Ayxan Abbasovdan millinin heyəti, Nəriman Axundzadə və Toral Bayramovla bağlı AÇIQLAMALAR
“İlk dəfə bir toplanışda qısa müddət ərzində ardıcıl dörd oyun keçirəcəyik. Bu səbəbdən, heyəti geniş etdik, 30 futbolçu çağırdıq”.
Sportify.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov evdə Tacikistan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, rəqib 2026-cı ildə uduzmayıb, heç-heçə və qələbələrə nail olub.
O, heyətə legioner futbolçuların gec qoşulduqlarını açıqlayıb: “4-5 futbolçumuz bu gün ilk məşqini keçirəcək. Anton Krivotsyuk və Cəlal Hüseynov hələ məşq etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Planımızı 4 oyun üçün tutmuşuq. Amma ilk olaraq, sabahkı görüşdə həm yaxşı oynamaq, həm də qalib gəlmək istəyirik. Əlbəttə, rotasiyalı heyətlər olacaq. Çalışacağıq ki, yeni futbolçular da millini hiss etsinlər. Amma yoldaşlıq görüşündən sonra bizi 3 ağır oyun gözləyir. Sabahkı matçda hazırlığımızı Millətlər Liqasının 3 oyununa görə quracağıq. İnanıram ki, Tacikistana qarşı oynayacaq futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər. Evdə, azarkeşlərimizin dəstəyi ilə oynayırıq. Yoldaşlıq görüşündə qalib gəlmək istəyirik”.
Abbasovun sözlərinə görə, yoldaşlıq görüşləri keçirmək məcburidir: “Biz D Liqasındayıq. Sentyabrın 24-də Lixtenşteyn və Litva yığmaları üz-üzə gələcək. Boş rəqib tapmaq olmur. Məcburuq ki, Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə Tacikistan razılıq verdi. Əlbəttə, Lixtenşteynlə bir-birimizə yaxınıq. Litva isə bir qədər fərqli komandadır. Yay toplanışında da rəqibləri qrupumuza görə seçmişdik. Malta Litvaya, San Marino isə Lixtenşteynə oyun baxımından yaxındır. Düzdür, nə qədər müqayisə etsək də, eyni olmur. Belə komandalarla görüşlərdə oyun keyfiyyətimizi artırmaq bizə də lazımdır. Son iki oyunda çoxlu qol vəziyyəti yaratsaq da, təəssüf ki, istifadə edə bilmədik. Digər liqalarda olduğumuz vaxt özümüzdən üstün komandalarla qarşılaşmışdıq. Ona görə də hücumda bəlli səbəblərdən çox da vaxt keçirə bilmirdik. Amma milllimizə güvən lazımdır. Ona görə də belə komandaları seçirik”.
Baş məşqçi uzaq səfərləri digər rəqiblərin də edəcəyini söyləyib: “Səfərdə cəmi bir oyunumuzun olması üstünlükdür. Litva da ağır səfərdir, 5 saatdan çox uçuş olacaq. Biz oyunlarımızı bir aydır təhlil edirik. Burada əsas yük legionerlərimizin üzərinə düşəcək. Mahir Emrelinin komandası Konfrans Liqasında çıxış etdiyi üçün təxirə salınmış oyunları var idi. Bu oyunu da saysaq, bir ay ərzində 10-12 matç keçirmiş olacaq. Belədə futbolçunun zədələnmə ehtimalı da çoxalır. Nəinki legionerləri, elə “Sabah”la Çempionlar Liqasında da çıxış edəcək Rəhman Daşdəmirovu bura aid edə bilərik. Ona görə də rotasiyalar aparmağı düşünürük, çünki klublarında da önəmli futbolçudurlar. Ona görə də heyət genişdir, fərqli “11-lik”lər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə futbolçular olacaq ki, 4 oyunun hamısında çıxış edəcək. Çünki o mövqedə elə futbolçulara ehtiyacımız var, komandanın sütunlarıdırlar. Bax, belə dəyişikliklər olacaq”.
Abbasov Nəriman Axundzadənin Türkiyə “Ərzurumspor”unda şans qazana bilməməsinə təəssüfünü ifadə edib: “Ümumilikdə bütün futbolçular nəzarətdədir. Adları qeyd etməyək. Nərimana gəldikdə, onun Türkiyə Super Liqasına gəlişinə sevinmişdik. Çünki ABŞ-də daha az şans qazanırdı. Yay toplanışı zamanı özü də xoşbəxt olmadığını bildirmişdi. “Ərzurumspor”a gəldikdən sonra ilk oyunlarında şans qazandı, sonra isə qazanmadı. Səbəb də bəllidir. Nərimanın özü ilə də danışırıq, məşqlərdə maksimumunu ortaya qoyur. Həmişə bir sözüm var: Başqa ölkələrin çempionatlarında yanaşma tam başqadır. Gərək öz mövqeyindəki futbolçudan iki baş güclü olasan. Amma bizdə tam fərqlidir. Legionerlərimizlə söhbətlərdə bunu hiss edirəm. Həmişə də bu fikirdə idim və görürəm ki, belədir. Məncə, Nəriman oynamalıdır və öz üzərində işləyir. Son oyunlarda bir dəqiqə də meydanda olmadığından, belə qərara gəldik ki, U-21 yığmamızda həm oyun praktikası qazanmaq, həm də özünə gəlmək üçün yer alsın. Ona oyun lazımdır”.
Təcrübəli mütəxəssisin fikrincə, milliyə dəvət almayan adlara toxunulsa, hərənin öz namizədi olacaq: “Qapıçılardan Emil Balayev “Neftçi”də əsas heyət üzvüdür. Aydın Bayramov həm Konfrans Liqasında, həm də çempionat oyunlarında “Zirə”nin əsas heyətində çıxış edib. Rəvan Mirzəmmədov isə perspektivli gəncimizdir və “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Bu gün yenə öz sözümdə dururam: Şahrudin Məhəmmədəliyev milli üçün önəmli və ən yaxşı qapıçıdır. O, zədəli olduğu müddətdə digər futbolçuları milliyə qazandırmaq istəyirdik və qazandırdıq da. Halbuki onları çağıranda suallar olurdu ki, niyə çağırdınız. Amma bizə xeyirləri dəydi. Biz də düşünürdük ki, Məhəmmədəliyevə çempionatda şans veriləcək, amma təəssüf ki, verilmədi. İnanıram ki, Şahrudin də gələcək üçün milli karyerasını fikirləşəcək. Səlahət Ağayevə gəldikdə, çox yaxşı insandır, peşəkardır. Onu milliyə bir neçə ildən sonra qaytaran da biz olmuşuq. Onu uzun müddət yığmaya dəvət edən olmamışdı. Amma biz “Qəbələ”dən onu çağıranda klubu sonuncu yerdə gedirdi. Buna baxmayaraq, biz “FIFA Series”də Ağayevə şans verdik. Yenə də bizim siyahımızda idi. Amma razılaşaq ki, gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda rahatca deyirik ki, gənclərə şans tanımalıyıq. Biz bu yola da əl atmışıq. Edqar Adilxanov, Oruc Məmmədov, Rəvan Mirzəmmədovu qeyd edərdim. Yeni oyunçular tapmaq lazımdır. Ola bilər ki, onlar heç meydançada olmasınlar. Amma bu an millini hiss etməlidirlər. Məsələn, Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmaq lazımdır. Ötən seçmə tsikldə İslandiya ilə Bakıdakı oyunda mənə suallar oldu ki, yükü götürə bilmədi. Amma həmin qarşılaşmadan sonra “Şamaxı”da çalışdığım vaxt onda dəyişikliyi, özünəinamı görürdüm. Bu gün isə “Neftçi”də əsas futbolçularındandır. Bu gənclər də sabah əsas oyunçularımızdan ola bilərlər. Seçim qarşısında qalanda gənclərə də şans veririk”.
Abbasov “Bursaspor”da işləri qaydasında getməyən Toral Bayramov barədə də danışıb: “Bütün futbolçularla elə bir sistemdə çalışırıq ki, onlarla yalnız təlim-məşq toplanışında maraqlanmırıq. Son bir ayda bütün klublarla sıx əlaqədəyik. Əlbəttə, klublar bizə çox kömək edirlər. İlk növbədə, bütün klublara, o cümlədən, legionerlərimizin klublarına təşəkkür etmək istəyirəm. Toralda adaptasiya prosesi gedir. Hamımız futbolçularımızın ölkədən çıxmalarını, legioner həyatı yaşamalarını istəyirik. Bəli, düzgün klub seçməyə, düzgün qərar verməyə bilərlər. Belə də olur və normal haldır. Hər qərar düz olmur. Bayramovun bir çox başqa təklifləri də var idi. Amma Türkiyəni seçdi. Bilirik ki, orada yanaşma necədir. Azarkeş basqısı, medianın təsiri çox böyükdür. Məncə, Toral səbirli olsa, adaptasiyanı keçsə, orada oynaya bilər. Komandanı da izlədik. Son oyunda 37-ci dəqiqədə meydandan çıxardılar. İki dəfə baxmışam, niyə əvəzlədiklərini başa düşmədim. Bu adam səhvsiz oynayır, amma 37-ci dəqiqədə iki legioneri çıxararaq, yerlərinə türkiyəliləri salırlar. Bəlkə də öz yerlilərinə qarşı sevgi daha çoxdur, daha güclü olmalısan. Bəlkə də daha çox şey gözləyirlər. Amma Bayramov hazırdır, həvəsli gəlib. Sabah meydanda olma şansı çoxdur. Ona inanıram, bizim üçün dəyərli oyunçudur”.
Təcrübəli mütəxəssis son 2 mövsümdə legioner həyatı yaşayanların sayının əcnəbi futbolçu limitinin ləğvi ilə əlaqədar olması fikrinə birmənalı cavab verməyib: “Bu, bir qədər ümumi söhbətdir. Razı olmadığım məqamlar da var. Təkliflərdən asılıdır. Bu gün futbolçularımıza yaxşı təkliflər gələ bilər. “Qarabağ” Çempionlar Liqasında oynamasaydı, Toral və Nərimana bu qədər qiymətli təklif gəlməyəcəkdi. Yaxud legionerləri götürək: Şotlandiyanın “Seltik” klubu Kamilo Duranı transfer etdi. Məncə, yaxşı təkliflər olanda futbolçularımız dəyərləndirirlər. Əlbəttə, yaxşı müqaviləni qoyub getməyi seçmirlər. Üstün təklif gəlməlidir. Mən gənclərin daha çox xaricə çıxmalarının tərəfdarıyam. Çünki onlar vaxtında çıxsalar, adaptasiyanı daha tez keçə bilərlər. Sevindirici hal budur ki, ölkədən çıxmaq istəyən gənclərimiz var. Məsələn, Murad Məmmədovu qeyd edə bilərəm. Təəssüf ki, zədələndi, yoxsa o da bizim siyahımızda idi. Amma gördüyünüz ki, Kipr “Pafos”una tezliklə uyğunlaşdı. “Neftçi”də az şans qazanmaqdansa, legioner həyatı yaşamaq daha yaxşıdır”.
Baş məşqçi son olaraq, millidə daha çox sağ cinah müdafiəçisi problemi yaşadıqlarını etiraf edib: “Yaxşı sualdır və cavabını biz də axtarırıq. Çempionatımızda 21 yaşadək futbolçuların oynadılması tələbi olanda sağ cinahda çoxlu oyunçu çıxış edirdi. Hətta mərkəz müdafiəçisini də sağa qoyurdular. Sonradan sanki sağ cinah müdafiəçilərinin yetişdirilmə prosesi dayandı. Bu gün millidə ən rəqabətsiz mövqe sağ cinahdır. Düzdür, indi Tellur Mütəllimov var, Vüsal İsgəndərlini də istifadə edirik, Edqar Adilxanov və Toral Bayramov kimi alternativlərimiz də var. Amma sol cinahda Elvin Cəfərquliyev, Rüfət Abbasov, Toral Bayramov, Rəhman Daşdəmirov çıxış edə bilər. Yəni, sol cinah daha rəqabətlidir”.



No Comment! Be the first one.