbolçu öz rolunu dəqiq bilməli və fərdi mübarizələrdə qalib gəlməlidir. Sabahkı 90 dəqiqə ərzində müsbət nəticə qazanmaq üçün çox şey baş verəcək.
– “Mançester Yunayted”lə oyunda üç xal gözləmək bəlkə də real görünmürdü. Amma “Slaviya Praqa” digər rəqiblərlə müqayisədə daha münasib rəqib hesab olunur. Cəmiyyətin və azarkeşlərin “Sabah”dan qələbə gözləməsi sizdə və komandada təzyiq yaradırmı?
– Sualınıza görə təşəkkür edirəm. Mən həqiqətən inanıram ki, bu səviyyədə meydana çıxanda ən yaxşı oyunumuzu göstərməyi hədəfləməliyik. Meydana çıxan iki komandanın hər ikisi qələbə qazanmaq istəyir. “Slaviya Praqa” da qələbə gözləyir, biz də.
90 dəqiqə ərzində meydanda çox şey baş verə bilər. Məşqçi kimi mənim əsas vəzifəm ilk növbədə komandanın oyununa və meydanda baş verənlərə diqqət yetirməkdir. Çünki adətən yaxşı oynadıqda üç xal qazanmaq şansınız da daha çox olur.
İlk növbədə, oyun planını və verilən tapşırıqları mümkün qədər dəqiq yerinə yetirməliyik. Məqsədimiz hər detalı ən yaxşı şəkildə icra etmək və üç xal qazanmaq üçün layiqli fürsət əldə etməkdir.
Bahar Rüstəm



No Comment! Be the first one.