Azərbaycana həndbol daha çox lazımdır, yoxsa peşəkar boks?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının (APBF) prezidenti seçilib.
Sportify.az xəbər verir ki, Nəsirli ilə yanaşı, AAYDA-nın sədr müavini Tural Mailov və Azərbaycanın qadın boksçulardan ibarət millisinin baş məşqçisi İlkin Ağayev də federasiyanın vitse-prezidentləri seçiliblər.
Vüsal Nəsirli daha əvvəl maliyyə naziri Sahil Babayevin prezidenti olduğu Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olub. O, 2022-ci ilin 9 fevralından – Sahil Babayev prezident seçilərkən bu vəzifəyə gəlmişdi. Lakin Babayev növbəti müddətə seçilərkən, İdarə Heyətində yer almayıb. Digər tərəfdən, Nəsirli AAYDA rəhbəri olanadək sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin – Babayevin müavini idi.
Onun məhz APBF prezidenti seçilməsi bir tərəfdən məntiqlidirsə, digər tərəfdən bu seçimin fonunda başqa bir idman növünün taleyi dayanır. AAYDA-nın əvvəlki rəhbəri Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti idi. O, fevralın 6-da dövlət qurumunun rəhbəri vəzifəsini tərk etdikdən sonra federasiyadakı postundan da faktiki ayrılıb. Nəticədə ölkə həndbolu rəhbərlik baxımından qeyri-müəyyən vəziyyətdə qalıb.
Azərbaycanda həndbolun hazırkı mənzərəsi də ürəkaçan deyil. Qadınlardan ibarət Mingəçevirin “Kür” komandası bu idman növünün yükünü böyük ölçüdə təkbaşına daşıyır. Belə bir vəziyyətdə gözlənti Həndbol Federasiyasına yeni rəhbərin gəlməsi, sahənin problemlərinin həllinə diqqət ayrılması olardı. Ancaq Nəsirli həndbolu deyil, peşəkar boksu seçib.
APBF-nin uzun müddət geniş ictimai diqqətdən kənarda qalması və indi yeni rəhbərliklə gündəmə gəlməsi diqqətçəkən məqamdır.
Məsələ burasındadır ki, bu federasiyanın inkişafı ilə bağlı oxşar vədlər yeni səslənmir. Hələ 2019-cu ildə bu qurumun fəaliyyəti, qarşıya qoyulan məqsədlər və beynəlxalq əlaqələr barədə məlumat yayılmışdı. Həmin vaxt APBF-nin prezidenti Azər Həsənov idi. Birinci vitse-prezident vəzifəsini Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-prezident postunu Ziya Əliyev tuturdu, baş katib isə Orxan Muxtarov idi.
O dövrdə də federasiyanın əsas hədəfləri sırasında Azərbaycanda peşəkar boks döyüşlərinin təşkili, yerli boksçuların beynəlxalq səviyyədə tanıdılması və dünya səviyyəli idmançıların yetişdirilməsi göstərilirdi. WBA, WBC, IBF, WBO kimi beynəlxalq peşəkar boks təşkilatları, eləcə də BoxRec və FightFax platformaları ilə əməkdaşlığın qurulması planlaşdırılırdı. Lisenziyalaşdırma sistemi və peşəkar döyüşlərin qaydalara uyğun təşkilinə nəzarət mexanizmləri də nəzərdə tutulurdu.
Aradan illər keçib. İndi isə federasiya yenidən fəaliyyətinin gücləndirilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması kimi hədəflərlə gündəmə gəlir.
Burada haqlı sual yaranır: 2019-cu ildə qarşıya qoyulan məqsədlərin nə qədəri həyata keçirilib? Əgər əsas problemlər bu gün də qalırsa, onların həlli niyə bu qədər uzanıb?
Əlbəttə, 2019-cu ildə açıqlanan planların icra vəziyyəti barədə əlimizdə tam məlumat yoxdur. Buna görə də federasiyanın bütün bu müddət ərzində heç bir iş görmədiyini iddia etmək olmaz. Ancaq əvvəlki hədəflərin illər sonra yenidən inkişaf planı kimi təqdim olunması onların icra nəticələrinin ictimaiyyətə açıqlanmasını zəruri edir.
Peşəkar boksun inkişafına ehtiyac var. Azərbaycanda müntəzəm peşəkar döyüşlərin təşkili, boksçuların beynəlxalq reytinqlərdə təmsil olunması, menecerlər və promouterlərlə əməkdaşlığın qurulması bu sahənin irəliləməsi üçün vacibdir. Lakin yeni rəhbərliyin uğuru vəzifələrə təyinatla və strateji sənədlərin hazırlanması ilə deyil, konkret nəticələrlə ölçüləcək.
İndi federasiyanın qarşısında ikiqat məsuliyyət var: həm yeni idarəçilik mərhələsinin üstünlüklərini göstərmək, həm də illər əvvəl elan edilmiş hədəflərin taleyinə aydınlıq gətirmək. Azərbaycan idman ictimaiyyəti yeni vədlərdən əvvəl görülmüş işlərin nəticələrini də bilmək istəyir.
Əsas sual isə budur: Azərbaycana olimpiya növü olan həndbol daha çox lazımdır, yoxsa geniş azarkeş kütləsinə malik peşəkar boks?



No Comment! Be the first one.