"Slaviya"nın futbolçusu: "Sabah" Çempionlar Liqasında ən zəif rəqibdir
Çexiyanın “Slaviya Praqa” komandasının futbolçusu Tomaş Vlçek Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcəkləri “Sabah” barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, çexiyalı müdafiəçi Azərbaycan təmsilçisinin qısa müddətdə əldə etdiyi uğurları nağıla bənzədib.
“Bu cür hekayələri sevirəm, hər şey nağıla bənzəyir. Yəqin ki, heç kim buna inanmırdı. Buna görə də onlar uğurlarından daha çox zövq alırlar. Çərşənbə axşamı onlarla qarşılaşacağımız üçün həyəcanlıyam”, – deyə 25 yaşlı oyunçu bildirib.
19 ildir Çempionlar Liqasında qələbə qazana bilməyən “Slaviya”nın bu uğursuz seriyasına son qoymaq istədiyini deyən Vlçek ilk turda evdə Fransa “Lans”ına 2:3 hesabı ilə uduzduqları qarşılaşmanı da xatırladıb. O, komandanın həmin qarşılaşmada qələbəyə yaxın olduğunu vurğulayıb.
“Bu barədə çox danışmırıq, özümüzə əlavə təzyiq yaratmaq istəmirik. Amma bunu hiss edirik, xüsusən də “Lans”la oyundan sonra. Həmin görüşdə qələbəyə yaxın idik. Mübarizə apardıq və oyunun gedişatına baxmayaraq, yaxşı çıxış etdik. Müsbət məqamları götürməli və nəhayət, qələbə qazanmalıyıq. Artıq çox uzun müddətdir qalib gəlmirik. Məşqçilər, futbolçular və azarkeşlər Çempionlar Liqasında qələbəyə layiqdirlər. Bu seriyaya son qoymaq istəyirik”, – o söyləyib.
Vlçek “Sabah”ın “Slaviya”nı yaxşı təhlil etdiyini, komandasının uzun müddətdir Çempionlar Liqasında qələbə qazana bilməməsinin də rəqib üçün motivasiya ola biləcəyini vurğulayıb: “Rəqib də bizi təhlil edib və yəqin ki, nəticələrimizi, Çempionlar Liqasında uzun müddətdir qələbə qazana bilmədiyimizi görüb. Bəlkə də bu, onları bir qədər motivasiya edir. Düşünürəm ki, rəqib təsnifat mərhələsindəki oyunlarının videolarında gördüyümüz kimi oynayacaq. Biz buna hazırlaşmalı, qələbə qazanmaq və üç xalla geri qayıtmaq üçün yaxşı çıxış etməliyik”.
Çexiyalı futbolçu Azərbaycan klubunu “Slaviya”nın bu mövsüm turnirdəki kağız üzərində ən zəif rəqibi hesab etsə də, qarşılaşmanın asan keçəcəyini düşünmür: “Kağız üzərində “Sabah” bizim üçün cari mövsümdə ən zəif rəqibdir. Amma Çempionlar Liqasına zəif komanda düşmür. Burada bütün klublar keyfiyyətlidir. Təsnifat mərhələlərini yalnız çox güclü komandalar keçə bilir. Videolara baxanda bunu gördük. “Sabah”ın keyfiyyətli futbolçuları var, hər komanda kimi onların da boşluqları mövcuddur. Çempionlar Liqasına onları gözəl futbol gətirib. Kağız üzərində ən zəif rəqib olsa da, asan oyun gözləmirik. İndi əsas məsələ bizim yaxşı hazırlaşmağımızdır”.
Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya” matçı saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.