Akim Zedadka: Özümüzə inanırıq və ən yaxşı futbolumuzu nümayiş etdirmək istəyirik
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda təmsilçimiz “Sabah” doğma meydanda Almaniya təmsilçisi “Borussiya Dortmund”u qəbul edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Sabah”ın futbolçusu Akim Zedadka matçla bağlı fikirlərini bölüşüb:
“Bilirik ki, bizi çətin qarşılaşma gözləyir. Bu, Çempionlar Liqasının oyunudur. Ancaq bildiyiniz kimi, biz hər oyuna qələbə qazanmaq məqsədilə çıxırıq. Bakıda öz futbolumuzu nümayiş etdirmək istəyirik. Doğma meydanda azarkeşlərimizin dəstəyi ilə, ailələrimizin önündə oynayacağıq. Əlbəttə, ən yaxşı oyunumuzu keçirmək istəyirik. Bununla belə, hansı rəqiblə qarşılaşacağımızı yaxşı bilirik. Bu, “Borussiya Dortmund”dur. Çempionlar Liqasında hər komandanın özünəməxsus oyun üslubu var, amma bizim yanaşmamız dəyişmir. Hər oyunda ən yaxşı futbolumuzu nümayiş etdirmək, keyfiyyətlərimizi ortaya qoymaq və Çempionlar Liqasından zövq almaq istəyirik. Bəli, bizi çətin oyunun gözlədiyini bilirik. Bunu burada hər kəs anlayır. Ancaq özümüzə inanırıq və ümid edirəm ki, çox yaxşı bir qarşılaşma olacaq”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bahar Rüstəm




No Comment! Be the first one.