Rəşad Sadıqov: Rəqabətə tab gətirmək istəyiriksə, hücum xəttimizi gücləndirməliyik
Misli Premyer Liqasında IX turunda “Zirə” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib.
Sportify.az matçdan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyunun əvvəlindən gözləyirdik ki, baxımlı qarşılaşma olacaq. İlk dəqiqələrdən hər iki komanda fəal oynamağa, rəqibə təzyiq göstərməyə və hücumlar qurmağa çalışırdı. Həmin dəqiqələrdə bizim oyunumuz daha yaxşı alınırdı. İki qol vurduq, bir neçə qol epizodunu dəyərləndirə bilmədik. Təxminən 30-35-ci dəqiqələrdən sonra komandada müəyyən eniş hiss olundu. Çünki oyunun əvvəlində çox güc sərf etmişdik. Rəqibə presinq tətbiq edirdik və bunun nəticəsini də görürdük. Təbii ki, həmin dəqiqələrdə enerjimiz bir qədər azaldı, amma rəqibə ciddi qol epizodları vermirdik. Yalnız hissənin sonlarında rəqib yaxşı qol vuraraq hesab arasındakı fərqi azaltdı. İkinci hissəyə də kifayət qədər passiv başladıq. Artıq neçənci oyundur ki, ikinci hissənin əvvəlində qol buraxırıq. Bu barədə həm komanda toplantılarında, həm də fasilədə danışırıq, amma hələ ki, problemi həll edə bilmirik. Hesab 2:2 olduqdan sonra komandamız çox yaxşı reaksiya verdi. Futbolçular böyük istəklə hücuma atıldılar və qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Daha bir qol vurduq, bir neçə qol epizodunu da qaçırdıq. Bu, bizim üçün olduqca vacib qələbədir. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərimizi, rəhbərliyimizi və komandamızı qələbə münasibətilə təbrik edirəm.
– Ötən tur səfərdə son dəqiqələrdə xal itirdiniz. Bu gün isə iki top fərqi ilə öndə olduğunuz halda hesabda geri düşmək təhlükəsi yarandı. Ümumiyyətlə, bu mövsüm çempionatda rahat qələbə qazanmaq daha çətindir? Demək olar ki, bir-iki komandanı çıxmaq şərtilə, heç bir rəqibə asan üç xal gözü ilə baxmaq mümkün deyil.
– Bir-iki komandanı çıxmaq şərtilə deyirsiniz, amma bilmirəm, hansı rəqibi ayırmaq olar ki, onunla rahat oynamaq mümkün olsun. Bu gün “Araz-Naxçıvan”ın oyununu izləmək imkanım oldu. Çox baxımlı və gözəl futbol oynayırdılar. Hələ qələbələri olmasa da, xüsusilə son turlarda yaxşı oyun nümayiş etdirirlər. Mövsümün əvvəlində də yaxşı çıxışları var idi, sonradan müəyyən eniş yaşadılar, indi isə yenidən son iki-üç turda yaxşı futbol oynayırlar. Buna baxmayaraq, qələbə qazana bilmirlər. Deməli, turnir cədvəlinin sonuncu pilləsində olan komanda belə, rəqibləri üçün ciddi təhlükə yarada bilir. Ümumiyyətlə, futbolumuz ildən-ilə inkişaf edir. Klublarımız inkişaf edir, təcrübə toplayırlar və rəqabət getdikcə daha da çətinləşir. Keçən il də vəziyyət belə idi, bu il də eyni mənzərəni görürük. “Sumqayıt”a gəlincə, komanda son iki oyunda möhtəşəm futbol oynayıb. Filipe Kandido gəldikdən sonra mobil və baxımlı oyun nümayiş etdirirlər. Hətta bu gün məğlub olsaydıq belə, nəticəyə görə təəssüflənməzdim. Çünki qarşımızda çox yaxşı komanda var idi. Həm seleksiya baxımından düzgün iş görüblər, həm də yaxşı məşqçiləri var. Təhlükəli komandadırlar və baxımlı futbol oynayırlar. Hər iki komandada hücum xəttində ciddi itkilər var idi. Bu da sonradan edilən dəyişikliklərə müəyyən qədər təsir göstərirdi. Həm onlar, həm də biz oyunun gedişində heyəti gücləndirməkdə çətinlik çəkirdik. Oyunöncəsi heyətlərə baxanda da bu məqam aydın görünürdü. Belə vəziyyətdə əsas məsələ oyunun sonunu kimin daha yaxşı keçirəcəyidir. Çox şükür Allaha ki, biz bunu daha yaxşı bacardıq, həlledici qolu vurduq və qalib gəldik.
– Qələbə münasibətilə təbrik edirəm. Oyunboyu emosiyalarınız bir az fərqli görünürdü. Bir azarkeş kimi deyə bilərəm ki, bu, qarşılaşmaya maraq qatır. Amma bu gün daha əsəbi idiniz. Hakimlərin qərarları sizi narazı salırdı. Bu gərginlik son oyunlardakı nəticələrlə bağlıdır, yoxsa meydandakı epizodlar daha çox təsir etdi?
– Açığı, birinci hissədə də gərgin idim. Hətta 2:0 hesabı ilə öndə olduğumuz vaxt da sakit deyildim. Çünki oyunun əvvəlində bəzi epizodlar baş verdi və həmin vəziyyətlərdən sonra emosiyalarımız artdı. İkinci hissədə isə hakimlərlə bağlı, demək olar ki, heç bir reaksiya vermədim. Fasilədə özümə söz vermişdim ki, ikinci hissədə sakit olacağam. Başa düşürdüm ki, bizi çox gərgin 45 dəqiqə gözləyir və emosiyalarımı cilovlamalıyam. Bəli, ilk hissədə bizi əsəbiləşdirən bəzi epizodlar oldu. Amma həmin vəziyyətlərdə nə dərəcədə haqlı olduğumuzu, yaxud hakimlərin qərarlarının düzgün olub-olmadığını yalnız video görüntülərə baxdıqdan sonra dəqiq demək mümkündür. Ümumilikdə, çempionatda baş verən hadisələri izləyirik. Bu cür epizodlar təkcə bizim oyunlarımızda deyil, digər qarşılaşmalarda da olur. Həmin qərarlar yadda qalır və oxşar vəziyyətlərdə fərqli qərarlarla qarşılaşanda istər-istəməz reaksiya verirsən. Düşünürəm ki, bizi olduqca gərgin çempionat gözləyir.
– Hələ çempionatın səkkizinci turudur. Rəhbərliklə qış fasiləsində transferlər etmək, ehtiyac yaranarsa, bir neçə futbolçu ilə heyəti gücləndirmək barədə danışmısınızmı? Bunun üçün müəyyən büdcə nəzərdə tutulubmu?
– Ümumiyyətlə, seleksiya işimizi hələ tamamlamamışıq. Bildiyiniz kimi, komandaya sağ cinah vingeri dəvət edə bilmədik. Hazırda həmin mövqedə fərqli futbolçuları sınayırıq. Ayxanı da, Papa Nşidrini də bu mövqedə oynatmışıq. Bu gün isə son 20-25 dəqiqədə gənc futbolçuya şans verdik. Amma rəqabət apardığımız komandaların heyətlərinə baxanda hücum xəttində hansı səviyyəli futbolçuların oynadığını görürük. Həmin komandaların heyətləri də kifayət qədər genişdir. Əgər biz bu rəqabətə tab gətirmək və daha yaxşı nəticələr qazanmaq istəyiriksə, hücum xəttimizi gücləndirməliyik. Bunun nə dərəcədə mümkün olacağını indidən deyə bilmərəm. Amma istəyərdim ki, qış fasiləsində mütləq hücum xəttimizi gücləndirək.



No Comment! Be the first one.