“Sabah”ın rəqibi ilə bağlı QALMAQAL – 5 futbolçu millidən ayrıldı
“Sabah”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Slaviya Praqa” və Çexiya Futbol Federasiyası arasında milli komanda ilə bağlı qalmaqal yaranıb.
Sportify.az xəbər verir ki, Çexiyanın “iSport” nəşri milli komandanın yeni baş məşqçisi Santi Deniyanın ilkin heyətinə çağırılan “Slaviya”nın 5 futbolçusunun – Tomaş Xorı, David Yurasek, Lukaş Provod, Tomaş Vlçek və David Zimanın düşərgədən ayrılmasını araşdırıb.
Nəşr əvvəlcə bu vəziyyətin “Slaviya”nın milli komandaya münasibəti və klub siyasəti ilə əlaqəli ola biləcəyini yazıb. Məqalədə klub rəhbərliyinin daha əvvəl milli komandanın oyunlarına münasibətdə tənqidi fikirlər səsləndirdiyi, həmçinin Çexiya Futbol Federasiyasının klublarla kommunikasiya məsələsində problemlər yaşadığı bildirilib.
Lakin yazının dərcindən sonra “Slaviya”nın idarə heyətinin sədri Yaroslav Tvrdik açıq məktubla buna etiraz edib.
Tvrdik bildirib ki, futbolçuların millidən ayrılması klub siyasəti ilə bağlı deyil və bütün hallarda onların sağlamlıq vəziyyəti əsas səbəb olub. Onun sözlərinə görə, klub milli komandanın rəhbərliyini futbolçuların zədələri və səhhətindəki problemlərlə əvvəlcədən məlumatlandırıb.
Xüsusilə David Zimanın Çempionlar Liqasında Fransa “Lans”ı ilə ilk tur oyununda zədələndiyi və həmin qarşılaşmadan sonra “Slaviya”nın növbəti üç matçında meydana çıxmadığı qeyd olunub. Klub rəhbəri bu vəziyyətdə onun milliyə çağırılmasını başa düşmədiklərini bildirib.
Lukaş Provodun isə uzun müddətdir diz problemi yaşadığı, sentyabrın əvvəlindən əmək qabiliyyətini itirdiyi və müalicə üçün Almaniyaya getməsinin planlaşdırıldığı açıqlanıb. Buna baxmayaraq, futbolçu millinin düşərgəsinə yollanıb və daha sonra milli komandanın özü tərəfindən sərəncamdan azad edilib.
Tvrdik digər üç futbolçu – Tomaş Vlçek, David Yurasek və Tomaş Xorının da milli komandanın həkimləri tərəfindən müayinə olunduqdan sonra düşərgədən ayrıldığını vurğulayıb.
“Slaviya” rəhbəri həmçinin klubun milli komandaya mane olduğunu göstərən fikirləri rədd edib. Onun sözlərinə görə, son illərdə Çexiya millisində ən çox futbolçu ilə təmsil olunan komanda məhz “Slaviya”dır. Tvrdik xatırladıb ki, 2026-cı il dünya çempionatında millinin heyətində “Slaviya”nın 10 futbolçusu yer alıb.
“Slaviya”nın futbolçularının sağlamlıq problemləri “Sabah”la Çempionlar Liqası görüşlərindən əvvəl də gündəmdə olub.
Praqa klubunun Azərbaycan təmsilçisi ilə qarşılaşmalarına qədər heyətdə bir neçə futbolçunun zədə səbəbindən tam hazır olmadığı barədə məlumatlar yayılmışdı. Xüsusilə sonradan millidən də ayrılan David Zima və digər oyunçuların fiziki durumları klub üçün problem yaradıb.
Bu baxımdan “Slaviya”nın milli komandadan futbolçularının geri qayıtması ilə bağlı yaranan vəziyyət klubun sıx təqvimi fonunda da diqqət çəkir. Praqa təmsilçisi həm Çempionlar Liqasında, həm Çexiya çempionatında, həm də ölkə kubokunda mübarizə aparır.
Xatırladaq ki, “Sabah” və “Slaviya Praqa” Çempionlar Liqasının əsas mərhələsinin II turunda qarşılaşacaq. Azərbaycan təmsilçisi rəqibini oktyabrın 13-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.



No Comment! Be the first one.