"Sabah"ın oyununu "Barselona"ya bənzədirəm"
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah” doğma meydanda Çexiya təmsilçisi “Slaviya Praqa”nı edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Slaviya Praqa”nın baş məşqçisi Yindrix Trpişovski və futbolçusu Tomaş Vlçek jurnalistlərin suallarını cavablandırıb:
– “Sabah”ın qısa müddətdə Çempionlar Liqasına yüksəlməsi barədə nə düşünürsünüz?
– Mən belə hekayələri sevirəm. Düşünürəm ki, onlar üçün bu, həqiqətən, nağıl kimidir. Yəqin ki, əvvəllər heç kim buna inanmırdı. Amma məhz buna görə indi bu uğurun sevincini daha çox yaşayırlar. Belə hekayələri sevirəm və sabah onlarla qarşılaşacağımız oyunu səbirsizliklə gözləyirəm.
– Komandanın qısa müddətdə belə böyük uğur qazanmasını necə qiymətləndirirsiniz?
– Futbolun gözəlliyi də bundadır ki, hər klubun öz hekayəsi var. Bəzən böyük tarixə malik klubun bir hissəsi olursunuz, bəzən isə hər şeyi sıfırdan qurmaq imkanı əldə edirsiniz.
Buradakı insanların gördüyü işin çox yaxşı olduğunu düşünürəm. Onlar klubun təməlini qoyur, tarixini yaradırlar və bu prosesdən zövq almalıdırlar. Çempionlar Liqasına bu qədər tez yüksəlmək böyük uğurdur. Bəzi klublar, məsələn, “Zalsburq” bu səviyyəyə çatmaq üçün təxminən 20 il çalışıb. “Sabah”ın uğuru isə komandanın keyfiyyətini təsdiqləyir. Videotəhlillər zamanı da bunu gördük.
– Komandanın futbolçularının sağlamlıq vəziyyəti necədir? Səfərdən əvvəl bəzi oyunçuların bərpa prosesində olduğu bildirilirdi.
– Futbolçuların vəziyyəti fərqlidir. Bu, onların milli komandalarında nə qədər oynamaqlarından, nə qədər səfər etmələrindən və burada qalan futbolçuların vəziyyətindən asılıdır.
Bəzi oyunçularımız uzun müddətdən sonra, hətta bəziləri üç ildən sonra ilk dəfə fasilə dövründə oyun keçirmədən hazırlaşmaq imkanı əldə etdilər. Ümid edirəm ki, bunun müsbət təsirini görəcəyik.
Hansı futbolçuların sərəncamımızda olmadığını bilirik. Digər tərəfdən, Oskar Kubiklə yanaşı, komandaya qoşulan yeni futbolçuların da bizimlə səfərə gəlməsi müsbət məqamdır. Ümid edirik ki, “Hradeç Králove” ilə oyuna qədər daha bir neçə futbolçu komandaya qoşulacaq.
Çoxsaylı turnirlərdə iştirak edən Avropa klublarının əksəriyyəti kimi, bizim də zədəli oyunçularımız var. Onların mümkün qədər tez sıraya qayıtmasını istəyirik. Bəziləri isə yenidən zədələnə bilər. Bu, futbolun hazırkı reallıqlarından biridir.
Ancaq hazırda sərəncamımızda olan heyətdən razıyıq. Heyəti məhz belə vəziyyətləri nəzərə alaraq qurmuşuq. Mövsüm ərzində indiyədək futbolçularımızın yoxluğunu kompensasiya edə bilmişik və bundan sonra da belə davam etməyə çalışacağıq.
– Komandanız Çempionlar Liqasında Azərbaycanda sonuncu qələbəsini 19 il əvvəl qazanıb. Mövsüm ərzində bu uzun fasiləni necə düşünürsünüz? Komanda daxilində bu barədə danışırsınızmı?
– Biz bu mövzuya çox toxunmamağa çalışırıq ki, özümüzə əlavə təzyiq yaratmayaq. Əlbəttə, hamımız bu vəziyyətin fərqindəyik.
“Lans”la oyundan sonra komandamızın qələbəyə çox yaxın olduğunu gördüm. Həmin matçda baş verənləri nəzərə alsaq, məncə, çox yaxşı çıxış etmişdik. İndi həmin oyunun müsbət tərəflərini özümüzlə götürməli və nəhayət, qələbə qazanmalıyıq.
Artıq uzun müddətdir Çempionlar Liqasında qalib gələ bilmirik. Düşünürəm ki, azarkeşlərimiz, məşqçilərimiz və futbolçularımız bu qələbəyə layiqdirlər. İstəyirik ki, bu seriyaya son qoyaq.
Həmin qələbə zamanı nə etdiyimə gəlincə, bunu dəqiq xatırlaya bilmirəm.
– Undanın zədəsi ilə bağlı son vəziyyət necədir? O, nə vaxt meydana qayıda bilər?
– Təəssüf ki, onun zədəsi eyni nahiyədə təkrar-təkrar meydana çıxır. “Zlin”lə oyundan əvvəl bir həftə bizimlə məşq etmişdi, lakin zədəsi yenidən eyni yerdə təkrarlandı. Bu, artıq üçüncü dəfədir.
Buna görə də onun yoxluğu daha uzun çəkəcək. Hazırda dəqiq müddət demək çətindir, amma ən azı altı həftəlik fasilə gözlənilir. O, qarşıdakı milli komanda fasiləsi dövründə də meydana çıxa bilməyəcək.
Sonrakı qayıdış vaxtı zədənin necə müalicə olunac
ağından asılı olacaq. Eyni nahiyədə təxminən bir ay yarım ərzində üçüncü dəfə problem yaranıb. Hazırda onun sərəncamımızda olmadığını bilirik. Növbəti milli komanda fasiləsindən sonra vəziyyətə yenidən baxacağıq.
– Komanda yoldaşların oyundan əvvəl özlərinə çox güvəndiklərini bildiriblər. Sizcə, bu amil rəqibə əlavə motivasiya verə bilərmi?
– Düşünürəm ki, onlar da bizi təhlil ediblər, nəticələrimizi görüblər və uzun müddətdir qələbə qazana bilmədiyimizi bilirlər. Bu, onlara müəyyən qədər motivasiya verə bilər.
Ancaq hesab edirəm ki, rəqibimiz əvvəlki təsnifat mərhələlərindəki oyunlarda gördüyümüz üslubda çıxış edəcək. Biz də buna yaxşı hazırlaşmalı, öz oyunumuzu göstərməli və buradan üç xalla ayrılmaq üçün əlimizdən gələni etməliyik.
– “Sabah”ın oyunlarını videoyazılar vasitəsilə təhlil etmisiniz. Rəqib haqqında hansı qənaətə gəlmisiniz? Onun oyun üslubunu başqa bir komanda ilə müqayisə etmək mümkündürmü?
– Oyunçuların mövqelərini və komandanın oyun prinsiplərini nəzərə alsaq, “Sabah”ı müəyyən mənada “Barselona” ilə müqayisə etmək olar. Hücumda 4-3-3, müdafiədə isə 4-1-4-1 sxemindən istifadə edirlər. Oyun prinsipləri kifayət qədər oxşardır.
“Sabah” təsnifat mərhələlərindəki oyunlarının əksəriyyətində eyni üslubda çıxış edib. “Mançester Yunayted”lə qarşılaşmada isə oyunun gedişatına uyğun olaraq bəzi dəyişikliklər etdilər.
Onlar hücumdakı üç bacarıqlı futbolçudan maksimum yararlanmağa, topu həmin oyunçulara çatdırmağa çalışırlar. Qapıçıları da ayaqla çox yaxşı oynayır və komandanın hücum quruculuğuna böyük kömək edir.
“Sabah” topa nəzarət etməyə, rəqibi ötürmələrlə üstələməyə, cinahlardakı boşluqlardan istifadə etməyə və hücumçularının fərdi keyfiyyətləri, driblinqləri sayəsində üstünlük qazanmağa çalışır. Təsnifat mərhələlərində bunu çox yaxşı bacarıblar.
Onların həm “Mançester Yunayted”lə, həm də digər oyunlarda təhlükəli hücumları olub. Bəzi epizodlarda topu ucuz itirərək qollar buraxıblar, amma ümumilikdə maraqlı futbol nümayiş etdiriblər.
Bu komanda əsasən mövqeli hücumlara üstünlük verir. Güclü pressinq altında olduqda isə sürətli hücumlarla təhlükə yarada bilir. Ümumilikdə, “Sabah” da bir çox belə komanda kimi hücum potensialı müdafiə potensialından daha yüksək olan kollektiv təsiri bağışlayır.
– Təxminən 10 ildən sonra yenidən Azərbaycandasınız. Bu müddətdə Azərbaycan futbolunda və ölkədə hansı dəyişiklikləri görürsünüz?
– Burada ikinci dəfə oluram. Sonuncu səfərimdən təxminən 10 il keçib. Həmin vaxt “Slovan”la burada oynamışdıq və oyunun yeddinci saniyəsində qol vurmuşduq. Düşünürəm ki, bu, uzun müddət Avropa Liqasında rekord olaraq qalmışdı.
Sabah da oxşar hadisə baş versə, buna etiraz etmərəm.

Bakıya yenidən gəlmək çox xoşdur. Şəhər bu 10 il ərzində böyük dəyişikliklərə məruz qalıb və inkişaf etməyə davam edir.
Karyeramda da çox şey dəyişib. Həmin səfərdən bir il sonra “Slaviya Praqa”ya keçdim və indiyədək burada çıxış edirəm. Bu müddətdə çox şey yaşamışam. Ümid edirəm ki, sabah karyeramda çatışmayan bir uğuru da əldə edəcəyik.
Digər tərəfdən, 10 ildir eyni klubda olduğum üçün karyeramın müəyyən tərəfləri dəyişməyib. Əsas dəyişiklik ətraf mühitdə və yaşadığım təcrübələrdədir.
– Çempionlar Liqasındakı rəqiblərinizə baxanda azarkeşlər “Sabah”la oyunda qələbənin mütləq olduğunu düşünə bilərlər. Bukmekerlər də sizi favorit göstərirlər. Bu vəziyyət oyunu daha təhlükəli etmir?
– Kağız üzərində “Sabah” bəlkə də ən zəif rəqib hesab oluna bilər. Ancaq Çempionlar Liqasında asan rəqib yoxdur. Burada iştirak edən bütün komandalar ya təsnifat mərhələlərini keçərək, ya da öz liqalarında uğur qazanaraq bu səviyyəyə yüksəliblər.
Videotəhlillər də “Sabah”ın yüksək keyfiyyətli komanda olduğunu təsdiqlədi. Onların da zəif tərəfləri var, digər komandalar kimi. Amma gözəl futbol oynayırlar və məhz bu keyfiyyətləri sayəsində Çempionlar Liqasına yüksəliblər.
Buna görə də asan oyun gözləmirik. İndi əsas məsələ yaxşı hazırlaşmaqdır.
Tomasın dediklərinə əlavə olaraq, bir neçə il əvvəl Avropa turnirlərində “Balkani” komandası ilə qarşılaşdığımızı xatırlayıram. Həmin vaxt bu komandanı çox adam tanımırdı. Mən də ilk anda onların hansı klub olduğunu araşdırmalı olmuşdum.
Ancaq sonradan həmin komandadan Krasniqi və hazırda Kosovo millisinin kapitanı olan Rrahmani kimi futbolçular çıxış etdilər. Bu, komandanın adının çox tanınmamasının onun keyfiyyətsiz olması demək olmadığını göstərir.
Bəzən böyük adı olan komandaların cari forması yaxşı olmur. Buna görə də yalnız adlara baxmaq düzgün deyil.
Təbii ki, Çempionlar Liqasındakı rəqiblərimizi və öz ambisiyalarımızı nəzərə alaraq məsuliyyətimizi anlayırıq. Əmsallara gəldikdə, bir neçə il əvvəl evdə oynayanda qələbəmizə 1,4 əmsal verilmişdi. İndiki vəziyyət də müəyyən mənada başadüşüləndir. Bizə inam göstərilməsindən məmnunuq və ümid edirik ki, sabah bunu meydanda təsdiqləyəcəyik.
– Bilik yarışlarını sevdiyiniz deyilir. “Sabah”ı nə dərəcədə yaxşı tanıdığınızı nəzərə alsaq, özünüzü belə bir yarışda sınayardınızmı?
– Mən, əlbəttə, idmanla bağlı bilik yarışlarını sevirəm. Tarixə aid suallar da maraqlıdır. Ancaq sabah suallara meydanda futbolçularımız cavab verəcəklər.
Biz onlara müəyyən tapşırıqlar verəcəyik, rəqibin məşqçisi də öz futbolçularına göstərişlər verəcək. Nəticə isə meydandakı futbolçulardan asılı olacaq. Bizim vəzifəmiz onları düzgün istiqamətləndirməkdir.
“Sabah”ın oyun üslubunu öyrənmək müəyyən mənada asandır, çünki onlar əsasən eyni prinsiplərlə oynayırlar. Bu, komandanın özünə üstünlük verir, çünki futbolçular bir-birini yaxşı tanıyırlar. Ancaq rəqib üçün də üstünlük yaradır: onların meydanda harada mövqe tutduqlarını və necə oynadıqlarını əvvəlcədən müəyyənləşdirmək mümkündür.
Əgər mövsüm ərzində istifadə etmədikləri yeni bir taktika ilə bizi təəccübləndirməsələr, hazırlıq prosesimiz daha asan olacaq. Çünki oyunçuların harada yerləşdiyini və hansı prinsiplərlə hərəkət etdiyini bilirik.
Amma yenə də əsas məsələ sabah futbolçularımızın meydanda nə göstərəcəkləridir. Mən bilik yarışında iştirak etməkdənsə, öz oyunçularıma güvənməyi üstün tuturam.
Bahar Rüstəm



No Comment! Be the first one.