Valdas Dambrauskas: “Borussiya Dortmund”a bacardığımız qədər qol vurmağa çalışacağıq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda təmsilçimiz “Sabah” doğma meydanda Almaniya təmsilçisi “Borussiya Dortmund”u qəbul edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
– Borussiya Dortmund” son iki oyunda qol vura bilməyib. Sizcə, bu amil sabahkı qarşılaşmada rəqib üçün əlavə motivasiya ola bilər? Ümumilikdə, rəqib haqqında nə deyə bilərsiniz?
– Əvvəlcə təşəkkür edirəm. Sabah bizə uğurlar lazım olacaq. Rəqibin son iki oyunda qol vura bilməməsinə gəlincə, düşünürəm ki, bu, bizim üçün yaxşı xəbər deyil. Çünki onlar daha da diqqətli olacaqlar, hücum qurmaq və qol vurmaq üçün daha çox çalışacaqlar. Bununla belə, öz komandama, futbolçularımızın potensialına və oyuna necə hazırlaşacağımıza inanıram. “Borussiya Dortmund” Almaniyanın və ümumilikdə dünyanın ən böyük klublarından biridir. Onların özünəməxsus oyun fəlsəfəsi var. Komanda şəklində hərəkət edirlər, yaxşı məşqçi tərəfindən hazırlanırlar və meydanın bütün mövqelərində lider futbolçulara malikdirlər. Bizi son dərəcə çətin qarşılaşma gözləyir. Onlar topu çox yüksək sürətlə ötürürlər. Çempionlar Liqasındakı hər oyun bizə müəyyən dərslər verir. İnanıram ki, sabahkı matç da komandamızın imkanlarını daha yaxşı anlamağımıza kömək edəcək. Rəqibə qarşı necə mövqe tutmalı, zonaları necə bağlamalı, meydanda necə hərəkət etməli və topla necə oynamalı olduğumuzu görəcəyik. “Borussiya Dortmund” yüksək pressinq tətbiq edən, intensiv futbol oynayan komandadır. Statistik göstəricilərə əsasən, onlar ən çox sprint edən komandalardan biridir. Qarşımızda çoxsaylı çətinliklər olacaq. Ancaq biz Çempionlar Liqasındayıq və burada asan oyunlar gözləmirik. Sabahkı qarşılaşmanı səbirsizliklə gözləyirik.
– Xəyal Əliyev sabahkı oyunda ən azı 15 dəqiqə oynamağa hazırdırmı?
– İnanıram ki, hazırdır. Ancaq digər futbolçularımız da oynamağa hazırdır və heyətimizdə 20-dən çox oyunçu var. Bu axşamkı məşqdən sonra sabahkı oyun üçün siyahını müəyyənləşdirəcəyik. Xəyalın həmin siyahıda olub-olmayacağına da bundan sonra qərar verəcəyik.
– Sabah stadionun tam dolacağı gözlənilir. Azarkeş dəstəyinin komandaya təsiri və qələbə şanslarınız barədə nə düşünürsünüz?
– Əlbəttə, dolu tribunalar qarşısında oynamaq futbolçular üçün həmişə xoşdur. Azarkeşlərimiz nə qədər çox olsa, onları bir o qədər məmnuniyyətlə qarşılayarıq. Onlar öz enerjilərini bizə ötürə bilərlər. Ümid edirəm ki, bu dəstək həm oyunumuzda, həm də nəticədə özünü göstərəcək. Qələbə ehtimalları barədə danışmağı sevmirəm. Məni daha çox komandamın meydanda göstərəcəyi oyun maraqlandırır. İnanıram ki, yaxşı oynasaq, üzərimizə düşən tapşırıqları yerinə yetirsək, razılaşdırdığımız oyun planına əməl etsək və xüsusilə vacib məqamlarda detallara diqqət yetirsək, nəticə də özünü göstərəcək. Futbolçularıma çatdırmaq istədiyim əsas fikir budur: yaxşı oyun nümayiş etdirməli və bütün diqqətimizi qarşılaşmaya yönəltməliyik.
– “Borussiya Dortmund”a neçə qol vurmağı planlaşdırırsınız?
– Bacardığımız qədər çox qol vurmağa çalışacağıq. Ancaq bunun üçün “Borussiya Dortmund”dan da soruşmaq lazımdır ki, bizə neçə qol vurmağa imkan verəcəklər.
Bahar RÜSTƏM




No Comment! Be the first one.