Avropanın aparıcı liqalarından FİFA-ya qarşı birgə bəyanat
İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və İspaniya La Liqası FİFA-da idarəetmə islahatlarının aparılmasını tələb edən birgə bəyanat yaymağa hazırlaşır.
Sportify.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bəyanatda əsas məsələlər, o cümlədən beynəlxalq oyun təqvimi ilə bağlı daha geniş məsləhətləşmələrin aparılması və qərarların qəbulunda liqalar da daxil olmaqla maraqlı tərəflərin daha böyük rol oynaması tələb olunacaq.
Dörd liqanın FİFA prezidenti Canni İnfantinonun istefasını tələb edib-etməyəcəyi isə hələlik məlum deyil.
Avropanın aparıcı çempionatları beynəlxalq oyun təqviminin sıxlığından, klub və milli komandalar səviyyəsində oyunların sayının artmasından narazıdır. Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası 2024-cü ilin noyabrında FİFA-nın beynəlxalq oyun təqvimi siyasəti ilə bağlı Avropa Komissiyasına şikayət etmişdi.



No Comment! Be the first one.