Qapıçıdan hakimə ŞOK ETİRAZ: Penaltini qaytarmadı - VİDEO
Boliviyada keçirilən Simon Bolivar Kuboku matçında “Vilistermann Kooperativas” klubunun qapıçısı Qabriel Tesonotte haqsız təyin olunduğunu düşündüyü penalti zərbəsini qaytarmaqdan imtina edib.
Sportify.az xəbər verir ki, “Atletiko Koçabamba” ilə qarşılaşmada hakim Karlоs Arteaqanın “Vilistermann Kooperativas”ın qapısına penalti təyin etməsi qonaq komandanın ciddi etirazına səbəb olub.
Tesonotte zərbəni dəf etmək əvəzinə qapıda hərəkətsiz qalıb və top tora daxil olub.
Nəticədə “Vilistermann Kooperativas” 2:3 hesabı ilə məğlub olub. Daha sonra Boliviya Futbol Federasiyasının Arbitraj Komissiyası hakim Arteaqanı mövcud olmayan qayda pozuntusunu qeydə aldığı üçün qeyri-müəyyən müddətə cəzalandırıb.
Hadisədən sonra açıqlama verən Tesonotte qərarının komanda yoldaşları ilə birlikdə qəbul edildiyini bildirib: “Penalti təyin ediləndən sonra bunun ədalətsiz olduğunu düşündük. Hakimə etiraz etdiyim zaman mənə “Sadəcə, penalti təyin etdim” dedi. Mən isə bunun belə olmadığını söylədim. Biz növbəti mərhələyə və arzumuz üçün mübarizə aparırdıq. Referinin “Get, topu qaytar, şikayət etmə!” deməsi mənə çox kobud gəldi”.
Qapıçı bildirib ki, penalti zamanı bütün komanda etiraz əlaməti olaraq zərbənin qarşısını almamaq barədə razılığa gəlib: “Bu, yalnız mənim qərarım deyildi, hamımız birlikdə düşündük. Bu, etiraz forması idi. Biz Koçabambaya üç xal üçün getmişdik, amma bizə olmayan penalti verdilər”.
Tesonotte daha bir maraqlı məqamı açıqlayıb. Onun sözlərinə görə, penalti zamanı “Atletiko İndependyente de Koçabamba”nın hücumçusu Xunior Adiri ilə də danışıb və ədalətli oyun naminə zərbəni qapıdan kənara göndərməsi barədə razılaşıblar. Lakin Adiri topu tora göndərərək komandasına qələbə qazandırıb.
“Biz hücumçu ilə ədalətli oyun barədə danışdıq. Futbolda da öz qaydalarımız var və kişi kimi davrandıq. Onun qol vurması bizi təəccübləndirdi”, – deyə qapıçı bildirib.



No Comment! Be the first one.