Erhan Toker: Enerjili olsaq, yaxşı oyun göstərəcəyik
“LANDAU Lions” bu gün FIBA Avropa Kubokunun 2026/27 mövsümünün müntəzəm mərhələsində G qrupu çərçivəsində Slovakiyanın “Prievidza” ilə qarşılaşacaq.
Sportify.az xəbər verir ki, klubunun baş məşqçisi Erhan Toker matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Bacardığımız qədər yaxşı hazırlaşmışıq. NTD ilə oyundan sonra elə həmin gecə yola düşdük və uzun məsafə qət etdik. Prievidza şəhərinə çatmaq üçün təxminən 12 saat yol getdik. Bir qədər yorulduq, amma matçöncəsi əsas məşqimizə qədər istirahət edə bildik.
Komandaya gəlincə, mərkəz oyunçumuz Arnas Sakenis son məşqdə özünü yoxladı. Onun oynayıb-oynamayacağı matç günü bəlli olacaq.
Səfərdə oynasaq da, “Cenevrə” ilə müqayisədə daha yaxşı çıxış etməyə çalışacağıq. Bu, qrup mərhələsinin oyunudur və artıq bu tempə alışmalıyıq. Düşünürəm ki, kifayət qədər enerjili olsaq, yaxşı oyun göstərə bilərik.
Bəzən müdafiənin hücumdan, yoxsa hücumun müdafiədən qaynaqlandığı müzakirə olunur. Məncə, ilk növbədə aqressiv oynaya bilsək, hücumda da yaxşı çıxış edəcəyik”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



No Comment! Be the first one.