2028 və 2029-cu illərin avrokubok finallarının keçiriləcəyi şəhərlər müəyyənləşib
Bu gün Yunanıstanın Saloniki şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportify.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2028 və 2029-cu illərdə avrokubokların final oyunlarının keçiriləcəyi məkanlar müəyyənləşib.
2027/28 mövsümünün UEFA Çempionlar Liqasının finalı 27 may 2028-ci ildə Almaniyanın Münhen şəhərində keçiriləcək. “Arena Münhen” tarixində üçüncü dəfə turnirin finalına ev sahibliyi edəcək.
Münhen arenasında daha əvvəl 2012-ci ildə “Çelsi” və “Bavariya” finalda qarşılaşıb. Həmin oyunda London təmsilçisi penaltilər seriyasında qalib gəlib. 2025-ci ildə isə PSJ finalda “İnter”i 5:0 hesabı ilə məğlub edərək kuboka sahib olub.
2029-cu il Çempionlar Liqasının finalı isə iyunun 2-də İspaniyanın Barselona şəhərində yerləşən yenilənmiş “Kamp Nou” stadionunda baş tutacaq. Arena üçün bu, turnirin finalına üçüncü ev sahibliyi olacaq. Stadionda daha əvvəl 1989-cu ildə “Milan”, 1999-cu ildə isə “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olub.
UEFA Avropa Liqasının 2028-ci il finalı Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. 2029-cu ildə isə turnirin həlledici qarşılaşmasına Serbiyanın paytaxtı Belqrad ev sahibliyi edəcək.
UEFA Konfrans Liqasının 2028-ci il finalı İtaliyanın Turin şəhərində, 2029-cu il finalı isə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.



No Comment! Be the first one.